Prezident İlham Əliyev: Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub. Sonra Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.
Azərbaycan Prezidentinin Şuşa şəhərinə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində qazanılan şanlı qələbəmizdən sonra səfərə gəlməsi böyük rəmzi məna daşıyır. Respublikamız 30 ildir ki, müstəqil dövlətdir. Müstəqillik tariximizdə ilk dəfədir ki, Azərbaycan Respublikasının Prezidenti Şuşa şəhərinə səfərə gəlib. Bu da onunla bağlıdır ki, hər bir azərbaycanlı üçün son dərəcə əziz olan Şuşa üç onillik ərzində işğal altında idi. Prezident İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdıqdan sonra hərbçilərlə görüşdəki çıxışında uzun illər ərzində əsl sahiblərinin yolunu gözləyən şəhərə qalib Ordunun Sərkərdəsi kimi gəldiyini bildirərək vurğulayıb: “Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!”
Şuşanın azad olunması Vətən müharibəsində qələbənin əldə olunmasında həlledici rol oynadı
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarını, bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirən Silahlı Qüvvələrimiz tariximizin şanlı bir səhifəsini yazdı. Bu zəfər tariximizdə əbədi qalacaq. Dövlətimizin başçısının Şuşada qatıldığı müxtəlif tədbirlərdə bildirdiyi kimi, 44 gün davam edən müharibə Ermənistan üçün işğalçılıq xarakteri daşıyırdı. Azərbaycan üçün isə bu müharibə ədalətli müharibə idi. Ölkəmizin düşmənin ərazisində hər hansı bir hərbi niyyəti yoxdur. Azərbaycan Ordusu bu müharibəni respublikamızın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin etmək uğrunda aparırdı. İşğalçı Ermənistan ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamızdakı hakimiyyət boşluğundan sui-istifadə edərək zor gücünə öz nəzarəti altına keçirdiyi torpaqlarımızı heç bir vəchlə geri qaytarmaq istəmirdi. Düşmən dövlətin üç onillik ərzində ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda iştirakı formal xarakter daşıyırdı. Azərbaycanın konstruktivlik göstərərək danışıqların substantiv nəticələr verməsinə çalışmasına rəğmən, Ermənistan işğal məhsulu olan status-kvonun sonsuzadək uzanmasında maraqlı idi. Üç onillik ərzində beynəlxalq birliyin təzyiqləri, sanksiyaları ilə üzləşməyən Ermənistan bundan daha da ruhlanaraq “yeni ərazilər uğrunda yeni müharibə” xülyasına düşmüşdü və düşmən ölkənin yüksək çinli rəsmiləri müxtəlif tribunalardan bunu açıq şəkildə dilə gətirirdilər. Ötən il Ermənistanın hərbi birləşmələrinin ölkəmizə qarşı üç dəfə təxribata əl atması da düşmən tərəfin bu kimi çirkin niyyətlərinin ifadəsi idi. Respublikamıza qarşı davamlı təxribatlar törədən, bir qarış torpağımızı da geri qaytarmayacağını bildirən, bununla da tarixi ədalətə və beynəlxalq hüquqa hörmətsizliyini açıq şəkildə ortaya qoyan düşmən cəzalandırılmalı idi və Azərbaycan 44 günlük Vətən müharibəsində bunu etdi. Ötən il sentyabrın 27-də düşmənin ön xəttə törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün əks-hücum əməliyyatlarına başlayan Silahlı Qüvvələrimiz müharibənin ilk günlərindən təşəbbüsü ələ aldı və döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirdi. Ordumuz qısa müddətdə 300-dək yaşayış məntəqəsini, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Suqovuşan, Hadrut qəsəbələrini, çoxlu sayda strateji yüksəklikləri bilavasitə döyüş meydanında işğaldan təmizlədi.
Müzəffər Ordumuz noyabrın 8-də daha bir uğura imza atdı. Bir neçə gün davam edən əməliyyat Şuşa şəhərinin işğaldan təmizlənməsi ilə nəticələndi. Alınmaz qala sayılan Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə əsgər və zabitlərimiz misli görünməmiş qəhrəmanlıqlar göstərdilər. Düşmənin hərbi birləşmələri Ordumuzun şəhərə hücumunu başqa istiqamətdən - əsas yoldan gözləyirdilər. Əsgər və zabitlərimiz isə Şuşaya dağlardan, qayalardan dırmaşaraq daxil oldular. Azərbaycan Ordusunun bu cür qəhrəmanlığını, peşəkarlığını Ermənistanın generalları heç təsəvvürlərinə belə gətirmirdilər. Ancaq mərd oğullarımız çox çətin relyef şəraitində onları gözləyən təhlükələrə baxmayaraq, Şuşaya daxil olmaqla bu şəhərə xalqımızın necə böyük sevgi bəslədiyini bütün dünyaya nümayiş etdirdilər. Şəhərin geri qaytarılması uğrunda döyüşlərdə Ordumuz ağır texnikadan, demək olar ki, istifadə etmədi. Yalnız yüngül silahlarla silahlanmış igid əsgər və zabitlərimiz Şuşanın hər küçəsini, hər dalanını əlbəyaxa döyüşlərdə geri qaytarmağı bacardılar. Bu, Silahlı Qüvvələrimizin misilsiz şücaəti idi. Nəhayət, noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir azərbaycanlı üçün müqəddəs sayılan bir məkandan - Şəhidlər xiyabanından Şuşanın işğaldan azad edilməsi ilə bağlı xoş müjdəni xalqımıza çatdırdı. Şuşanın geri qaytarılması Vətən müharibəsində qələbənin əldə olunmasında həlledici rol oynadı. Prezident İlham Əliyevin bildirdiyi kimi, Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Ertəsi günü Ordumuz daha 70 yaşayış məntəqəsini və bir sıra strateji yüksəklikləri geri qaytardı. Bundan sonra düşmən müharibəni davam etdirmək iqtidarında olmadığını etiraf edərək noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Bəhs olunan sənədə əsasən, üzərinə bir sıra öhdəliklər götürmək məcburiyyətində qalan işğalçı Ermənistan ötən il dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonlarını Azərbaycana döyüşsüz təslim etdi. Şuşanın işğaldan azad edilməsini dəyərləndirən Prezident İlham Əliyev “Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır”, - deyə vurğulayıb.
Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir
44 günlük Vətən müharibəsində şanlı qələbəmizin rəmzi kimi “dəmir yumruq” müəyyənləşdirilib ki, bu da təsadüfi deyildir. Bu yumruq həm gücdür, həm birlikdir. Son 17 ildə respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət ölkəmizdə vətəndaş məmnunluğunu, cəmiyyətin bütün təbəqələrinin həmrəyliyini təmin edib. Müxtəlif nəsillərin nümayəndələrinin, eləcə də əksər siyasi partiyaların təmsilçilərinin bütün ümummilli məsələlərdə yüksək həmrəylik göstərmələri Azərbaycanın milli gücünü artıran əsas amillərdən biri qismində çıxış edir. Azərbaycan cəmiyyəti bir nömrəli ümummilli məsələmiz olan Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə də birlik ortaya qoyub, necə deyərlər, həmişə çəkici eyni zindana vurub. Bunu biz Vətən müharibəsində bir daha gördük. Həmişə olduğu kimi, müharibənin davam etdiyi günlərdə də gənc və yaşlı nəsilin təmsilçiləri, təcrübəli insanlar, bütün xalqımız, ölkəmizdə yaşayan əksər etnik qrupların, ayrı-ayrı dinlərin nümayəndələri bir yumruqtək birləşmişdilər. Vətən müharibəsinin uğurlu nəticələri bir daha təsdiqlədi ki, məhz birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Respublikamızın timsalında bunu hər kəs gördü. Qeyd olunan keyfiyyətləri Azərbaycanın Lideri İlham Əliyev Özündə yüksək səviyyədə birləşdirir. Son 17 ildə biz dəfələrlə şahidi olmuşuq ki, Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev ən məsuliyyətli məqamlarda, bir qayda olaraq, doğru qərarlar qəbul edir. Dövlətimizin başçısı həmişə xalqımızı əmin edərək deyirdi ki, O, nəyi necə etməyi hamıdan yaxşı bilir. Təsadüfi deyildir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il sentyabrın 27-də düşmənin növbəti təxribatına cavab olaraq Silahlı Qüvvələrimizin genişmiqyaslı əks-hücum əməliyyatlarına başlaması ilə bağlı göstərişi ölkəmiz üçün əlverişli məqamda verdi. Qeyd olunan tarixədək Prezident İlham Əliyev gərgin səylər sayəsində müharibədə qələbəmizi şərtləndirəcək beynəlxalq dəstəyi təmin etmişdi, eyni zamanda, Ordumuzun döyüş hazırlığının gücləndirilməsi üçün bütün zəruri tədbirlər görülmüşdü. Bütün bunlar Azərbaycanın Vətən müharibəsində düşmən üzərində böyük üstünlüyünü təmin etdi.
Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın rəmzlərindən sayılan Cıdır düzündə olarkən Vətən müharibəsində qələbəmizi şərtləndirən digər bir mühüm amilə də diqqət çəkib. Dövlət başçımız qeyd edib ki, müharibənin əsas yükü gənclərin üzərinə düşüb. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.
Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridirlər. Respublikamızda Ulu Öndər Heydər Əliyev uğurlu gənclər siyasətinin əsasını qoyub. Eyni zamanda, bu siyasət son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıllıqla davam etdirilib. Ölkəmizdə gənclərə qayğı, onların mükəmməl təhsil almalarına, idmanla məşğul olmalarına, asudə vaxtlarını düzgün təşkil etmələrinə diqqət ən yüksək səviyyədədir. Məhz belə uğurlu gənclər siyasətinin nəticəsidir ki, Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib.
Mübariz ABDULLAYEV
- Oxunub: 2640 |
- Tarix: 26-01-2021 |
-
Çap et |