“Şuşa bir sıra görkəmli müğənnilərin, musiqiçilərin, böyük bəstəkarların, dirijorların, şairlərin, pedaqoqların, alimlərin doğulub boya-başa çatdıqları və Azərbaycanın şöhrətini artıran görkəmli şəxsiyyətlər kimi formalaşdıqları bir şəhərdir. Şuşanı çox doğru olaraq bu diyarda yetişmiş bəstəkarların, müğənnilərin, aşıqların sayına görə “Azərbaycanın konservatoriyası” adlandırırlar. Dövlətimizin başçısı bu şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın mədəni irsimizin zənginləşməsində tarixi rolunu bir daha yüksək dəyərləndirdi”. Bu fikirləri qəzetimizə açıqlamasında Xalq artisti Mübariz Tağıyev deyib.
Onun sözlərinə görə, Şuşada Vaqif poeziya günlərinin və “Xarı bülbül” festivalının bərpa olunması həm siyasi, həm də mənəvi baxımdan olduqca mühüm əhəmiyyət daşıyır: “Vaxtilə Qarabağın tacı sayılan Şuşada hər il “Xarı bülbül” festivalı keçirilərdi. Bu festivalın sorağına dünyanın bir çox ölkələrindən insanlar gələrdilər. Zamanında bu festival əhəmiyyətinə, səviyyəsinə, rəngarəngliyinə görə nəinki Azərbaycanda, bütün keçmiş sovet məkanında, hətta dünya miqyasında belə ən sanballı mədəniyyət tədbirlərindən biri sayılırdı. Ümidvaram ki, “Xarı bülbül” festivalı bu dəfə daha yüksək səviyyədə keçiriləcək. Vətən müharibəsində şanlı qələbədən sonra “Xarı bülbül” festivalının keçirilməsi ilə bağlı qərar lap ürəyimizdən xəbər verdi. Vaxtilə Mahnı Teatrı ilə birlikdə Qarabağ bölgəsində qastrol səfərlərində olmuşam. Şuşanın ayrı bir ab-havası var. Elə bir şuşalı yoxdur ki, onun musiqi duyumu olmasın, musiqini sevməsin”, - deyə M.Tağıyev bildirib.
Xalq artisti deyib: “Şuşamızda keçirilməsi planlaşdırılan mədəni tədbirlər artıq xəyal deyil. Xalqımızın ülvi arzularını reallaşdıran Müzəffər Ali Baş Komandana və rəşadətli Azərbaycan Ordusuna qəlbimin dərinliyindən gələn minnətdarlıq hisslərimi ifadə edirəm. Biz güclü Vətənimizlə qürur duyuruq!”.
Müşfiqə BAYRAMLI
- Oxunub: 2760 |
- Tarix: 26-01-2021 |
-
Çap et |