Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanatla Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdı. Artıq Vətən müharibəsi nəticəsində böyük qələbənin sevincini yaşayan Azərbaycan cəmiyyətində hazırda əsas müzakirə mövzularından biri işğaldan azad olunmuş ərazilərimizin bərpası, eləcə də soydaşlarımızın öz doğma yurd yerlərinə qaytarılması ilə bağlıdır. Qeyd olunan istiqamətlərdə dövlətimiz tərəfindən lazımi tədbirlər həyata keçirilməkdədir.
Yeri gəlmişkən, Ermənistan rəhbərliyi düşmən dövlətin ordusunun, demək olar ki, tamam dağıdıldığını və kapitulyasiya aktını imzalamaqdan başqa çıxış yolu qalmadığını açıq şəkildə dilə gətirir.
Beləliklə, 10 noyabr 2020-ci il tarixli razılaşmanı Azərbaycan xalqı böyük coşqu, Ermənistan cəmiyyəti isə kədər hissi ilə qeyd etdi. Təsadüfi deyil ki, ermənilər bu məğlubiyyəti həzm edə bilmir, hələ də bəhs olunan Bəyanatı imzalayan Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyaları keçirirlər.
Amma təəccüb doğuran məqamlardan biri odur ki, ölkəmizdəki bəzi marginal qruplar, o cümlədən də qondarma “Milli şura”da “lövbər salan” radikallar Vətən müharibəsində qazanılan böyük qələbəmizə kölgə salmağa cəhd edirlər. Təzada baxın: ermənilərin özləri 10 noyabr razılaşmasını Ermənistan üçün utanverici kapitulyasiya hesab etdikləri halda, Azərbaycandakı radikal ünsürlər bunun əksini iddia edirlər. Bir neçə gün öncə Qənimət Zahidin 10 noyabr 2020-ci il tarixli razılaşmanın guya ermənilərin kapitulyasiyası olmaması haqda sosial şəbəkələrdə yazdığı “məqalə”, AXCP sədri Əli Kərimlinin isə həmin yazını özünün “facebook” səhifəsində paylaşması da deyilənlərə sübutdur.
Yaxşı deyiblər ki, taylı tayını tapar. Belə ki, Ə.Kərimli Q.Zahidə son müsahibəsində isə regionda kommunikasiyaların bərpasından danışıb. Onların hər ikisi yenə də “ənənə”lərinə sadiq qalaraq Ermənistanı Azərbaycandan üstün tutmağa çalışıblar. Amma bütün bu canfaşanlıq əbəs yerədir. Reallıq isə başqadır...
Gəlin, faktlara diqqət yetirək. Məlumdur ki, kommunikasiyaların açılması məsələsi ötən il noyabrın 10-da imzalanmış birgə Bəyanatda öz əksini tapıb. Bu il yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşün nəticəsi olaraq imzalanan sənəddə isə 10 noyabr Bəyanatının 9-cu bəndinin reallaşdırılması, konkret olaraq regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpası ilə əlaqədar məsələlər öz əksini tapıb. Ümumiyyətlə, nəzərdə tutulan layihələrin həyata keçirilməsi regionda yeni vəziyyət yaradacaq və ən əsası, Azərbaycanın bölgədə, bütövlükdə beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq. Önəmli məqamlardan biri də budur ki, “Mehri dəhlizi”nin açılması ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı yaranacaq, eyni zamanda, qardaş Türkiyə ilə birbaşa nəqliyyat əlaqələri bərpa olunacaq. Bununla da, həm Türk dünyası ilə bağlantı güclənəcək, həm də Türkiyə vasitəsilə Azərbaycanın Avropa ölkələrinə çıxışı təmin olunacaq.
Amma qondarma “Milli şura”da özünü hakimi-mütləq sanan AXCP sədri Ə.Kərimli müsahibəsində iddia edir ki, guya kommunikasiyaların bərpası Azərbaycandan çox Ermənistan üçün xeyirlidir. O, müsahibəsində hər sətirbaşı Azərbaycanı arxa, Ermənistanı isə ön planda təqdim edir. Əlbəttə ki, bütün bu iddialar yalandır...
İlk növbədə, onu qeyd edək ki, ötən illər ərzində Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Ermənistan regionda reallaşdırılan bütün transmilli layihələrdən kənarda qalmışdı. Azərbaycanın şərti bundan ibarət idi ki, işğalçılıq siyasətinə son qoyulmadan Ermənistanla hər hansı bir əlaqədən söhbət gedə bilməz. Ötən illərin təcrübəsinə istinadən deyə bilərik ki, perspektivdə regionda yeni əməkdaşlıq formatlarının yaradılmasında, o cümlədən də bəhs olunan razılaşmalara əsasən kommunikasiyaların bərpasında Azərbaycan yenə də əsas söz sahiblərindən biri kimi çıxış edəcək.
Bu gün Ermənistan ağır iqtisadi böhran məngənəsində sıxılır, əhalinin sosial durumu acınacaqlıdır. Kommunikasiyaların bərpası isə, həqiqətən də, Ermənistanı düşdüyü sosial-iqtisadi böhrandan xilas edə bilər. Amma proseslər heç də Ə.Kərimlinin iddia etdiyi kimi getməyəcək. Bu məsələdə, qeyd etdiyimiz kimi, yenə də Azərbaycan söz sahibi olacaq və Ermənistan razılaşmaları pozmağa cəhd göstərərsə, ölkəmiz tərəfindən yenə də təcrid ediləcək.
Yəni burada AXCP sədrinin iddia etdiyi “kommunikasiyaların bərpasından Ermənistan qazanır, Azərbaycan uduzur” fikri tamamilə əsassızdır. Həm bölgədəki mühüm transmilli layihələrin müəllifi olaraq, həm də beynəlxalq miqyasda nüfuzlu və güclü dövlət kimi tanınan Azərbaycan yenə də diktə edən tərəf olacaq. Təsadüfi deyil ki, yerli və beynəlxalq ekspertlər də qeyd edirlər ki, Ermənistanın inkişafı Azərbaycan və Türkiyədən asılıdır.
Beləliklə, Əli Kərimli ictimai rəyi yanıltmaq üçün absurd iddialar ortaya atmaqla guya “narahatlıq” keçirdiyini ifadə etməyə, özündən “xalqın, dövlətin taleyi üçün narahat siyasətçi” obrazı yaratmağa çalışsa da, Azərbaycan xalqı onun səmimi olmadığını, kimlərə xidmət etdiyini, hansı məqsədlər güddüyünü çox yaxşı bilir.
- Oxunub: 2640 |
- Tarix: 26-01-2021 |
-
Çap et |