Azərbaycanın istər döyüş meydanında, istərsə də siyasi arenada qazandığı böyük uğurlar yalnız Ermənistanın, ermənipərəst dairələrin deyil, “müxalifət” anlayışının arxasına sığınan antimilli şuranın və onların xaricdəki uzantılarının da məyusluğuna səbəb olub. 44 gün davam edən Vətən müharibəsi zamanı antimilli ünsürlərin hansı əqidəyə sahib olduqları Azərbaycan xalqının gözü qarşısında bir daha öz təsdiqini tapdı.
Azərbaycanın qələbəsinə kölgə salmaq istəyən radikallar qarayaxma kampaniyası aparırlar
Hazırda isə onlar Azərbaycanın qələbəsinə kölgə salmaq istəyirlər. Belə ki, onlar bu gün düşmənlə eyni mövqedən çıxış edərək Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, onların xaricdəki uzantıları olan Sevinc Osmanqızı və Qənimət Zahid kimilər hər fürsətdə Azərbaycan xalqına qarşı düşmən mövqelərini açıq şəkildə nümayiş etdirirlər.
Xaricdə fəaliyyət göstərən və “mühacir” sözünün arxasında gizlənənlər isə öz sosial media səhifələrində davamlı olaraq Azərbaycanın milli maraqlarına zidd çağırışlar edirlər. İstər Osmanqızı TV-də, istərsə də “Azərbaycan saatı”nda, demək olar ki, hər gün ermənilərin tezisləri təkrarlanır.
Azərbaycan xalqı antimilli ünsürlərin xəyanətkar əməllərini unutmur
Əlbəttə, müxalifətin bu anti-Azərbaycan siyasəti artıq heç kimdə təəccüb yaratmır. Şübhəsiz ki, radikalları narahat edən amil ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etməsi, Azərbaycanda xalq-iqtidar birliyinin və sabitliyin mövcud olmasıdır. Ona görə də antimilli ünsürlər bu gün erməni lobbisi ilə sinxron hərəkət edərək, xüsusilə də informasiya müstəvisində təxribatlar törətməyə çalışır, ölkədəki sabitliyin pozulmasının tərəfdarı kimi çıxış edirlər. Amma xalq 90-cı illərdə AXC-”Müsavat” hakimiyyətinin Azərbaycanı uçurumun kənarına gətirdiyi günləri, bu ünsürlərin xəyanətinə görə torpaqlarımızın 20 faizinin düşmən işğalına məruz qaldığını unutmur. Ona görə də bu antimilli ünsürlərin milli maraqlara yönəlmiş bütün hərəkətləri, sadəcə olaraq, iflasa məhkumdur.
Əfəndi İbrahimli
Yeni Azərbaycan Partiyası Səbail
rayon təşkilatının baş məsləhətçisi
- Oxunub: 2580 |
- Tarix: 26-01-2021 |
-
Çap et |