“Hazırda Azərbaycan şanlı tarixi günlərini yaşayır. Ali Baş Komandanımızın dediyi kimi, biz xoşbəxt xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Şanlı zəfərdən sonra 2021-ci il Qarabağa möhtəşəm qayıdışımızın başlanğıcı olacaq. Böyük qayıdış Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti və şəhidlərimizin canı, qanı bahasına əldə edilən zəfərin məntiqi nəticəsidir”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının aparat rəhbəri Zamir Hüseynov deyib.
Z.Hüseynovun sözlərinə görə, dövlət başçısı İlham Əliyev tərəfindən Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, artıq Qarabağın incisinin bərpa edilməsinə başlanması böyük əhəmiyyətə malikdir: “Şuşa şəhərinin tarixi simasının özünə qaytarılması, burada “Xarı bülbül” festivalının və Vaqif poeziya günlərinin yenidən keçirilməsi ölkəmizin mədəni dəyərlərinin təbliği məqsədini daşıyacaq. Çünki uzun illərdən sonra Şuşada böyük tədbirlərin, festivalların baş tutması dünyanın diqqətini cəlb edəcək. Eyni zamanda, azad olunan digər ərazilərdə şəhərlərin, tarixi abidələrin, məscidlərimizin bərpası və yenidən qurulması istiqamətində atılan addımlar bir daha onu göstərir ki, dövlətimiz tarixi keçmişinə, milli mədəniyyətinə, mənəvi və dini dəyərlərinə sahib çıxır”.
- Oxunub: 5010 |
- Tarix: 26-01-2021 |
-
Çap et |