“Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması nəinki hər iki ölkə üçün, eyni zamanda, bölgə üçün və bütün Türk dünyası üçün olduqca mühüm tarixi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu sənəd tarixi əhəmiyyət daşıyır, çünki Azərbaycan ilə Türkmənistan ilk dəfədir Xəzərdəki yatağın birgə istismarına başlayır”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.
Əlisahib Hüseynov bildirib ki, ilk növbədə, bu anlaşmanın hər iki ölkə üçün iqtisadi əhəmiyyəti böyükdür. Bu anlaşma Azərbaycanla Türkmənistan arasında strateji əməkdaşlığın inkişafına təkan verəcək. Amma, eyni zamanda, bu sənədin mənəvi və siyasi əhəmiyyəti də böyükdür.
Partiya sədrinin sözlərinə görə, memorandum Xəzəryanı ölkələrlə Azərbaycanın neft və qaz sektorundakı əməkdaşlıq imkanlarını genişləndirməklə yanaşı, həm də Türk Şurası çərçivəsində əlaqələrin güclənməsi, türk birliyinin dərinləşməsi baxımından körpü rolunu oynayacaq: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu anlaşma ölkələrimizi, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq. “Dostluq” yatağındakı enerji resurslarının birgə işlənməsi, hasil edilməsi və dünya bazarına çıxarılması bir yandan hər iki ölkənin gəlirlərini böyük ölçüdə artıracaq, digər yandan isə bu yeni bir əməkdaşlıq platformasına çevriləcək. Böyük siyasi birliklər üçün, ilk növbədə, möhkəm iqtisadi zəminin mövcud olması vacibdir. Azərbaycan-Türkmənistan münasibətlərinin dərinləşməsi bu baxımdan bütün Türk dünyasının taleyində yeni mərhələnin başlanğıcını qoyur. Xeyirli-uğurlu olsun!”.
N.BAYRAMLI
- Oxunub: 2400 |
- Tarix: 26-01-2021 |
-
Çap et |