Atopik dermatit düzgün diaqnoz və müalicə olmasa, astmaya keçə bilərmi?
İnsan orqanizmində dəri örtüyü bir çox funksiyaları yerinə yetirir. Bununla yanaşı, bəzi xəstəliklər zamanı öz reaksiyasını qaşınma hissiyyatı ilə büruzə verir. Bəzi hallarda daxili xəstəliklərlə əlaqədar olaraq bədənin hansısa hissəsində qaşınma hissi yaranır. O, xəstələrdə həmişə narahatlıq hissi yaradır.
Həkim-pediatr Günay Rəsulova bildirib ki, atopik dermatit xronik qaşıntılı iltihabi dəri xəstəliyi olub kəskinləşmələri olan əvvəlcədən proqnozlaşdırılması çətin olan bir xəstəlikdir: "Atopik dermatit əsas körpələrdə ilk 2 ay ilə 1 yaş arasında görülən, xroniki təkrarlayan xəstəlikdir. Bu xəstəliyin əlamətləri qaşıntı, qızarıqlıq, təkrarlayan səpgilər, yəni ya uzun müddət keçmək bilmir, ya da sıx sıx təkrarlayır. Xəstəliyin tipik görülmə yerləri vardır. Belə ki, körpələrdə və yeni doğulanlarda (0-2yaş) üzdə, baş dərisində, qol, ayağın xarici səthində, dizdə, dirsəkdə, qulaq arxasında görülür. Bez bölgəsində adətən olmur. Böyük uşaqlarda və böyüklərdə isə (2 yaş yuxarı) səpgilər qol, ayağın daxili, bükülmə yerlərində, dirsək önü, diz arxası, boyun, əl, ayaq biləyi bölgəsində çox görülür. Qaşıntıya bağlı dəridə qalınlaşma, kobudlaşma, dəri cizgilərinin qabarması olur. Ailədə atopiya, allergiya hekayəsinin olması (Astma, allergik rinit, dermatit və. s) bu əlamətlər həmçinin əsas diaqnoz kriteriyalarıdır".
Pediatr bildirib ki, xəstəlik bir çox səbəblərdən yarana bilər:
"Allergik qidalar, (1 yaş tez inək südü, bal, şirniyyat, sitrus istifadəsi , abur cuburlar, konservlər, nitritli qidalar, kolbasa, sosiska və s.) inhaler allergenler, bitki tozları, ev tozları, çirkli ekoloji mühit, ciddi bakterial infeksiyalar,
Yun, akrilik, sabun, yuyucu tozlar kimi irritasiya edici maddələrlə təmas,
normadan artıq tərləmə, eləcə də psixoloji təsirlər atopik dermatiti artıran səbəblərdən hesab olunur".
Mütəxəssis vurğulayıb ki, atopik dermatitin diaqnozu üçün allergiya testi önəmlidir: "Qaşıntılı, qırmızı səpgi ilə və ya səpgisiz keçən dəri xəstəlikləri ilə Atopik dermatiti bəzən səhv salırlar. Müalicənin müvəffəqiyyətli olması üçün bu xəstəliklərin düzgün differensial diaqnostikası çox vacibdir.
Qan analizində yüksəlmiş total İgE səviyyəsi, pozitiv dəri testi, erkən yaşda görülməsi, təkrarlayan xroniki konyuktivit ( gözdə qızarma, qaşınma) ekzema və s. 3 major, ən az 3 minor kriter əsasında diaqnoz qoyulur. İlk 3 major, əsas əlamətlər diaqnoz üçün vacibdir. Bu xəstəlik daha çox, qoturluq, həşərat dişləməsi, psoriaz, ixtioz, seboreik dermatit, kontakt dermatit ilə səhv salınır. Bəzən immun yetməzlikdə görülən keçmək bilməyən ekzemaları da atopik dermatitlə fərqləndirmək vacibdir. Düzgün diaqnoz, düzgün müalicə üçün əhəmiyyətlidir. Dəriyə qayğı ilə baxılması və bunun dərman vasitələri ilə birləşdirilməsi bu vəziyyətdən qurtulmağa kömək edir. Bunun üçün nəmləndirici krem və vannalar vacibdir. Yerli steroid (hormonal) kremlərin uzun müddət istifadəsi ümumi yan təsirlərə səbəb olmaz".
"Atopik dermatit düzgün diaqnoz və müalicə olmasa, allergik rinit və astmaya keçə bilər ki, buna atopik marş, atopik yürüyüş deyilir. Qaşıntı olduğu üçün dəridə ikincili bakterial infeksiya qoşulması (stafilodermiya, streptodermiya, impetigo), göbələk qoşulması, dəridə soyulma, atopik keratokonyuktivit( gözdə), blefarit, göz qapaqlarında qaşınmaya bağlı keratokonus, göz ətrafındakı dəriyə istifadə edilən steroidlərin yan təsiri kataraktaya səbəb ola bilər. Bu və ya digər ağırlaşmaların olmaması üçün bu xəstəliyin vaxtinda diaqnostikası və düzgün müalicəsi önəmlidir",- deyə pediatr söyləyib.