Ana səhifə »  Xəbər lenti »  Baş Prokurorluqda 2020-ci ildə görülmüş işlərə həsr olunmuş geniş kollegiya iclası keçirilib
A+   Yenilə  A-
Baş Prokurorluqda 2020-ci ildə görülmüş işlərə həsr olunmuş geniş kollegiya iclası keçirilib

Azərbaycan Respublikası Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində geniş kollegiya iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda prokurorluq orqanları tərəfindən 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.

İclas iştirakçıları əvvəlcə Baş Prokurorluğun binasının foyesində ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizdə məhkəmə-hüquq islahatlarının banisi Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub.

Kollegiya iclasında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, qazilərimizə şəfa dilənib.

İclasda çıxış edən Baş prokuror Kamran Əliyev diqqətə çatdırıb ki, xilaskarlıqdan qalibiyyətə yüksələn zəfər salnaməsinin memarı, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik siyasi kursun Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində uzun illərdən sonra ölkəmiz ərazi bütövlüyünü bərpa edərək inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Qırx dörd günlük haqq savaşında qazanılan möhtəşəm Qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, ordumuzun qüdrətini və xalqımızın milli birliyini bir daha bütün dünyaya nümayiş etdirib.

Qeyd olunub ki, dövlətimizin başçısının aparıcı ölkələrin televiziya kanallarına verdiyi müsahibələri Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın təcavüzkarlıq siyasətinin, hərbi təxribatlarının ifşası və beynəlxalq müstəvidə məsələyə münasibətin araşdırılması, tarixi, hüquqi-siyasi aspektlərinin təhlili baxımından xüsusi əhəmiyyət kəsb etməklə informasiya cəbhəsində də qələbəmizi şərtləndirib.

Döyüş meydanında qazanılmış Qələbənin diplomatik müstəvidə davam etdirilməsi ilə tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılan Zəfərin təntənəsi olaraq dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya və azad olunmuş digər rayonlara səfərləri, orada Azərbaycanın üçrəngli bayrağının ucaldılması, Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda beynəlxalq hava limanının təməlinin qoyulması, həmin bölgələrdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, quruculuq-bərpa və abadlıq işlərinin aparılması məqsədilə Qarabağ Dirçəliş Fondunun yaradılması doğma torpaqlarımıza “Böyük Qayıdış”ın rəmzi ifadəsi hesab edilib.

Xüsusi vurğulanıb ki, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlərimizin ailələri, müharibə əlilləri və onların ailə üzvləri ali dövlət qayğısı ilə əhatə olunmaqla maddi-sosial problemlərinin aradan qaldırılması istiqamətində yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması müstəsna əhəmiyyətə malik olub.

Bildirilib ki, 2020-ci ildə yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı çətinliklərə və iqtisadi məhdudiyyətlərə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlətçilik siyasəti və səriştəli idarəetmə qabiliyyəti nəticəsində ölkə həyatının bütün sahələrində inkişaf tempi qorunub saxlanılıb, iqtisadi təhlükəsizliyin və əhalinin maddi rifah halının yüksəldilməsi istiqamətində əməli addımlar atılmış, regionda sabitliyə və dünyanın enerji təhlükəsizliyinə töhfə verəcək Cənub Qaz Dəhlizi ilə Azərbaycan qazının Avropa ölkələrinə tədarükü ölkəmizin geostrateji mövqeyini daha da gücləndirib.

Həyata keçirilən islahatların mötəbər beynəlxalq təşkilatların hesabatlarında müsbət qiymətləndirildiyi, o cümlədən Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqinin artaraq 190 ölkə arasında 28-ci yerdə qərarlaşması və 10 ən islahatçı ölkə sırasına daxil edilməsi qazanılmış uğurların bariz göstəricisi olduğu vurğulanıb.

Bildirilib ki, çoxsaylı dövlətlərin böhran təhlükəsi ilə qarşılaşdığı bir zamanda dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı nəticəsində həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə pandemiyanın fəsadları minimuma endirilməklə sosial cəhətdən həssas əhaliyə davamlı dəstək və iqtisadi dayanıqlılığı təmin olunub, həmçinin mövcud şəraitdə idarəetmənin və kommunikasiyanın düzgün qurulması, virusun geniş yayılmasının qarşısının alınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən zəruri tədbirlər görülüb.

Dövlətimizin başçısının rəhbərliyi ilə görülən işlər, milli mənafeyimizin ən yüksək səviyyədə qorunmaqla dönməz sabitliyə və təhlükəsizliyə, davamlı inkişafa, etibarlı sosial rifaha, tərəqqiyə və firavan gələcəyə yönəlmiş fəaliyyəti xalqımız tərəfindən daim dəstəklənib.

Uğurla yola saldığımız ilin mühüm əhəmiyyətə malik olan ictimai-siyasi tədbirinin-fevral ayında azad, ədalətli və şəffaf parlament seçkilərinin keçirilməsini diqqətə çatdıran Baş prokuror xalqımızın özünü təsdiq etmiş iqtisadi və sosial kursun davam etməsinə ümummilli etimad və dəstəyini ifadə etdiyini qeyd edib.

Xüsusi vurğulanıb ki, ölkəmizin həm regional, həm də dünya miqyasında artan rolunun və bilavasitə, Prezident İlham Əliyevə göstərilən yüksək diqqətin və hörmətin bariz nümunəsi olaraq Qoşulmama Hərəkatının sədri statusunda təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsi, həmçinin Azərbaycanın “Böyük İyirmiliyin” (G20) üzvü olan ölkələrin sammitinə dəvət olunması aparılan siyasi kursun alternativsizliyini bir daha nümayiş etdirib.

Məruzədə qeyd edilib ki, 2020-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub. Ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə zəruri tədbirlər həyata keçirilib.

Prokurorluq orqanlarının fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi xüsusi vurğulanaraq, Prezident İlham Əliyevin Sərəncamı ilə xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə prokurorluq orqanlarının 38 əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsinin kollektivin böyük sevincinə səbəb olduğu qeyd edilib.

Kollegiya iclasında bildirilib ki, Vətən müharibəsinin gedişində cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanları səlahiyyətləri daxilində üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirməklə qanunsuz erməni birləşmələrinin törətdikləri hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə zəruri istintaq hərəkətləri həyata keçirib. Xain düşmənin beynəlxalq konvensiyalarda təsbit olunan müharibə qaydalarını kobud şəkildə pozaraq cəbhə zonasından kənarda yerləşən şəhərlərimizi və kəndlərimizi, infrastruktur obyektlərini raket zərbələri, o cümlədən qadağan olunan silahlarla atəşə məruz qoyması, namərd hücumlarla onlarla dinc sakinin qətlə yetirilməsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmaqla intensiv istintaq-əməliyyat tədbirləri aparılıb.

Qeyd edilib ki, ötən il sentyabrın 27-dən Ermənistan silahlı qüvvələri tərəfindən aparılan təcavüzkar müharibə, onun gedişində törədilən digər xarakterli cinayətlərlə bağlı Baş Prokurorluqda 62 cinayət işi başlanıb. Həmin işlər üzrə 17 muzdlu döyüşçü və Ermənistan Respublikasının 4 vətəndaşı olmaqla cəmi 21 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarları çıxarılaraq axtarış elan olunub.

Məlumat verilib ki, Ermənistan silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən 12 azyaşlı və 27 qadın qətlə yetirilib, 407 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının rayon və şəhərlərinin ərazisinə ümumilikdə 30 minə yaxın mərmi və 227 raket atılıb, çoxsaylı əmlaka ziyan vurulub, fərdi evlər, yardımçı tikililər, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri, ayrı-ayrı dövlət qurumlarına məxsus inzibati binalar, dini obyekt, məscid, kilsə və qəbiristanlıqlar dağıdılıb.

Erməni vəhşiliklərinin dünya dövlətlərinin hüquq-mühafizə orqanlarına və aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırılması məqsədilə BMT-nin İnsan Hüquqlarının Müdafiəsi üzrə Komissarına, Avropa Şurasının İnsan Hüquqlarının Müdafiəsi üzrə Komissarına, MDB ölkələrinin üzv dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurası və digər beynəlxalq təşkilatlara, eləcə də 25 ölkənin Baş prokurorlarına və ədliyyə nazirlərinə Ermənistanın törətdiyi cinayətlər haqqında məktublar, 37 xarici dövlətin səlahiyyətli orqanına hüquqi yardım göstərilməsinə dair 46 vəsatət göndərilib.

Qeyd edilib ki, dövlətimizin başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanından və bu istiqamətdə tapşırıqlarından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işləri üzrə erməni vandalizmi nəticəsində məqsədli şəkildə talan edilmiş, dağıdılmış yaşayış məntəqələri, həmçinin tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın, eləcə də atəşkəsin davam etdiyi dövrdə əldən çıxmış faydanın məbləğinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə müvafiq işlər davam etdirilir.

Eyni zamanda, işğal altındakı ərazilərdə xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı cinayət işləri üzrə, həmçinin əzəli torpaqlarımızda qanunsuz məskunlaşmanı həyata keçirən bütün təqsirli şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirlərinin aparılması diqqətə çatdırılıb.

Bununla yanaşı, prokurorluq orqanları tərəfindən Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yaradılmış işğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının fəaliyyətində yaxından iştirakın təmin edildiyi qeyd olunub.

Kollegiya iclasında ötən ilin prokurorluq orqanları üçün də əlamətdar olduğunu qeyd edən Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2020-ci il mayın 1-də Baş prokuror vəzifəsinə təyinatla əlaqədar qəbul edilərkən dövlətimizin başçısının verdiyi göstəriş və tapşırıqların prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparılmasını labüd etdiyini diqqətə çatdırıb. Bununla əlaqədar qısa müddətdə prokurorluğun cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması, işin çevikliyinin və səmərəliliyinin artırılması istiqamətində struktur və kadr islahatlarının aparıldığı, prokurorluğun fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın yeniləndiyi bildirilib.

Məlumat verilib ki, hesabat dövründə digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq, əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə qeydə alınmış 26 min 4 cinayətin 84,3 faizinin açılması təmin olunub. Bu cinayətlərin 94,5 faizi prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib. Onların da açılma faizi 85,5 faiz təşkil edib.

Baş prokuror qeyd edib ki, 2019-cu illə müqayisədə daxili işlər və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa az ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, mənimsəmə və israf etmə, eləcə də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, vəzifə cinayətlərinin sayı azalıb. Ötən illərdən bağlı qalmış 310 cinayətin açılması təmin edilib, 254 cinayətkar qrup zərərsizləşdirilib.

Hesabat dövründə prokurorluq orqanları tərəfindən 1045 şəxs barəsində 795 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib. 2019-cu illə müqayisədə 34 hadisə artmaqla 193 qəsdən adamöldürmə cinayəti qeydə alınıb ki, onların 94 faizinin üstü açılıb.

Bu müddətdə prokurorluq və müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarında qeydə alınmış cinayət işləri üzrə ümumilikdə 171 milyon 628 min 342 manat məbləğində maddi ziyanın ödənilməsinə nail olunub.

Kamran Əliyev vurğulayıb ki, korrupsiyaya və rüşvətxorluğa qarşı Prezident İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan barışmaz mübarizə ötən dövrlərdə olduğu kimi davam etdirilib. Bu sahədə həyata keçirilmiş kompleks tədbirlər ölkəmizə dünyada ən islahatçı ölkə imicini qazandırmaqla yanaşı, davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin etməyə imkan verib.

Azərbaycanın dövlət idarəçiliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi islahatların aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyi, o cümlədən “Beynəlxalq Şəffaflıq” Təşkilatının Korrupsiya Qavrama İndeksi üzrə sonuncu hesabatında ölkəmizin 30 balla 26 pillə irəliləməsi diqqətə çatdırılıb. Korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış aparıcı beynəlxalq təşkilatlar hesab edilən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO), MONEYVAL Komitəsi və digər ixtisaslaşmış nüfuzlu qurumların da əldə edilən nailiyyətləri yüksək qiymətləndirdikləri bildirilib.

Hesabat dövründə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 281 vəzifəli şəxs barəsində 180 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. Həmçinin 62 milyon 436 min manat məbləğində ziyan ödənilməklə 5 milyon 115 min manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Bildirilib ki, 2020-ci ildə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi vasitəsilə korrupsiya hüquqpozmaları barədə Baş İdarəyə daxil olmuş müraciətlərin 47-si üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Digər müraciətlər üzrə prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlər görülüb.

Bu müddətdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları vəzifələrini uğurla icra edib. Keçirilən əməliyyat tədbirləri nəticəsində 39 şəxs cinayət başında yaxalanıb. Əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə olunan məlumatlar əsasında 76 cinayət işi başlanıb.

Kamran Əliyev bildirib ki, hesabat dövründə respublikanın paytaxtında və digər şəhər və rayonlarda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması tədbirlərinə zidd olaraq, qanunsuz hərəkətlərə yol vermiş şəxslər barəsində, o cümlədən aztəminatlı ailələrə ayrılmış yardım paylarının mənimsənilməsi, təyinatından kənar və ya ədalətsiz bölüşdürülməsi, yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən xüsusi karantin rejimində sərbəst hərəkət hüququ verən 800-dən çox arayışın verilməsi faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 415 cinayət işi başlanıb. Bu işlərdən 334-ü karantin rejimimin sərtləşdirilməsi ilə əlaqədar prokuror nəzarətinin gücləndirilməsi tədbirlərindən sonra başlanıb.

Həmçinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan şəxslərə qarşı Baş Prokurorluğun yeni yaradılmış cinayət təqibindən kənar icraatlar idarəsi və müvafiq rayon prokurorluqları tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatlar başlanmaqla, qanunsuz olaraq toplantılar keçirmə, qoruyucu vasitələrdən istifadə etməmə, 8103 qısa SMS xidmətinə müraciət etmədən icazəsiz yaşayış yerlərini tərk etmə və digər pozuntulara yol verdiklərinə görə rayon (şəhər) məhkəmələrinin qərarları ilə 45 nəfər barəsində inzibati həbs və cərimə tənbehləri seçilib.

Eyni zamanda, sosial şəbəkələrdə dövlət orqanlarının həyata keçirdiyi tədbirlərə kölgə salan 23 təxribat xarakterli informasiyanın yayılması faktları araşdırılmaqla, həqiqəti əks etdirməyən həmin məlumatları ictimailəşdirən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, 2 şəxsə qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq edilib.

Xüsusi vurğulanıb ki, hesabat dövründə Respublika Hərbi Prokurorluğu orqanları da fəaliyyətini müharibə dövrünün tələblərinə uyğun qurmaqla Ermənistan hərbi birləşmələrinin hərbi qulluqçularımıza qarşı törətdikləri cinayət faktlarının araşdırılmasında öz üzərlərinə düşən vəzifələri layiqincə icra edib. Eləcə də cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması, ordu quruculuğuna mənfi təsir edə biləcək nöqsanların və qanun pozuntularının vaxtında aşkarlanaraq aradan qaldırılması təmin edilib. 2019-cu illə müqayisədə ötən il törədilmiş hərbi xidmət əleyhinə cinayətlər və qeyri-hərbi cinayətlər əhəmiyyətli dərəcədə azalıb.

Hesabat dövründə hərbi prokurorluq orqanları tərəfindən 1182 cinayət hadisəsi qeydə alınıb ki, onlardan 296-sı korrupsiya cinayətləri ilə bağlı olub. Həmin dövrdə hərbi prokurorluq orqanları tərəfindən korrupsiya cinayətləri üzrə 90 şəxs barəsində 61 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə hərbi məhkəmələrə göndərilib.

Diqqətə çatdırılıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 2021-ci il yanvarın 1-dək ümumilikdə 297 şəxsin Azərbaycan xalqına qarşı müharibə və digər cinayətləri törətmələri sübuta yetirildiyindən, onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul olunub. Həmin şəxslərin barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib.

Qeyd edilib ki, hazırda Azərbaycan Respublikası Hərbi Prokurorluğunda istintaq edilən cinayət işi üzrə müəyyənləşdirilmiş beş əsas istiqamət - Azərbaycan xalqına qarşı soyqırımı-deportasiya, əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı işgəncə, terror, dövlətə və vətəndaşlara vurulmuş ziyan, müasir dövrdə düşmənlə təmas xəttində milli ədavət və düşmənçilik niyyəti ilə törədilmiş xüsusilə ağır cinayətlər kimi istiqamətlər üzrə istintaq və digər prosessual hərəkətlərin icrası, həmin cinayətləri törətmiş şəxslərin anket məlumatlarının müəyyən edilməsi üçün zəruri tədbirlərin görülməsi davam etdirilir. Həmçinin barələrində axtarış elan olunmuş şəxslərin məsuliyyətə cəlb olunmaları üçün digər zəruri işlər görülür.

2020-ci ildə Naxçıvan Muxtar Respublikası prokurorluğu tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində müsbət göstəricilər əldə edilib. İstintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətinə nəzarət artırılmış, vətəndaşların müraciətlərinə baxılması, onların problemlərinin həll olunması diqqət mərkəzində saxlanıb.

Hesabat dövründə istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 853 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorlarının iştirakı ilə ötən il ərzində birinci instansiya məhkəmələrində 10 min 849 şəxs barəsində 9455, apellyasiya instansiyası məhkəmələrində 3292 şəxs barəsində 2949, kassasiya instansiyası məhkəməsində 1314 şəxs barəsində 1097 (bütün instansiya məhkəmələri üzrə cəmi 15 min 455 şəxs barəsində 13501 iş olmaqla) cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.

Bildirilib ki, daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müxtəlif sahələr üzrə müraciət etmiş vətəndaşlara hüquqlarının hərtərəfli və tam izah edilməsi məqsədilə Baş Prokurorluqda yaradılmış 961 saylı Çağrı Mərkəzində hesabat dövründə 17 min 421 müraciət qeydə alınıb. Onlardan 653-ü cinayət xarakterli məlumatlar olduğu üçün qeydə alınıb araşdırılması üçün aidiyyəti struktur qurumlara tapşırılıb, digərləri üzrə isə müvafiq hüquqi izahlar verilib.

Hesabat dövründə koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndiyi, səmərəli əməkdaşlıq nəticəsində ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən 30 şəxsin tutularaq ölkəmizə ekstradisiyasının həyata keçirildiyi bildirilib.

Qeyd edilib ki, prokurorluq orqanlarının fəaliyyətinin elmi-nəzəri təminatının gücləndirilməsi, hüquq elminin inkişafı və Avropa hüquq təcrübəsinin tətbiqi ilə əlaqədar prokurorluq işçilərinin nəzəri biliklərinin, peşə hazırlığının artırılması, prokurorluq orqanlarına həvalə edilmiş vəzifələrin həyata keçirilməsinə elmi-metodiki köməklik göstərilməsi məqsədilə Baş Prokuror yanında Elmi-Məsləhət Şurasının 32 nəfərdən ibarət yeni tərkibi təsdiqlənməklə ötən ilin sentyabrında ilk iclas keçirilib.

Prezident İlham Əliyevin dövlət gənclər siyasəti çərçivəsində ölkəmizdə mütərəqqi tədbirlər həyata keçirilir. 2002-ci ildən başlayaraq keçirilən 21 müsabiqə əsasında işə qəbul edilən hüquqşünaslar hazırda prokurorluq işçilərinin 70 faizini təşkil edir. Həmin işçilərin bir çoxu ötən il Baş Prokurorluğun idarə rəisi, rayon və şəhər, ərazi hərbi prokuroru vəzifələrinə təyin olunub.

Kollegiya iclasında Prezident İlham Əliyevin dövlət gənclər siyasəti çərçivəsində ölkəmizdə həyata keçirilən mütərəqqi tədbirləri qeyd edən Baş prokuror 2002-ci ildən başlayaraq təşkil olunan 21 müsabiqə əsasında işə qəbul edilən hüquqşünasların hazırda prokurorluq işçilərinin 70 faizini təşkil etdiyini bildirib. Həmin işçilərin bir çoxunun ötən il Baş Prokurorluğun idarə rəisi, rayon və şəhər, ərazi hərbi prokuroru vəzifələrinə təyin olunmaları diqqətə çatdırılıb.

Kollegiya iclasında Baş Prokurorluqda yeni yaradılmış Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi tərəfindən hesabat dövründə müsbət iş göstəricilərinə nail olunduğu, bu sahədə prokurorluğun fəaliyyət istiqamətlərinə uyğun olaraq işlərin səmərəliliyinin artırılmasının vacibliyi qeyd edilib.

Bildirilib ki, dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq, prokurorluq orqanlarında koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərə baxmayaraq, 2020-ci ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb. Müraciətlərin obyektiv araşdırılmaqla şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib. Prokurorluq orqanlarına daxil olmuş müraciətlərin 9777-sinin tam, 708-nin isə qismən təmin olunması vətəndaş məmnunluğunun təmin olunması üzrə həyata keçirilən tədbirlərin nəticəsi kimi qiymətləndirilməlidir.

İclasda qeyd edilib ki, hesabat dövründə öz fəaliyyətini müasir tələblər səviyyəsində qura bilməyən, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə, xidməti intizamın kobud pozuntusuna yol verən və vəzifələrini layiqincə yerinə yetirə bilməyən 30 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan 2-si prokurorluq orqanlarından xaric, 8 nəfər vəzifədən azad edilib, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbirləri tətbiq olunub.

Ötən müddətdə Baş Prokurorluğun fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması və maarifləndirmə məsələlərinin xüsusi əhəmiyyəti nəzərə alınmaqla Mətbuat xidmətinin işi daha da təkmilləşdirilib. Verilən informasiyanın daha çox oxucu kütləsinə çatdırılması məqsədilə qurumun sosial şəbəkələrdə rəsmi səhifələri açılıb, Baş Prokurorluğun yeni veb-saytı istifadəyə verilib.

Kollegiya iclasında fəaliyyətdə səmərəliliyin artırılması, işğaldan azad edilmiş rayonların prokurorluqlarının peşəkar kadrlarla komplektləşdirilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş, itkin düşmüş və əlil olmuş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının hər bir müraciətinə xüsusi diqqət və həssaslıqla yanaşılması, artım tendensiyası müşahidə edilən cinayətlərin qarşısının alınması, bağlı qalan bütün cinayətlər üzrə təqsirli şəxslərin müəyyənləşdirilməsi, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət və prosessual rəhbərliyin keyfiyyətinin artırılması və digər istiqamətlərdə konkret tapşırıqlar verilib.

Daha sonra Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev, Baş prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov, Baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru İlqar Abbasov, Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru Yaşar Həsənov, Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Elşən Abbasov, Gəncə şəhər prokuroru Azad Qarayev, Füzuli rayon prokuroru Elnur Rüstəmov və Qazax rayon prokuroru Rauf Gözəlov hesabat dövründə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair çıxışlar edib, müzakirələrlə bağlı fikir mübadiləsi aparılıb.

Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının kollektivi adından əminliklə bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün bundan sonra da digər aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə zəruri tədbirlər görəcək.

 
  • Oxunub:  2610  |  
  • Tarix:  25-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

01 Mart 13:52
Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir
01 Mart 13:33
“Asiya-Avropa dəhlizində Azərbaycanın rolu” mövzusunda vebinar təşkil olunub
01 Mart 13:31
Martın ilk günlərində hava şəraitinin yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir
01 Mart 13:30
Qələbə əzmini tarixə yazmış Azərbaycan xalqı...
01 Mart 13:29
İki şahmatçımız FIDE-nin reytinq siyahısında ilk onluqda qərarlaşıb
01 Mart 13:22
Mənəvi normalara əsaslanan siyasət
01 Mart 13:03
İtaliyalı oxuculara Xocalı soyqırımı ilə bağlı məlumat verilib
01 Mart 12:42
“Ukrayna 24” telekanalı Azərbaycan Prezidentinin mətbuat konfransı və işğaldan azad olunan ərazilərimiz barədə xüsusi reportaj yayımlayıb
01 Mart 12:38
BTQ ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb
01 Mart 12:31
Azərbaycan qalib dövlət kimi yeni hədəflərə doğru inamlı addımlar atır
01 Mart 12:30
YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin üzvləri ağacəkmə aksiyasında iştirak ediblər
01 Mart 12:16
Azərbaycan Prezidenti mətbuat konfransında səsləndirdiyi fikirlərlə insan hüquqlarına prioritet istiqamət kimi yanaşdığını bütün dünyaya göstərdi
01 Mart 12:13
Şəhid ailələrinə qayğı dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir
01 Mart 12:09
Türkiyə səfirliyinin əməkdaşı Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ilə tanış olub
01 Mart 12:02
Tarix yazmış Azərbaycan xalqı
01 Mart 11:42
Orxan Məmmədov: Bu il ölkə üzrə “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi planlaşdırılır
01 Mart 11:40
Baş infeksionist immun sistemini gücləndirməyə kömək edəcək tövsiyələri açıqlayıb
01 Mart 11:33
Yaxın günlərdə Yevlaxda KOB evi açılacaq
01 Mart 11:30
DİN avtomobillərini tekniki baxışdan keçirməyən sürücülərə müraciət edib
01 Mart 11:26
“YAŞAT” daha 10 qazini Türkiyəyə müalicəyə göndərib
01 Mart 11:25
Ötən il KOBİA-ya 3187 vətəndaş müraciəti daxil olub
01 Mart 11:23
Gürcüstanlı jurnalist: İlk dəfədir yox edilmiş şəhərlər görürəm, bu, barbarlıqdır
01 Mart 11:22
Dünyada baş verən hadisələrin təhlili radikalizm, ekstremizm və terrorizmin qlobal təhlükəsizliyi təhdid edən amillərdən birinə çevrildiyini göstərir
01 Mart 11:18
Müdafiə Nazirliyi Ağdam rayonunun Güllücə kəndinin videogörüntülərini yayıb - VİDEO
01 Mart 11:11
2021-2025-ci illərdə bütün şəhid ailələri və müharibə əlilləri evlə təmin ediləcək
01 Mart 11:08
Sevda Abdullayeva: Dövlətimiz öz sosial siyasətinin prioritetlərinə sadiqdir
01 Mart 10:12
Azərbaycanda şəhid ailələrinə və qazilərə yüksək qayğı göstərilir
28 Fevral 17:05
Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırılıb
28 Fevral 16:28
Türkiyə mediası: Prezident İlham Əliyev dörd saatdan artıq zamanda jurnalistlərin əllidən çox sualını cavablandırıb
28 Fevral 16:15
Azərbaycanda koronavirusdan 117 nəfər sağalıb, 270 yeni yoluxma faktı qeydə alınıb
28 Fevral 16:09
XİN: Ermənistanın aqressiv ritorikası rəsmi Yerevanın mənfur niyyətini açıq şəkildə nümayiş etdirir
28 Fevral 15:35
Respublikanın 7 şəhər və rayonunda magistraturaya qəbul imtahanı aparılıb
28 Fevral 14:50
Abram İxiilov: Dünya Azərbaycan və yəhudi xalqının dostluğunu anlamaq istəyirsə Qırmızı qəsəbəyə baş çəksin
28 Fevral 14:38
Deputat: Azərbaycan Prezidenti mətbuat konfransı ilə informasiya cəbhəsindəki mövqeyimizi daha da möhkəmləndirdi
28 Fevral 13:51
XİN: Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi
28 Fevral 13:50
“Qocalar evi” və sığınacağın sakinləri də vaksinasiya olunur
28 Fevral 13:49
Gürcü jurnalistlər işğaldan azad olunmuş ərazilərdə erməni vəhşiliyini lentə alırlar
28 Fevral 13:47
Müdafiə Nazirliyi Ağdam rayonunun Eyvazxanbəyli kəndinin videogörüntülərini yayıb - VİDEO
28 Fevral 12:48
Azərbaycanda 273 mindən çox vətəndaşa koronavirus əleyhinə peyvənd vurulub
28 Fevral 12:07
Niderlandda “Xocalıya ədalət!” tələbinin əks olunduğu lövhə quraşdırılıb və aksiya keçirilib
28 Fevral 12:05
Dünya ictimaiyyəti Azərbaycan Prezidentinin güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğunun bir daha şahidi oldu
28 Fevral 10:53
Çin KİV-ləri Azərbaycan Prezidentinin vaksin məsələsi barədə fikirlərindən yazıb
28 Fevral 10:38
Professor Necdet Ünüvar: Xocalı soyqırımı məqsədli şəkildə insanlıq əleyhinə törədilən cinayətdir
28 Fevral 10:36
Litva Seyminin rəsmi saytı Azərbaycan və Litva parlamentlərarası dostluq qruplarının görüşündən yazıb
28 Fevral 10:34
BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib
27 Fevral 19:14
XİN: Ermənistan hərbçilərinin Azərbaycan ərazilərinə qanunsuz şəkildə göndərilməsi birgə Bəyanatın kobud şəkildə pozulmasıdır
27 Fevral 19:05
Naxçıvanda sahibkarlarla işgüzar tədbir keçirilib
27 Fevral 18:56
“France 24” kanalında Xocalı soyqırımı ilə bağlı veriliş yayımlanıb
27 Fevral 18:33
ABŞ-ın müxtəlif şəhərlərində Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir
27 Fevral 18:27
Ermənistanda Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir
27 Fevral 18:08
Jan-Mişel Brən: Fransa mətbuatı Xocalı faciəsinə biganə qalmamalıdır
27 Fevral 18:06
Qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
27 Fevral 17:45
Azərbaycanda koronavirusdan 172 nəfər sağalıb, 278 yeni yoluxma faktı qeydə alınıb
27 Fevral 17:42
“Kənddən şəhərə” həftəsonu yarmarkası fəaliyyətə başlayıb
27 Fevral 17:36
Amerikalı konqresmen Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat verib
27 Fevral 17:17
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi beynəlxalq onlayn konfrans keçirib
27 Fevral 17:14
İşğaldan azad edilən ərazilərdə əlvan metal ehtiyatlarının potensialı dağ-mədən sənayesinin inkişafında böyük rol oynayacaq
27 Fevral 17:07
“Azərlotereya” ASC-nin Türkiyənin “Demirören Holding” şirkətinə idarəetməyə verilməsinə dair müqavilə imzalanıb
27 Fevral 17:02
Goranboyda Xocalı soyqırımı qurbanları yad edilib
27 Fevral 16:58
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər
27 Fevral 16:57
Prezident İlham Əliyev mətbuat konfransında mühüm mesajlar verdi
27 Fevral 16:55
“Israel Hayom” qəzeti: Azərbaycanlılar Xocalıda ermənilər tərəfindən törədilmiş qanlı qırğını heç vaxt unutmayacaq
27 Fevral 15:37
Azərbaycan Prezidenti mətbuat konfransında ölkəmizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətləri göstərdi
27 Fevral 15:20
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib
27 Fevral 15:00
Azərbaycanın yaratdığı yeni reallıqlar ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır
27 Fevral 14:57
Maisə Heybətova: Vaksinasiya edilənlərin sayının artması COVID-19 infeksiyasının qarşısını alacaq
27 Fevral 14:53
Arzuxan Əlizadə: Minalanmış ərazilərin xəritələri Azərbaycana verilməlidir
27 Fevral 14:47
Torpaqlarımızın işğal olunması AXC-“Müsavat” cütlüyünün xəyanətinin nəticəsi idi
27 Fevral 14:36
Fuad Əliyev: Ermənistan beynəlxalq qanunvericiliyi və konvensiyaları pozduğuna görə mütləq cavab verməlidir
27 Fevral 14:31
Qulamhüseyn Əlibəyli: Azərbaycan-Türkiyə əməkdaşlığı regionda sülhün, sabitliyin və inkişafın təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +8
gecə+4 +6