Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma zamanı xəstəliyi yüngül keçirənlər ev şəraitində müalicə alırlar. Təəssüf ki, həmin xəstələrin müəyyən hissəsi evdə müalicə olunarkən şəfa tapmaq üçün kimdənsə eşitdiyi, yaxud da sosial şəbəkələrdə paylaşılan hansısa resept və üsullardan, türkəçarələrdən istifadə edir. Təcrübə göstərir ki, ağırlaşmaların başlıca səbəbi çox vaxt bununla əlaqədar olur.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən həkim-terapevt Sevil Hacıyeva koronavirus xəstələrinin vəziyyətinin ağırlaşmasına səbəb olan əsas səhvlər haqda danışıb. Mütəxəssis hesab edir ki, əsasən, evdə müalicə zamanı yol verilən yanlışlar xəstələrin vəziyyətini ağırlaşdırır.
Onun sözlərinə görə, düzgün qidalanmaya riayət etmək və spirtli içki qəbul etməmək vacib şərtdir: "Fəsad riskini azaltmaq üçün bir neçə şərtə və ən başlıcası isə evdə müalicə üçün həkim tövsiyələrinə riayət edilməlidir. Dərmanlar bir aylıq təyin olunubsa, bir ay içilməlidir. Qan analizini izləmək və sağalandan iki həftə sonra yenidən test aparmaq da vacibdir.
Bundan əlavə, zəifləmiş orqanizmi soyuqdan, üşüməkdən qorumaq çox vacibdir. Ən azı bir ay ərzində yağlı, ədviyyatlı, şirin və duzlu qidalardan və alkoqoldan imtina etməlidir".
Terapevt B və D vitaminlərinin səviyyəsini idarə etməyi və qan təzyiqini izləməyi də məsləhət görüb.
MÜŞFİQƏ
- Oxunub: 2940 |
- Tarix: 23-01-2021 |
-
Çap et |