Anar Miriyev: Döyüş zamanı düşmənin üzərinə hücum edib, mövqelərini ələ keçirəndə, onlara yaxınlaşanda silahlarını yerə atıb qaçmaqlarını görmək böyük bir hadisə idi
Ötən il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı başlanan əks-hücum əməliyyatları 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Bu müqəddəs savaşda Azərbaycan əsgərləri misilsiz qərəmanlıq göstərərək qələbənin qazanılmasında mühüm rol oynadı. Eləcə də həmkarlarımız - jurnalistlər də 44 gün davam edən Vətən müharibəsinin fəal iştirakçılarından olublar. Həm qələmi ilə, həm də əlində silah müsəlləh əsgər kimi torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşən media nümayəndələrimizin keçdiyi döyüş yolu isə hər birimiz üçün maraqlı və nümunədir.
“Yeni Azərbaycan” qəzetinin keçmiş əməkdaşı, hazırda “İki sahil” qəzetinin baş redaktorunun müavini olan, Silahlı Qüvvələrimizin zabiti, Qarabağ döyüşlərində fəal iştirak etmiş kapitan Anar Miriyev də II Qarabağ müharibəsində maraqlı döyüş yolu keçib. Səfərbərlik elan edilən gündən əyninə hərbi forma geyinmiş A.Miriyevin müharibə xatirələri ilə bağlı qəzetimizə verdiyi müsahibəni təqdim edirik:
- Anar müəllim, Qarabağ uğrunda savaşın başlaması həm bir jurnalist, həm də bir azərbaycanlı kimi sizdə hansı duyğuları yaratdı?
- Dağlıq Qarabağ münaqişəsi hər bir azərbaycanlının ürəyində illərlə köz bağlamayan bir yara idi. Bu mənada, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatlarına başlanması ilə bağlı əmri hər birimizin arzusunun gerçəkləşməsinə işıq oldu. Mən qismən səfərbərlik elan olunduqdan sonra ehtiyatda olan zabit kimi ordu sıralarında xidmətə çağırıldım. Sentyabrın 29-u cəbhəyə yollandım. Cəbhədə elə bir ab-hava ilə qarşılaşdım ki, onu sözlə ifadə etmək çox çətindir. Gənclərin döyüşə getmək arzuları, irəliyə can atmaları, qələbə sevinclərini bölüşmələri, işğaldan azad edilmiş torpaqların xəbərlərini hansı hislərlə qarşılamaları insanda böyük təsir oyadırdı. Belə demək mümkündürsə, mənəvi-psixoloji üstünlüyümüz ilk günlərdən özünü göstərdi. Cəbhədə ard-arda qələbələrin əldə olunmasında bu üstünlüyün mənəvi-psixoloji hazırlığın, durumun böyük əhəmiyyəti var. Hər kəs bir amal uğrunda döyüşürdü - Qarabağ azad edilməlidir. İnanın ki, hər kəs - əsgərli, zabitli hər birimiz üçün Vətən torpağının azadlığı hər şeyin önünə keçmişdi.
- İstərdik döyüş yolunuz barədə məlumat verəsiniz. Cəbhənin hansı istiqamətində xidmət etdiniz?
- Mən bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini kimi Xocavənd istiqamətində döyüşlərdə iştirak etdim. Bəlli olduğu kimi, oranın coğrafi mövqeyi olduqca çətindir, relyef baxımından çox sərt yerdir. Bu baxımdan həmin ərazidə döyüşmək də çox çətin idi. Xocavənddə qızğın döyüşlər getdi. Bir neçə kəndin işğaldan azad olunmasında şəxsən iştirak etmişəm. Ağdam rayonu işğaldan azad olunandan sonra həmin əraziyə keçdik. Əsasən, Xocavənd və Ağdam istiqamətində döyüşlərdə oldum. Əsgərlərin mənəvi-psixoloji hazırlığı döyüş ruhunun yüksəldilməsi, vətənpərvərlik uğrunda tərbiyəsinə birbaşa cavabdeh idim. Həmin vaxt şəxsi heyətlə iş zamanı da müşahidə edib gördüm ki, həm səfərbərlikdən cəlb olunan, həm də həqiqi hərbi xidmətdə olan əsgərlərin hamısında böyük ruh yüksəkliyi var. Elə bir əsgər yox idi ki, nədənsə qorxsun, çəkinsin. Bütün əsgərlərimizin, zabitlərimizin məqsədi torpaqlarımızın işğaldan azad olunması idi. Ən əsası isə ordumuzun Ali Baş Komandana olan inamı yenilməz idi. Prezidentimizin çıxışlarını radio vasitəsilə əsgərlərə dinlədirdim. Baxırdım ki, bu onlara necə gözəl, müsbət təsir edir. Ali Baş Komandanın çıxışı döyüş, vətənpərvərlik ruhunu daha da artırırdı. Döyüş günləri mənim həyatımın ən mühüm hissəsinə çevrildi desəm, yanılmaram.
- Təbii ki, cəbhə xatirələrinin ən yaddaqalan anları olur ki, onları bir ömür boyu unuda bilmirsən. Siz necə, belə hadisələrlə üzləşdinizmi?
- Döyüşdə qələbə ilə yanaşı, itkilər də olur. Bu qaçılmazdır. Allah şəhidlərimizə rəhmət etsin. Təsəvvür edin ki, bir gün, iki gün öncə görüşdüyün, danışdığın döyüş yoldaşın, əsgərin şəhid olur və bu hiss insanda dərin izlər buraxır. Xidmət etdiyim bölükdən şəhidlərimiz oldu. 3 şəhid verdik, 10-dan çox yaralımız oldu. Şəhidlərimizi heç vaxt unuda bilmərəm. O anları unutmaq mümkün deyil. Döyüş zamanı düşmənin üzərinə hücum edib, mövqelərini ələ keçirəndə, onlara yaxınlaşanda silahlarını yerə atıb qaçmaqlarını görmək böyük bir hadisə idi. Bunları heç vaxt unuda bilmərəm. Orada həmin məqamda bir daha təsdiq olunurdu ki, biz öz torpaqlarımız uğrunda döyüşürük. Düşmən isə silah-sursatını qoyub qaçırdı, yalnız canını qurtarmağı düşünürdü.
- Qələbə sevincini məhz cəbhədə yaşamaq, addım-addım bu qələbəni təmin etmək necə bir hisdir?
- Cəbhədə döyüşən hər bir insanın yeganə fikri qələbədir. Buna nail olmaq üçün isə döyüşməlisən. Mən də cəbhəyə yollanan gündən yalnız qələbə haqqında düşünürdüm. Torpaqlarımızı azad etmək üçün xalq olaraq bir yumruğa çevrilib düşməni əzməliydik. Biz döyüşlərdə addım-addım bu hədəfə doğru irəlilədik. Hərbi komandanlığın əmrləri səbirlə, müvəffəqiyyətlə yerinə yetirildi, hər kəs üzərinə düşən məsuliyyəti dərk edərək bütün gücünü ortaya qoydu. Döyüşdük və torpaqlarımızı azad etdik, böyük zəfəri qazandıq. Sevinirəm ki, bu zəfərdə bizim də payımız var.
- Tərxisolunma xəbərini necə qarşıladınız?
- Bizim sərəncamımız dekabrın 30-u çıxmışdı. Amma mənim olduğum yerlə əlaqə saxlamaq həddindən artıq çətin idi. Biz həmin vaxt dağlıq ərazidə idik. Tərxisolunma ilə bağlı əmr bizə bir gün sonra gəlib çatdı. Həmin an insan fərqli hislər yaşayır və hətta bəzən buna inanmırsan ki, artıq hər şey bitdi və qələbə qazanıldı, indi yenidən mülki həyata dönmək vaxtı çatıb. Doğrusu mən də buna inana bilmirdim. Həm də zabit olduğum üçün düşünürdüm ki, birinci növbədə əsgərlər buraxılarlar. Şəxsi heyətə, döyüş yoldaşlarıma çox öyrəşmişdim və onları qoyub gəlmək istəmirdim. Onlarla ayrılıq mənim üçün çox ağır oldu. İndi də zəng vurub əlaqə saxlayıram. Ayın 31-i gecə saatlarında yola çıxdıq. Yanvarın 1-də artıq evdə idim.
- Müharibə xatirələrini qələmə almaq kimi bir fikriniz varmı?
- Bayaq da qeyd etdiyim kimi, döyüşdə yaşadıqlarımızı, gördüklərimizi, şahidi olduqlarımızı sözlə ifadə etmək çox çətindir. Hər anı ölüm olan müharibənin odunu-alovunu yaşamaq çətin olduğu qədər şərəflidir. Çiyin-çiyinə səngərdə dayandığın döyüş yoldaşının gözlərinin qarşısında döyüşə-döyüşə şəhid olması çox ağır mənzərədir. Döyüş zonasında yaralı əsgər yoldaşını oradan çıxarmaq, səngərə gətirmək, onun yaşamağına kömək etmək insana böyük rahatlıq verir. Oradakı bütün əsgərlər bir-birilərinə dəstək idilər. Bütün bu anların hamısını görmək, yaşamaq çox ağır idi. Əsgərlərimizin, ordumuzun nə qədər cəsur olduğunu gördüm. Böyük zəfəri, qələbəni qazanmağımızda ordumuzla yanaşı, xalqımızın da dəstəyi inanılmaz dərəcədə oldu. İnsanlarımız cəbhəyə əlindən gələn dəstəyi əsirgəmirdi. Bizə yardımlar göndərirdilər. Respublikanın bütün bölgələrindən bizi ruhlandıracaq məktublar alırdıq. Bu məktubları yığıb saxlamışıq. Onları əsgərlərə göstərəndə görürdüm ki, bu hərbçilərə nə qədər ruh yüksəkliyi verir. 44 günlük müharibə bizim birliyimizin simvolu oldu. Məhz ordu, xalq, dövlət birliyi Qarabağı yenidən öz sahibinə qaytardı və qələbəmizi təmin etdi.
Pərviz SADAYOĞLU
- Oxunub: 3090 |
- Tarix: 22-01-2021 |
-
Çap et |