“Moskva şəhərində yanvarın 11-də Azərbaycan və Rusiyanın dövlət başçıları və Ermənistanın baş naziri arasında imzalanan üçtərəfli bəyanat Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan məsələnin həllini özündə ehtiva etdiyinə görə mühüm əhəmiyyətə malikdir”. Bu fikirləri qəzetimizə açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib.
Q.Əlibəylinin sözlərinə görə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan, həmçinin Türkiyə arasında birbaşa quru əlaqəsinin yaradılması, avtomobil və dəmiryol yollarının açılması çox mühüm məsələdir: “Belə ki, ölkənin əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin yaradılması, habelə bütün region ölkələri üçün xüsusi əhəmiyyət kəsb edən nəqliyyat-kommunikasiya xətlərinin açılması və bərpası istiqamətində atılan addımı təqdirəlayiq hesab etmək olar. Türkiyə ilə Azərbaycanın birbaşa quru əlaqələrinə sahib olması regionda yeni əməkdaşlıq platformasının həyata keçirilməsinə şərait yaradacaq”.
Partiya sədri onu da deyib ki, üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan Prezidentinin Şuşaya səfəri, orada verdiyi bəyanatlar dostlarımıza və düşmənlərimizə mesaj xarakteri daşıyıb: “Dövlət başçısı, ilk növbədə, işğaldan azad edilən ərazilərimizdə mövcud olan problemlərin aradan qaldırılması baxımından Azərbaycanın mövqeyinin qəti olduğunu göstərdi. Buna görə də dövlət başçısının Şuşaya səfəri və Azərbaycanın mədəniyyət paytaxtında ifadə etdiyi fikirlər cəmiyyətdə böyük inam və qürur hissi ilə qarşılanıb. Bir daha vurğulandı ki, məğlub Ermənistan bir dövlət kimi öz mövcudluğunu qorumaq istəyirsə, öz xülyalarından artıq əl çəkməli, bundan sonra yalnız kommunikasiyaların açılması və iqtisadi əməkdaşlıq haqqında düşünməlidir”.
Q.ZİYƏDDİNOĞLU
- Oxunub: 2130 |
- Tarix: 22-01-2021 |
-
Çap et |