Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya prosesinə start verilib. Artıq mərhələli şəkildə vaksinlərin vurulmasına başlanılıb. Vaksinasiya strategiyasına uyğun olaraq əvvəlcə səhiyyə işçiləri peyvənd olunurlar. Tibb işçilərinin vaksinasiyası başa çatandan sonra yaşı 65-dən yuxarı olan vətəndaşların vaksinasiyasına başlanılacaq.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən həkim-terapevt Səbinə Həmidova deyib ki, dəhşətli kabus kimi dünyanı dolaşan COVID-19 infeksiyası bəşəriyyət üçün təhlükə mənbəyi olaraq qalır. Onun sözlərinə görə, virusdan qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır. Vurğulanıb ki, simptomlar müşahidə olunan kimi evdə qalmaq, özünü təcrid etmək, ərazi üzrə sahə həkimi ilə əlaqə saxlamaq və yalnız həkimin məsləhəti ilə evdə müalicəyə başlamaq lazımdır: “Bununla belə şəxsin ikinci dəfə koronavirusa yoluxma təhlükəsi var. İlk yoluxmada vücudunda antitellər meydana gəlibsə, təkrar yoluxduğu halda çox böyük ehtimalla xəstəliyi kritik keçirməməsi mümkündür. Lakin bədənində xəstəliyə qarşı immun cavab meydana gəlməyibsə, o yenidən xəstələnə, ağır keçirə də bilər. Onlar daha sonrakı mərhələlərdə vaksinasiyaya cəlb olunacaqlar. Şəxs koronavirusdan 4-5 aydır sağalıbsa, onun vaksinasiya olunmasına ehtiyac yoxdur. COVID-19-u keçirənlər ilk mərhələdə vaksinasiya edilməyə bilərlər”.
MÜŞFİQƏ
- Oxunub: 2400 |
- Tarix: 22-01-2021 |
-
Çap et |