İsmayıllı rayonunda 20 Yanvar faciəsinin 31-ci ildönümü müxtəlif tədbirlərlə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ictimaiyyət nümayəndələri ümummilli liderimiz Heydər Əliyevin abidəsini, sonra isə “Şəhidlər xiyabanı”nda şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Din xadimləri şəhidlərin xatirəsinə xütbə oxuyub, dualar ediblər. Ziyarətçilər məzarların üzərinə qərənfillər düzüb, Vətənimiz, dövlətçiliyimiz, müstəqilliyimiz uğrunda şəhid olan övladlarımıza Allahdan rəhmət diləyiblər.
Daha sonra Mədəniyyət sarayında gənc rəssamların 20 Yanvar faciəsinin dəhşətlərini və Vətən övladlarının dəyanətini, vətənpərvərliyini, cəsurluğunu, igidliyini əks etdirən rəsm sərgisinə baxış keçirilib. Habelə, sarayda anım gününə həsr olunmuş şeirlər səsləndirilib, faciəni əks etdirən filmlər nümayiş olunub.
Rayon rəhbərliyi 20 Yanvar hadisələrinin iştirakçısı olan Səməd Əlizadə ilə görüşüb. Faciənin şahidi 20 Yanvar şəhidlərinin, yaralananların ailələrinə dövlətin göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib, o dəhşətli gecədəki xatirələrindən danışıb.
Saat 12:00-da rayonda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
- Oxunub: 2250 |
- Tarix: 20-01-2021 |
-
Çap et |