Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında “20 Yanvar - Azadlığa gedən yolun zirvəsi” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq bildirib ki, 1990-cı ildə Bakıda 20 Yanvar faciəsi XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Onun sözlərinə görə, Azərbaycan tarixinə qanlı faciə kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. Keçmiş Sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzü tarixdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində çoxlu sayda günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Tədbirdə, həmçinin YAP Samux rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşid Şabanov, təşkilatın Qadınlar Şurasının sədri Kəmalə Xəlilova, Şura üzvləri Şəmistan Yusifov, Mahirə Məmmədova və fəal partiya üzvü Dilarə Əsgərova çıxış edərək bildiriblər ki, 20 Yanvar faciəsi tariximizə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi, azadlığa gedən yolun zirvəsi kimi yazılıb.
MÜŞFİQƏ
- Oxunub: 2310 |
- Tarix: 20-01-2021 |
-
Çap et |