“Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşün yekunu olaraq Moskvada üçtərəfli bəyanatın imzalanması Azərbaycan tərəfinin növbəti diplomatik qələbəsidir. Belə ki, bu sənəd 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində kommunikasiyaların bərpası ilə bağlı əks olunmuş müddəaların həyata keçirilməsi mexanizmlərinin formalaşdırılması üçün müvafiq vəzifələri müəyyən edir”. Bu fikirləri qəzetimizə açıqlamasında Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Hacıyev deyib.
Partiya sədrinin sözlərinə görə, Moskva görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bir daha göstərdi ki, Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın və iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır: “Ölkəmizin maraqları baxımından sənəddə əksini tapmış ən mühüm məsələ, 2021-ci il martın 1-dək Azərbaycanın və Ermənistanın ərazisindən həyata keçirilən daşımaların təşkili, onların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını, həmçinin tikilməsini nəzərdə tutan tədbirlərin siyahısı və reallaşdırılması qrafikinin hazırlanmasıdır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin yaradılması həm Naxçıvanın blokadadan çıxarılması, həm də bütün region ölkələri üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və yeni nəqliyyat platformasının yaradılması baxmından Moskvada imzalanan üçtərəfli bəyanatı mühüm addım hesab etmək olar”.
Qaşqay RAMAZANOV
- Oxunub: 3480 |
- Tarix: 20-01-2021 |
-
Çap et |