“Prezident İlham Əliyevin Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfəri zamanı “son 17 ildə yetişən gənclər bu torpaqları azad etdilər” fikri heç də təsadüfi deyildi. Bu fikrin arxasında gənclərimizin inkişafı, düzgün tərbiyə edilməsi istiqamətində göstərilən uzun illərin fəaliyyəti dayanır. Müstəqilliyimizin ilk illərində bütün sahələrdə olduğu kimi, gənclər siyasəti sahəsində də kifayət qədər problemlər mövcud idi. Gənclər o zaman hakimiyyət uğrunda mübarizəyə, kimlərinsə şəxsi maraqlarının həyata keçirilməsi üçün düzgün olmayan fəaliyyətlərə cəlb olunurdular. Yalnız xalqın təkidli tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı”. Bu fikirləri qəzetimizə açıqlamasında “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, gənclərə qayğı zamanın çağırışlarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Prezident İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində Dövlət proqramları qəbul edilir. E.Mirzəbəyli bildirib ki, Azərbaycan gəncliyi vətənpərvər, cəsarətli və güclüdür. Ona bu gücü verən, özünəinam hissini təlqin edən isə ailə, vətən, torpaq sevgisidir: “Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan gəncliyinin müstəsna xidmətləri var. Doğrudur, Qarabağımızın azad edilməsində bütün nəsillərin nümayəndələri fədakarlıq nümayiş etdiriblər. Amma cənab Prezidentin də qeyd etdiyi kimi, əsas yük, əsas vəzifə gənclərin çiyinlərinə düşüb və onlar bu vəzifəni şərəflə, ləyaqətlə yerinə yetiriblər”.
P.SADAYOĞLU
- Oxunub: 2250 |
- Tarix: 20-01-2021 |
-
Çap et |