“Torpaqlarımızın işğaldan azad olunması bölgədə yeni siyasi və iqtisadi reallıqlar yaradıb. Yanvarın 11-də Moskvada imzalanmış üçtərəfli bəyanat məhz bu yeni iqtisadi mənzərəyə aydınlıq gətirdi. Bu mənada, artıq yeni yaranacaq nəqliyyat-kommunikasiya qovşağını Avrasiya logistik xəttinin aparıcı komponenti saya bilərik”. Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş Füzuli rayonunda yeni hava limanının tikintisi isə olduqca mühüm əhəmiyyət kəsb edir. Partiya sədri bildirib ki, bu hava limanı bölgənin gələcək inkişafı üçün olduqca vacibdir. Dağlıq Qarabağ regionunun, o cümlədən işğaldan azad edilmiş digər rayonlarımızın turizm potensialını yüksək dəyərləndirən A.Əlizadə bildirib ki, tikintisinə başlanılan Füzuli Beynəlxalq Hava Limanının bu il istifadəyə verilməsinin planlaşdırılması onu göstərir ki, bölgədə quruculuq işlərinin sürətlə aparılması əsas prioritetlərdəndir: “Bu aeroport bölgənin inkişafında, turizm infrastrukturunun yaradılmasında, həyata keçiriləcək tədbirlərin, o cümlədən bərpa və yenidənqurma işlərinin reallaşdırılmasında böyük rol oynayacaq. Azərbaycan dövləti qısa zaman kəsiyində bu ərazilərdə həyatın canlanması üçün bütün gücünü səfərbər edir. Bildiyimiz kimi, azad edilmiş torpaqlarda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçında inşa ediləcək. Bu isə ölkəmizin qeyri-neft sektorunun inkişafında mühüm rola malik olacaq. Bir sözlə, bölgədə yeni mərhələ başlanır ki, bu da ölkəmiz üçün əlavə iqtisadi imkanların yaranmasına yol açır”.
PƏRVİZ
- Oxunub: 2400 |
- Tarix: 20-01-2021 |
-
Çap et |