“2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat 44 günlük Vətən müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatmasının təsdiqi olmaqla yanaşı, postmüharibə dövründə regionun iqtisadi inkişafına dair mühüm məqamları da özündə əks etdirdi. Bu mənada, 2021-ci il yanvarın 11-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən növbəti görüş və imzalanmış bəyanat yeni mərhələdə regionda iqtisadi inkişafın təmin olunması və əməkdaşlıq platformasının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan döyüş meydanından olduğu kimi, Moskva görüşündən də əliboş qayıtdı. Görüşün yekununda imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulan məsələlərə gəldikdə isə A.Fərzəliyev vurğulayıb ki, Prezident İlham Əliyevin regionun gələcəyi ilə bağlı irəli sürdüyü konsepsiya Cənubi Qafqazın yeni inkişaf mərhələsində yol xəritəsidir: “Yeni nəqliyyat-kommunikasiya sistemlərinin açılması, iqtisadi səmərəlilik vəd edən dəhlizlərin bərpası, Azərbaycanın Şərqlə Qərbi birləşdirən yeni tranzit xətti yaratması ölkəmizin Cənubi Qafqaz regionunda iqtisadi güc mərkəzi statusunda çıxış etməsini şərtləndirir. O cümlədən, Ermənistan da anlamalıdır ki, bir dövlət olaraq gələcəyi məhz regiondakı yeni əməkdaşlıq plaftormasına qoşulmaqdan keçir. Bunun üçünsə, bütün əsassız və revanşist iddialar kənara qoyulmalıdır. Nəticə etibarilə, Moskva görüşü Cənubi Qafqazda vəziyyətin stabilləşməsi və iqtisadi inkişafın müsbət dinamikasının təmin olunması baxımından tamamilə yeni perspektivlər açır”.
Pərviz SADAYOĞLU
- Oxunub: 6300 |
- Tarix: 19-01-2021 |
-
Çap et |