COVID-19 pandemiyası dünyanı sarsıtdı və bir çox ölkəni durğun vəziyyətə gətirdi. Virus fövqəladə hallara hazırlığımızdakı boşluqlardan və cəmiyyətlərimizdəki bərabərsizliklərdən istifadə edərək xalqlarımızı, icmalarımızı və həyatımızı öz cənginə aldı. Bu, insanlıq faciəsi və qlobal böhrandır. 2021-ci ildə geriyə baxıb 2020-ci ildə nəyi öyrəndiyimizə, nəyə nail olduğumuza və üfüqdə hansı ümidlərin olduğuna nəzər yetirək.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı və ÜST-nin Avropa regionu üzrə direktoru Hans Henri P. Klugenin məqaləsində deyilir.
2020-ci ilin xülasəsi: öyrənilən dərslər
Təcrübə bizə göstərdi ki, sağlamlıq inkişafın mərkəzindədir, fərdi və kollektiv tərəqqinin müəyyənedicisidir. Həyatımızın hər addımında sağlamlığı və rifahı təşviq etmək üçün hədəfə yönəlmiş və xüsusi dəstəyə ehtiyacımız var.
Pandemiyaya qarşı mübarizə aparmaq, virusu müalicə etməkdən daha çox tədbirlərin görülməsini tələb etdi.
Məqalədə qeyd olunub ki, diaqnostikanı inkişaf etdirməkdən, müalicəni araşdırmaqdan tutmuş böyük sürətlə peyvənd istehsalına qədər mübarizəmizin formalaşmasında elm və tədqiqatların rolu əvəzolunmazdır. İctimai səhiyyə və sosial tədbirlərə dair dəlillər əldə etmək üçün köhnə və yeni texnologiyalardan istifadə edilib.
Səhiyyə işçilərimiz sonsuz hörmət və minnətdarlığa layiq olan dəyərli mütəxəssislərdir. Pandemiya ilə mübarizə dövründə və sonrasında səhiyyə işçilərinin sağlamlıq və rifahını təmin etmək və davamlı, işlək səhiyyə sisteminə zəmanət vermək üçün onların lazımi sosial, psixi, fiziki və maddi dəstəyə ehtiyacı var.
Regionun hər bölgəsində cəmiyyətdə həmrəylik, insan yaradıcılığı, kollektiv və fərdi qayğı nümunələri gördük. İnsanlar müstəsna dayanıqlılığa, nikbinliyə və səxavətə sahibdirlər, Azərbaycan da istisna deyildi.
Verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ölkə ofisi ilk gündən etibarən müxtəlif nazirliklərə, yerli tərəfdaşlara, agentliklərə və QHT-lərə dəstək olaraq COVID-19-la mübarizənin mərkəzindədir. Biz həm də BMT, diplomatik korpus və beynəlxalq tərəfdaşlar üçün əsas məlumat mənbələrindən biriyik.
Səhiyyə sistemini yaxınlaşan dalğaya hazırlamaq üçün fiziki və virtual şəkildə beynəlxalq texniki təcrübəni ölkəyə gətirən ÜST, ölkədə mübarizəyə “erkən cavab verən” qurumlardan biri oldu. Vurğulanıb ki, 2020-ci ilin aprelində başlayan REACT-C19 layihəsi, xəstəxanaları pandemiyaya hazırlamağa kömək edən sürətli müdaxilə idi. Ölkədə COVID-19 üçün ayrılmış 6 xəstəxana olduğu zaman, REACT-C19 komandaları 3 ay ərzində 12 xəstəxanada COVID-19-a qarşı hazırlığı artırmaq, eyni zamanda səhiyyə işçilərinə təhlükəsiz bir mühit yaratmağa dəstək oldular. REACT-C19 özündən sonra səhiyyə işçilərinin əsas bacarıqlarını artırmaq üçün davamlı sistemlərin yaradılmasını dəstəkləmək və COVID-19 səbəbindən kənarda qalan qruplara zəruri səhiyyə xidmətləri göstərmək məqsədi daşıyan PROACT layihəsini miras qoydu.
Texniki dəstəklə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 xəstələrinin idarə edilməsini təkmilləşdirmək üçün laboratoriya test dəstləri, çox sayda fərdi qoruyucu vasitələr və xəstəxana avadanlıqları da ölkəyə gətirib. Ölkədəki əsas inkişaf tərəfdaşları Avropa İttifaqı və USAID-ə Azərbaycana həm texniki yardım, həm də həyati əhəmiyyətli avadanlıqlar və vasitələr gətirməkdə əməkdaşlıq üçün minnətdarıq.
Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərdə son hərbi əməliyyatlar nəticəsində pandemiya səbəbindən yük altında olan səhiyyə sisteminə daha böyük yük düşmüşdü. Bu müddətdə yeni yoluxma və ölüm hallarının sayı sürətlə artmışdı. Bu, immunlaşdırma, bəzi xroniki xəstəliklərə nəzarət və s. kimi zəruri səhiyyə xidmətlərinin göstərilməsinə öz mənfi təsirini göstərmişdi. ÜST-nin Gəncə, Bərdə, Tərtər və Ağdam bölgələrində Səhiyyə ilə bağlı Ehtiyacların Öyrənilməsi Missiyasından əldə etdiyi nəticələr gələcəkdə əməkdaşlıq etmək üçün uyğun sahələri və səhiyyə xidmətlərinin hansı bölgələrdə gücləndirilməli olduğunu müəyyən etdi. Bu və digər sahələrə Azərbaycan hökuməti ilə birlikdə dəstək göstərməkdən qürur duyacağıq.
Bundan əlavə, Azərbaycanın beynəlxalq birliklə həmrəylik nümayiş etdirərək pandemiya ilə mübarizə üçün ÜST-nin Mərkəzi COVID fonduna ümumilikdə 10 milyon dollar ianə etməsi bizi çox qürurlandırdı. Bu, ÜST-nin Azərbaycandakı ölkə ofisi üçün bir təkan oldu və bizi ölkənin səhiyyəsi üçün yaxşı işlər görməyə daha da həvəsləndirdi.
2020-ci il bizə sağlamlığın yalnız fərdi məsələ olmadığını, həm də kollektiv səy tələb etdiyini göstərdi.
2021-ci il və sonra: heç kəs kənarda qalmasın
Məqalədə o da qeyd edilib ki, ÜST-nin Avropa üzrə Regional Ofisi cəmiyyətləri yeni bir istiqamətə yönəltmək üçün mütəxəssisləri və siyasətçiləri bir araya gətirdi. Pan-Avropa Sağlamlıq və Davamlı İnkişaf Komissiyası keçmiş dövlət və hökumət başçıları, görkəmli alim və iqtisadçılar, səhiyyə və sosial qayğı qurumlarının rəhbərləri, iş dünyasının və maliyyə qurumlarının liderləri daxil olmaqla, bir sıra sahələrin mütəxəssislərindən ibarətdir. Komissiya sağlamlığı siyasi gündəlikdə birinci sıraya qaldırmaq məqsədilə pandemiyanın təsiri səbəbindən cəmiyyətdə ehtiyac duyulan lazımi dəyişikliklər üzərində çalışır. Onlar bütün sektorların xeyrinə sağlamlıq, səhiyyə və sosial qayğı sistemlərinə necə investisiya qoyulacağına dair təlimat hazırlayacaqlar.
2020-ci il bizə sağlamlığımızı lazımi qədər qiymətləndirmədiyimizi və səhiyyə xidmətlərinin hər kəs üçün əlçatan olduğu təqdirdə effektiv olduğunu öyrətdi. Gələcək böhranlardan qorunmaq istəyiriksə, heç kimi kənarda qoymamalıyıq.