“Son bir neçə ildir ki, Azərbaycanın sosial-iqtisadi inkişaf göstəriciləri nüfuzlu beynəlxalq qurumların hesabatlarında yüksək qiymətə layiq görülür. Bu baxımdan Dünya Bankının, nüfuzlu Davos İqtisadi Forumunun 2020-ci ilin yekunları ilə bağlı yaydıqları hesabatlar da istisna deyil. Qlobal pandemiya səbəbindən çətin keçən 2020-ci ildə Azərbaycan iqtisadiyyatının ayrı-ayrı istiqamətləri üzrə müşahidə edilən müsbət dinamika bəhs olunan hesabatlarda ölkəmizin mövqeyinin daha da yaxşılaşmasını şərtləndirib”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov ifadə edib.
O, ötən il qlobal iqtisadiyyat üçün şərtlərin arzuedilən olmadığını bildirərək belə bir şəraitdə milli iqtisadiyyatımızın dayanıqlılığını qoruyub saxlamasını ölkəmizdə aparılan düzgün siyasətin nəticəsi kimi dəyərləndirib. “Son 17 ildə Prezident İlham Əliyevin imzaladığı çoxsaylı Fərman və sərəncamlar əsasında respublikamızda müxtəlif məzmunlu islahatlar aparılıb. Ardıcıllıqla reallaşdırılan islahatlar milli iqtisadiyyatımızın inkişafı üçün möhkəm hüquqi zəmin yaradıb. O cümlədən respublikamızda sahibkarlıq mühiti daha da optimallaşdırılıb, biznes subyektlərinin maliyyə vəsaitlərinə çıxış imkanları genişlənib, ölkəmizin investisiya cəlbediciliyi artıb. Ölkədə aparılan islahatların böyük bir qismi daxili istehsalın qorunmasına, ixracın təşviq edilməsinə, milli iqtisadiyyatımızda ağırlıq mərkəzinin qeyri-neft sektoruna keçməsinə hədəflənib. Uzun illər davam edən belə məqsədyönlü siyasət hazırda öz bəhrəsini verir. Artıq tarixə dönən 2020-ci ilin yekunlarına nəzər salsaq, görərik ki, milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft sektorunda qeydə alınıb. Ötən il aqrar sektorda istehsalın genişlənməsi, qeyri-neft sənayesindəki 11 faizdən çox artım aparılan düzgün siyasətin nəticəsidir”, - deyə Milli Məclisin deputatı bildirib.
Fikirlərinə davam edən V.Bayramov vurğulayıb ki, hazırda Azərbaycan MDB məkanında ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkələrdən biridir. “Dünya Bankının hesabatında Azərbaycanın 190 ölkə arasında 28-ci yeri tutması o deməkdir ki, Azərbaycanın uğurları beynəlxalq səviyyədə də etiraf olunur. Son 17 ildə bütün respublika üzrə yaradılan müasir infrastruktur iqtisadi aktivliyin artması baxımından mühüm əhəmiyyət daşıyır. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan əhalinin elektrik təchizatı səviyyəsi indeksi üzrə dünya miqyasında ikinci yerə yüksəlib. Hökumətin dəyişməyə cavabdehliyi, yəni islahatçı obrazı əmsalına görə respublikamız dünya ölkələrinin sıralamasında beşinci yerdə qərarlaşıb. Digər parametrlər üzrə də Azərbaycanın göstəriciləri kifayət qədər yüksəkdir”, - deyə V.Bayramov bildirib.
Mübariz ABDULLAYEV
- Oxunub: 4170 |
- Tarix: 15-01-2021 |
-
Çap et |