“Moskva görüşü, demək olar ki, bütün məqamları ilə yaddaqalan və əhəmiyyətli oldu. Bu görüş 10 noyabr tarixli birgə Bəyanatın nəticələrinin təsdiqi idi və əldə olunan razılaşmanın icrası istiqamətində də ardıcıl işin aparıldığını göstərdi. Hazırda əsas diqqət bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsinə yönəlib. Yanvarın 11-də imzalanan Moskva bəyanatı da regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını, bu məqsədlə üçtərəfli İşçi Qrupunun, yarımqrupların yaradılmasını, görüləcək işlərlə bağlı prioritetlərin müəyyən edilməsini nəzərdə tutan yol xəritəsidir. Düşünürəm ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək “Mehri dəhlizi” bizim üçün yüksək əhəmiyyətə malikdir. Bu xəttin açılması bölgənin logistik imkanlarının daha da böyüməsi, Azərbaycanla Türkiyə arasındakı quru yolundan istifadə edərək Şərqlə Qərbin iqtisadi inteqrasiyasının səmərəliliyini təmin etmək deməkdir”.
Bu fikirləri qəzetimizə açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, yeni kommunikasiya sisteminin fəaliyyətə başlaması ilə Cənubi Qafqaz regionu dünya logistika sisteminə qoşulmaq imkanı qazanır. Eləcə də Azərbaycan Prezidenti böyük Türk dünyasını birləşdirən dəmir yolu və yol nəqliyyatının açılmasına nail oldu. “Naxçıvanın blokadadan çıxması çox böyük, prinsipial əhəmiyyətə malik hadisədir. Naxçıvan təkcə blokadadan çıxmır, Naxçıvana gediş-gəliş də çox sadələşir. Azərbaycan Prezidenti Naxçıvanı blokadadan çıxarmaqla yanaşı, Türk dünyasını birləşdirən quru yolunun açılmasını da təmin etdi. Bu, böyük Turan yolu, yəni böyük Türk dünyası ilə əlaqələr yaratmağın bir yoludur”, - deyə Q.Hüseynli əlavə edib.
PƏRVİZ
- Oxunub: 2340 |
- Tarix: 15-01-2021 |
-
Çap et |