Bu gün Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayır. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızın böyük bir hissəsini işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın edildi. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları artıq azad olunub. Bəyanatda əks olunan digər müddəaların da icrası davam etməkdədir. Yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüş və bu görüşün nəticəsi olaraq imzalanan bəyanatı buna misal göstərmək olar. Həmin sənəd 10 noyabr Bəyanatının 9-cu bəndinin icrası ilə əlaqədardır. Yəni bu bəyanat regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpasını nəzərdə tutur.
Ümumiyyətlə, nəzərdə tutulan layihələrin həyata keçirilməsi regionda yeni vəziyyət yaradacaq və ən əsası, Azərbaycanın bölgədə, bütövlükdə beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq. Önəmli məqamlardan biri də budur ki, “Mehri dəhlizi”nin açılması ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı yaranacaq, eyni zamanda, qardaş Türkiyə ilə birbaşa nəqliyyət əlaqələri bərpa olunacaq. Bununla da, həm Türk dünyası ilə bağlantı güclənəcək, həm də Türkiyə vasitəsilə Azərbaycanın Avropa ölkələrinə çıxışı təmin olunacaq.
Əli Kərimlinin dezinformasiya yaymaq və cəmiyyəti aldatmaq cəhdləri
Onu da xatırlatmaq yerinə düşər ki, həm 44 günlük Vətən müharibəsində, həm də ondan sonrakı dövrdə Türkiyə Azərbaycanı birmənalı şəkildə dəstəkləyib. Hazırkı proseslərdə də iki qardaş ölkə koordinasiyalı şəkildə əməkdaşlıq edir. Lakin ölkəmizdəki radikal müxalifət hər vəchlə qazanılan uğurlara kölgə salmağa çalışır. 11 yanvar Moskva görüşündən sonra da AXCP sədri Əli Kərimli başda olmaqla antimilli ünsürlər Azərbaycanın nailiyyətlərini kiçiltmək istəyirlər. AXCP sədri Əli Kərimli özünün “facebook” səhifəsində Türkiyənin hazırkı proseslərdə Azərbaycana birmənalı dəstək verdiyi halda, ölkəmizin buna qarşılıq vermədiyini iddia edir. Ə.Kərimli Türkiyədə fəaliyyət göstərən bir QHT rəhbərinin yazısına istinad edərək iddia edir ki, guya Qarabağla bağlı razılaşmalarda Türkiyə yer almayıb, Azərbaycan rəhbərliyi qardaş ölkənin nə masada, nə də atəşkəs razılaşmasının hər hansı bir hissəsində olmasına maraqlı olmayıb. İddiaya görə, Türkiyə Azərbaycanda, Qarabağda meydana gələn hadisələr haqqında yalnız Azərbaycanın Türkiyə təbliğatçıları vasitəsilə məlumat alır və onların fikirləri əsasında bilgilənirmiş.
Əlbəttə ki, bu iddialar tamamilə yalandır və ciddi arqumentlərə söykənmir. Həmin iddiaların əksinə olaraq qeyd etmək lazımdır ki, Vətən müharibəsinin davam etdiyi günlərdə Azərbaycan və Türkiyənin rəsmi şəxsləri daim təmasda olublar. Bütün dünya ictimaiyyəti iki qardaş ölkə arasında həm prezidentlər, həm də müdafiə və xarici işlər nazirləri səviyyəsində bu təmasların şahidi olub. Türkiyənin xarici işlər və müdafiə nazirlərinin bir neçə dəfə ölkəmizə səfər etdiklərini xatırlatmaq da yerinə düşər. Ayrıca olaraq, Azərbaycan Prezidenti nüfuzlu beynəlxalq kütləvi informasiya vasitələrinə müsahibələrində dəfələrlə Türkiyənin siyasi və mənəvi dəstəyini xüsusilə vurğulayıb.
Bundan əlavə, Türkiyənin Prezidenti, Xarici İşlər və Müdafiə nazirləri bu müddətdə rusiyalı həmkarları ilə dəfələrlə təmasda oldular. Təbii ki, bütün bu təmaslar Azərbaycanla koordinasiyalı şəkildə aparılıb. Nəhayət, 10 noyabr Bəyanatı imzalandıqdan sonra Türkiyənin rəhbərliyi, müvafiq dövlət qurumlarının rəhbərləri Azərbaycan xalqını qələbə münasibətilə təbrik etdilər.
Yalan ayaq tutar, amma yeriməz
Sual olunur, əgər Türkiyə masada deyildisə, atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Monitorinq Mərkəzinin yaradılması haradan qaynaqlandı? Həm də 11 yanvar Moskva görüşünün nəticələrini Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla niyə müzakirə etdi? Digər tərəfdən, Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin Moskva görüşünü müzakirə etdiklərindən Ə.Kərimlinin xəbəri yoxdur?
Təbii ki, AXCP sədri bütün bunlardan məlumatlıdır və proseslərdə Azərbaycanla Türkiyənin əməkdaşlığından xəbərsiz deyil. Sadəcə olaraq, Ə.Kərimli öz xislətinə uyğun olaraq həm ictimai rəyi çaşdırmağa, həm iki qardaş ölkə arasındakı münasibətlərdə guya soyuqluq olduğu fikrini təqdim etməyə çalışır. Yetər ki, AXCP sədri üçün Azərbaycan dövlətinə qarşı böhtan atmağa bir bəhanə olsun. Amma burada bir atalar məsəli yada düşür: “Yalan ayaq tutar, amma yeriməz”.
Nardar BAYRAMLI
- Oxunub: 2280 |
- Tarix: 15-01-2021 |
-
Çap et |