Ekspertlərin fikrincə, üçtərəfli bəyanat regionda təhlükəsizlik və əməkdaşlığın güclənməsinə stimul yaradır
Məlum olduğu kimi, yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçirilib. Görüşün nəticəsi olaraq üçtərəfli bəyanat imzalanıb. Qeyd edilməlidir ki, imzalanan sənəd Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin yaradılması, Naxçıvanın blokadadan çıxarılması, həm Azərbaycanın özü, həm də bütün region ölkələri üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat-kommunikasiya imkanlarının reallığa çevrilməsi, yeni nəqliyyat platformasının yaradılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Tamam Cəfərova deyib ki, Moskva görüşü Azərbaycanın hərbi-siyasi yolla qazandığı tarixi Zəfərin daha da möhkəmlənməsi baxımından növbəti diplomatik mərhələ olub: “Moskva görüşünün ən vacib məqamlarından biri tərəflərin 10 noyabr tarixli Bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli İşçi Qrupun yaradılması barədə razılıq əldə etməsidir. Prezident İlham Əliyevin dediyi kimi, regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün Moskva görüşü çox vacib idi. Belə ki, beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək. Bunlar onu deməyə əsas verir ki, Azərbaycan regionun gələcək inkişafının təminatçısıdır”.
“Eyni zamanda, Moskva görüşü Qarabağ münaqişəsinin keçmişdə qaldığını bir daha təsdiq etdi. Əgər rəsmi Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı olmayacaqdı. Ona görə də demək olar ki, Qarabağ problemi hərbi yolla həllini tapdıqdan sonra artıq rollar dəyişib. Ermənistan Azərbaycanın onun üçün irəli sürdüyü əməkdaşlıq şərtlərini qəbul etməyə məcburdur”, - deyə T.Cəfərova bildirib.
Milli Məclisin deputatı Soltan Məmmədov isə deyib ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Moskva görüşündə əldə olunmuş razılaşma Cənubi Qafqazda təhlükəsizliyin və inkişafın təmin olunmasına xidmət edir: “Bu, həm yeni təhlükəsizlik formatının güclənməsinə, həm də region ölkələrinin ümumi rifahına xidmət edən əməkdaşlıq imkanlarının genişləndirilməsinə stimul yaradır. Çünki beynəlxalq kommunikasiyaların bərpası bütün region ölkələrinin iqtisadi maraqlarına cavab verir”.
Deputat deyib ki, 44 gün davam edən Vətən müharibəsi regionun mənzərəsini tamamilə dəyişib, yeni hərbi, siyasi və iqtisadi reallıqlar yaradıb: “İndi ən mühüm vəzifələrdən biri bu reallıqlara istinad edərək region xalqlarının rifahını, təhlükəsizliyini təmin edən addımların atılmasına nail olmaqdır. Fikrimcə, bu görüşün nəticəsi olaraq qəbul edilmiş Bəyanat mahiyyət etibarilə həm də Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin məntiqi nəticəsidir”.
S.Məmmədov onu da bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının nəqliyyat əlaqəsini təmin edən dəhlizin bərpası Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir: “İmzalanmış bəyanatın təhlili göstərir ki, əsas məqsəd regionun nəqliyyat-kommunikasiya sisteminin bütün ölkələrin maraqlarına uyğun formada yenidən qurulmasına nail olmaqdır. Bu, Azərbaycanın tarixi Qələbəsinin etirafıdır. İndi bütün region ölkələri, o cümlədən regionda maraqları olan böyük dövlətlər 27 sentyabrdan əvvəlki dövrə qayıtmağın mümkün olmadığını anlayırlar. Yeni reallıqlar var və bu reallıqları Azərbaycan yaradıb”.
Qaşqay RAMAZANOV
- Oxunub: 2520 |
- Tarix: 15-01-2021 |
-
Çap et |