Ana səhifə »  Xəbər lenti »  İnsana qayğı, yüksək rifah, sabitlik və inkişaf
A+   Yenilə  A-
İnsana qayğı, yüksək rifah, sabitlik və inkişaf

Şərur rayonunun Şəhriyar kəndində kompleks quruculuq işləri görülüb

Bu gün Naxçıvan Muxtar Respublikasındakı sabitlik və tərəqqi ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının tərkib hissəsi və məntiqi davamıdır. Ötən 25 ildə əhalinin rahat yaşayışının təmin olunması və insan amilinə verilən dəyərin nəticəsidir ki, quruculuq işləri bütün yaşayış məntəqələrini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız”.

Şərur rayonunun Şəhriyar kəndi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Kənddə geniş quruculuq işlər aparılıb, yol yenidən qurulub, ümumtəhsil və uşaq-musiqi məktəbləri üçün yeni binalar, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib.

2021-ci ildə ilk məktəb binası Şəhriyar kəndində istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 14-də Şəhriyar kənd tam orta məktəbinin yeni binası istifadəyə verili.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Məlumat verilib ki, 224 şagird yerlik ikimərtəbəli məktəbdə 16 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, STEAM kabinəsi, kitabxana, qarderob və idman zalı vardır. STEAM kabinəsi 1 elektron lövhə, 2 kompüter, 3D printer olmaqla, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təchiz edilib.

2020-2021-ci tədris ilində məktəbin birinci sinfinə 18 şagird qəbul olunub. Kitabxana fondunda 1315-i dərslik və 2213-ü bədii ədəbiyyat olmaqla, 3528 kitab vardır. Ölkə və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, elektron kitab bazası və oxunması zəruri olan kitablardan ibarət guşə şagirdlər üçün geniş mütaliə imkanları açır. Şəhriyar kənd tam orta məktəbində şahmat sinfi də yaradılıb və lazımi avadanlıqlarla təmin olunub.

Məktəbdə quraşdırılan 4 müasir elektron lövhə və 22 kompüter tədrisin təşkilində yeni texnologiyalardan səmərəli istifadəyə, distant təhsilin tətbiqinə, eləcə də muzeylərlə interaktiv əlaqələrin qurulmasına imkan verir. Baxış zamanı Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə 200-dən çox təhsil müəssisəsi arasında keçirilən “Naxçıvan Muxtar Respublikası: inkişafın yeni mərhələsi” mövzusunda distant dərs izlənilib.

“Azərbaycan Respublikasının Əməkdar müəllimi” Sevda Seyidova minnətdarlıq edərək deyib ki, muxtar respublikada təhsilə göstərilən qayğının nəticəsidir ki, ölkəmizin gələcək inkişafına layiqli töhfə verəcək ixtisaslı kadrlar yetişir.

STEAM kabinəsində şagirdlərin hazırladığı əl işləri nümayiş etdirilib, hazırlanan layihələr haqqında məlumat verilib.

Sonra Ali Məclisin Sədri müəllimlərlə görüşüb.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində ümumtəhsil məktəblərinin maddi-tədris bazası möhkəmləndirilir, şagirdlərin yüksək təhsil alması, istedad və bacarıqlarının aşkar edilməsi və inkişafı üçün əlverişli şərait yaradılır. Ötən il Şərur rayon Muğancıq-Mehrab, Qarabürc, Babək rayon Nəcəfəlidizə, Ordubad rayon Vənənd və Culfa rayon Camaldın kənd tam orta məktəbləri, Culfa Rayon Təhsil Şöbəsi və məktəbdənkənar təhsil müəssisələri üçün binalar tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Təhsilə dövlət qayğısı təkcə məktəb tikintisi ilə yekunlaşmayıb, kitabxana fondları 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla zənginləşdirilib. Təhsil müəssisələrində sürətli internetə çıxışı olan 5700-dən artıq kompüter və 650-dən çox elektron lövhə quraşdırılıb. Ümumtəhsil məktəblərinin infrastrukturunun yeniləşdirilməsi nəticəsində 52 mindən çox şagirdin, 7 mindən çox müəllimin təhsil şəraiti yaxşılaşdırılıb. Televiziya və Radio Verilişləri Redaksiyasının Təhsil Nazirliyinin tabeliyinə verilməsi muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının növbəti bariz nümunəsi olmaqla, yeni bir mərhələ təşkil edir. Rəhman Məmmədov yaradılan şəraitə görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Gənc müəllim Kənarə Məmmədrzayeva çıxış edərək deyib: “Muxtar respublika müəllimləri ölkə Prezidenti və Ali Məclis Sədrinin qayğısını həmişə hiss edir. Əməkhaqları dəfələrlə artırılıb, öz fəaliyyəti ilə seçilən müəllimlərin əməyi yüksək qiymətləndirilib, fəxri adlara layiq görülüb, onların fəaliyyəti üçün zəruri şərait yaradılıb. Bu gün Şəhriyar kənd sakinləri, şagirdlər və müəllimlər üçün olduqca qürurverici gündür. Məktəbimizdə yaradılan şərait şagirdlərin daha yaxşı təhsil almalarına, bilikli və vətənpərvər ruhda tərbiyə olunmalarına, müəllimlərə isə daha yaxşı tədris aparmağa geniş imkan açır”. Kənarə Məmmədrzayeva Şəhriyar kənd sakinləri və pedaqoji kollektiv adından Ali Məclisin Sədrini doğum günü münasibətilə təbrik edib, savadlı və vətənpərvər gənclər yetişdirəcəklərinə söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şəhriyar kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün Şəhriyar kənd tam orta məktəbi müasir məktəblər sırasına daxil olur. Daha bir kənd məktəbinin müasir tədrisin tələbləri səviyyəsində qurulması həm kollektivin, həm də muxtar respublikanın həyatında əlamətdar hadisədir. Məktəbin son 5 ilinin göstəriciləri onu deməyə əsas verir ki, təhsil ocağı fəaliyyətini düzgün qurmuşdur. Yaradılmış şəraitdən sonra məktəbin nailiyyətləri daha da artacaqdır. Uğurlu fəaliyyətin nəticəsidir ki, məktəbin 2 müəllimi “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. Bu böyük fəxr olmaqla yanaşı, həm də çəkilən zəhmətə, qazanılan nailiyyətlərə verilən qiymətdir.

Ali Məclisin Sədri bütün bunlara görə kollektivə təşəkkür edərək deyib: Məktəbdə müasir tədrisin tələbləri nəzərə alınaraq, elektron lövhəli siniflər, kompüter otağı, STEAM kabinəsi, şahmat otağı, laboratoriyalar, zəngin kitabxana qurulmuş, internetə çıxış təmin olunmuşdur. Bu gün muxtar respublikanın ucqar kəndlərində qurulan məktəblərlə mərkəzdəki məktəblər arasında fərq yoxdur. Bütün bunlar dövlətimizin təhsilə göstərdiyi qayğıdır. Yaradılan şərait həm şagirdlər, həm də müəllimlər üçün geniş imkanlar açır. Müəllimlər dərsləri şagirdlərə qavrama üsulu ilə öyrətməli, şagirdlər də dərslərini bu yolla mənimsəyərək öz biliklərini daha da möhkəmləndirməlidirlər.

Ali Məclisin Sədri deyib: Hər bir ölkə gələcəyini uğurlu görmək istəyir. Azərbaycan müstəqil dövlətdir, onun qurucusu ümummilli liderimiz Heydər Əliyevdir. Bu gün onun yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə təhsilə dövlət qayğısı göstərilir. Gənclərin vətənpərvər yetişdirilməsi Azərbaycanın müstəqilliyinin davamlı, gələcəyinin etibarlı olmasına xidmət edir. İnkişafa gedən yol təhsildən keçir. Bütün sahələr üçün yaxşı mütəxəssis, vətənpərvər gənclər məktəblərdə yetişdirilir. Yaradılan şərait imkan verəcəkdir ki, burada yetişdirilən təhsilli gənclər ölkəmizin gələcək inkişafında iştirak etsinlər. Bu da kollektivin ölkəmizin inkişafına, gələcəyinə verdiyi töhfədir.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına, təhsil ocağının muxtar respublikanın nümunəvi məktəbləri sırasında öz yerini qoruyub saxlayacağına əminliyini bildirib.

Binanın həyətində bufet və fərdi qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, abadlıq işləri aparılıb və yaşıllıq salınıb.

Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbi yeni binada fəaliyyət göstərəcək

Muxtar respublikada gənc nəslin təhsili ilə yanaşı, onların istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində də ardıcıl tədbirlər görülür. Uşaq-musiqi məktəbləri üçün yeni binaların tikilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Yanvarın 14-də Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbində fortepiano, tar, kamança, nağara, qarmon ixtisasları üzrə 109 şagird təhsil alır ki, onlardan 3-ü sağlamlıq imkanları məhdud uşaqlardır. Şagirdlərin təhsili ilə 29 müəllim məşğul olur. Məktəbdə Xor kollektivi, Xalq Çalğı Alətləri və Nağaraçalanlar ansamblları fəaliyyət göstərir.

İkimərtəbəli məktəb binasında direktor, müəllimlər otaqları, musiqi ədəbiyyatı, solfecio, nağara, qarmon, kamança, tar, fortepiano sinifləri olmaqla, ümumilikdə, 18 otaq, 40 yerlik konsert zalı, kitabxana, elektrik otağı və qarderob vardır.

Ali Məclisin Sədri musiqi məktəbinin kollektivi ilə görüşüb.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, bu gün qədim diyarımızda mədəniyyətimiz və onun bir qolu olan musiqi sənəti özünün inkişaf dövrünü yaşayır. Hər il Naxçıvan şəhərində, muxtar respublikanın rayon mərkəzlərində və kəndlərində yeni mədəniyyət müəssisələri, uşaq musiqi və bədii sənətkarlıq məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilir, gənc nəslə milli musiqi sənətinin aşılanması və musiqi təhsilinin nümunəvi təşkili üçün hər cür şərait yaradılır. Şərur rayonunun Şəhriyar kəndində musiqi məktəbi üçün yeni binanın istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Natəvan Qədimova göstərilən diqqət və qayğıya görə muxtar respublikanın mədəniyyət ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbinin müəllimi Sədaqət Məmmədova minnətdarlıq edərək deyib: “Məktəbimiz üçün müasir binanın inşa olunması kollektivin sevincinə səbəb olub. Müəllimlər göstərilən diqqət və qayğıdan ruhlanaraq gənc musiqiçi kadrların yetişdirilməsi üçün səylə çalışacaq, yaradılan şəraitdən səmərəli istifadə etməklə üzərlərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcəklər”. Sədaqət Məmmədova Ali Məclisin Sədrinə təbriklərini çatdırıb, Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbində yaradılan şəraitin dərslərin yüksək səviyyədə tədrisinə imkan verəcəyini bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov musiqi məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbi yenidənqurmadan sonra kollektivin istifadəsinə verilir. Musiqi məktəbləri milli musiqimizin yaşadılmasında xüsusi əhəmiyyət daşıyır. Bu gün muxtar respublikamızda fəaliyyət göstərən 26 musiqi məktəbindən 24-ü müasir tələblər səviyyəsində qurularaq istifadəyə verilib. Muxtar respublikada həyata keçirilən tədbirlər sayəsində musiqinin ilk pilləsindən başlamış ali musiqi təhsilinədək tədris yüksək səviyyədə təşkil olunmuşdur. Musiqi məktəbləri, Naxçıvan Musiqi Kolleci, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi muxtar respublikada ilk musiqi təhsilindən ali təhsilə qədər olan tədrisin əsasını təşkil edirlər. Bunun nəticəsidir ki, artıq musiqi məktəblərində ali təhsilli müəllimlər fəaliyyət göstərirlər.

“Təhsilli musiqiçilərin yetişməsi bir ölkənin milli musiqisinin yaşadılmasıdır”, - deyən Ali Məclisin Sədri bildirib ki, musiqi məktəblərinin yaradılması, müasir tədrisin tələbləri səviyyəsində qurulması, avadanlıqlarla təmin olunması ölkəmizdə musiqi mədəniyyətinə göstərilən dövlət qayğısıdır. 1989-cu ildən fəaliyyət göstərən Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbində bu gün 5 ixtisas üzrə tədris aparılır. Fortepiano istisna olmaqla, digər ixtisaslarda milli musiqi alətlərinin sirləri uşaqlara öyrədilir. Məktəbdə dünya xalqlarına məxsus musiqi alətlərinin öyrədilməsinə də yer verilməlidir. Yaradılan şərait imkan verəcək ki, gələcəkdə burada yeni ixtisaslar açılsın. Məktəbdə 109 şagirdin təhsil alması, bu tədris ilində 20-dək şagirdin qəbulu göstərir ki, musiqi məktəbinə maraq var. Məktəbdə yaxşı musiqiçilərdən ibarət kollektiv formalaşıb. Bu da imkan verəcək ki, məktəb nailiyyətlərini daha da artırsın, muxtar respublikanın musiqi məktəbləri içərisində özünə layiqli yer tutsun.

Ali Məclisin Sədri əldə etdikləri nailiyyətlər üçün kollektivə təşəkkür edib, yaradılan şəraitin onlara yeni imkanlar açacağına əminliyini bildirib, fəaliyyətlərində uğurlar arzulayıb.

Bina fərdi istilik sistemi ilə təchiz edilib, ətraf abadlaşdırılıb.

Şəhriyar Kənd Mərkəzində hərtərəfli şərait yaradılıb

Yanvarın 14-də Şəhriyar Kənd Mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, 3 mərtəbəli binada dövlət qurumları əhaliyə səmərəli xidmət göstərəcəkdir. Mərkəzdə rabitə evi, polis sahə və baytarlıq məntəqələri, 5027 ədəbiyyat fonduna malik olan kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, statistika və arxiv otaqları, 44 yerlik zal vardır.

Şəhriyar kəndində baytarlıq xidmətinin təşkilinə xüsusi diqqət yetirilir, mütəmadi olaraq baytarlıq müşahidələri aparılır, dezinfeksiya və dezinseksiya tədbirləri görülür. Kənddə maldarlıq və heyvandarlıqla yanaşı, əkinçilik, arıçılıq da inkişaf etdirilir.

Yeni Azərbaycan Partiyası Şəhriyar kənd ərazi ilk təşkilatının sədri Ələkbər Əliyev təşkilat üzvləri və kənd ictimaiyyəti adından minnətdarlıq edərək deyib ki, bu gün Şəhriyar kəndində yeni sosial obyektlər istifadəyə verilir. Bütün bunlar kənd əhalisinin rahatlığının təmin olunmasında mühüm rol oynayacaq.

Quruculuq, inkişaf Yeni Azərbaycan Partiyasının fəaliyyətinin nəticəsidir. Şəhriyar kənd ərazi ilk partiya təşkilatının 102 üzvü vardır ki, onların da 31-i gənc, 36-sı qadın, 28-i ali təhsillidir. Təşkilatımızın üzvləri kəndin ictimai işlərində fəal iştirak edirlər.

Rabitə evində poçt bölməsi yaradılıb, bu sahə üzrə göstərilən xidmətlərin səviyyəsi yüksəldilib. Burada yeni nəsil texnologiyalara əsaslanan 320 nömrə tutumlu ATS quraşdırılıb, genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Hazırda Şəhriyar kəndində 210 telefon və 96 internet istifadəçisi vardır.

Ali Məclisin Sədri akt zalında ailə təsərrüfatı sahiblərinin maarifləndirilməsi və digər tədbirlərin keçirilməsi ilə bağlı tapşırıqlar verib.

Binada fərdi istilik sistemi quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb.

İnsan sağlamlığı dövlət siyasətinin əsas prioritetidir

Ölkəmizdə dövlət siyasətinin əsas istiqamətini vətəndaşların sağlamlığı təşkil edir. Muxtar respublikada da müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası insanların sağlamlığının qorunması üçün geniş imkanlar açır.

Yanvarın 14-də Şəhriyar kəndində həkim ambulatoriyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhiyyə ocağının fəaliyyəti ilə maraqlanıb.

Məlumat verilib ki, ambulatoriya 8 otaqdan ibarətdir. Burada baş həkim, stomatoloji kabinə, doğuş, peyvənd, manipulyasiya, qeydiyyat otaqları və aptek vardır. Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar qoyulub. Ambulatoriyada elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksəktezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı, solyuks lampası var.

Ali Məclisin Sədri patronaj xidmətinin, yaş qruplarına uyğun işin təşkili, ambulatoriyada fəaliyyət göstərən aptekin tələbata uyğun dərman preparatları sifarişinin verilməsi və tibbi maarifləndirmə işinin aparılması barədə tapşırıqlar verib.

Binada fərdi istilik sistemi quraşdırılıb.

Abad diyar yolundan bəllidir

Sakinlərin rahatlığına xidmət edən quruculuq tədbirləri çərçivəsində abadlaşan Şəhriyar kəndinin avtomobil yolu da yenidən qurulub.

Yanvarın 14-də avtomobil yolu istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda aparılan yenidənqurma işləri ilə tanış olub.

Məlumat verilib ki, 3580 metrlik kənd avtomobil yolu yenidən qurulub, asfalt örtük salınıb. Yolun üzərində yol hərəkət nişanları qoyulub, 17 su keçidi və 256 metrlik beton kanal çəkilib, 9100 metr uzunluğunda olan kənddaxili yol hamarlanaraq qum-çınqıl qatı verilib.

Şəhriyarda yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

Şəhriyar kəndində əhalinin rahatlığının təmin olunması istiqamətində görülən kompleks tədbirlər çərçivəsində yeni xidmət mərkəzi də tikilib.

Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib.

Bildirilib ki, mərkəzdə sakinlərin gündəlik tələbatını ödəyəcək zəruri xidmət sahələri fəaliyyət göstərir. Burada bərbərxana, qadın gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar vardır. Mağazalarda keyfiyyətli yerli ərzaq məhsullarının, gündəlik tələbat mallarının, xüsusilə ailə təsərrüfatı məhsullarının satışı təşkil olunub. Mərkəzdə 6 nəfər işlə təmin edilib.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olub.

Ali Məclisin Sədri Şəhriyar kəndinin abad yaşayış məntəqələri sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək deyib: Bu gün Şəhriyar kəndi Azərbaycanın müasir kəndləri sırasına daxil olub. Kənddə yeni məktəb binasının, uşaq-musiqi məktəbinin, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, yolun və digər sosial obyektlərin istifadəyə verilməsi sakinlərin rahat yaşayışına hesablanıb. Harada rahatlıq var, orada inkişaf olacaq, məskunlaşma artacaqdır. Şəhriyarda da yaradılan şərait əhalinin rahatlığını təmin edəcək, məskunlaşma daha da artacaqdır. Bütün bunlar kəndin gələcək uğurlarına təminatdır. Kəndin məhsuldar torpaqları vardır. Heyvandarlıq, maldarlıq, quşçuluq inkişaf edib, torpaqlar əkilir, yaxşı məhsul götürülür, ailə təsərrüfatları formalaşıb. Bunların davamlı olması üçün dövlət tərəfindən bundan sonra da sakinlərə dəstək göstəriləcəkdir. Torpaqların əkilməsi dövlətin inkişafına töhfədir. Ona görə də kənd sakinləri ərzaq təhlükəsizliyinin təmin olunmasına və ölkənin inkişafına öz töhfələrini verməlidirlər.

Kənd ağsaqqalı Rəhim Rəhimov sakinlər adından minnətdarlıq edərək deyib: “Ölkəmizin ərazi bütövlüyünün bərpası üçün aparılan 44 günlük Vətən müharibəsində naxçıvanlı igid oğullar da şücaət göstərib. Bu yolda şəhid olanlara rəhmət, qazilərimizə şəfa diləyirəm. Bütün bunlar muxtar respublikada hər bir sahə kimi, ordu quruculuğuna da göstərilən qayğı sayəsində mümkün olum. Muxtar respublikanın hərtərəfli tərəqqisini özündə əks etdirən inkişaf və quruculuğun ünvanına çevrilmiş Şərur da bu gün yüksəlişin yeni mərhələsindədir. Son 25 ildə rayonun siması tamamilə dəyişib, çox sayda sosial obyektlər, istehsal və emal müəssisələri yaradılıb, yollar, körpülər salınıb, meliorasiya qurğuları istismara verilib. Görülən bu işlər rayon sakinlərinin daim sevincinə səbəb olur. Bu gün bizim kəndin sakinləri də sevinc içindədirlər. Çünki kəndimiz şəhər görkəmi alıb. Şəhriyar kəndinin insanları çox zəhmətkeş, torpağa bağlı insanlardırlar. Biz də çalışacağıq ki, bundan sonra da torpaqlarımızı əkib-becərək, yaxşı məhsul əldə edərək, ailə təsərrüfatı festivallarında, keçirilən yarmarkalarda rayonumuzu layiqincə təmsil edək. Bugünkü tədbir əlamətdar bir günə təsadüf edir. Belə bir əlamətdar gündə kəndimizə gəlməyinizə, yaratdığınız bu şəraitə və gözəlliyə görə Sizə kənd ağsaqqalları adından dərin minnətdarlığımızı bildiririk. Ad gününüz münasibətilə bütün rayon sakinləri adından Sizi təbrik edir, uzun ömür, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq. Söz veririk ki, qurulub-yaradılanları göz bəbəyimiz kimi qoruyub-saxlayacaq, gələcək nəsillərə ötürəcəyik”.

Ali Məclisin Sədri xidmət mərkəzində ailə təsərrüfatı məhsullarının satışına üstünlük verilməsi barədə tapşırıq verib.

X  X  X

Şəhriyar kəndində aparılan abadlıq-quruculuq işləri çərçivəsində 700 metr içməli su və 150 metr suvarma xəttində təmir-bərpa, 900 metr arxda və 800 metr kollektorda lildən təmizləmə işləri aparılıb. Kəndin rabitə, elektrik və qaz xətləri də yenilənib, 1484 metr fiber-optik, 1801 metr yeraltı, 1905 metr hava rabitə, 3000 metr izolyasiyasız, 1500 metr izolyasiyalı hava elektrik xətti çəkilib, 1 transformator yarımstansiyası yenidən qurulub, 1-i isə yenisi ilə əvəz olunub. Kəndin təbii qaz təchizatı da yaxşılaşdırılıb, yeni tikililərə 650 metr yeni qaz xətti çəkilib, 2987 metrlik qaz xəttində təmir-bərpa işləri aparılıb.

 
  • Oxunub:  1470  |  
  • Tarix:  14-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

19 Yanvar 19:09
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Çopurlu kəndinin videogörüntüləri yayımlanıb - VİDEO
19 Yanvar 19:03
Naxçıvanda insan amili dövlət siyasətinin əsas prioritetidir
19 Yanvar 18:50
ÜST rəhbəri bu ilin ilk 100 günü ərzində bütün ölkələrdə tibb işçiləri və yaşlı insanların vaksin alması üçün birgə fəaliyyət göstərməyə çağırıb
19 Yanvar 18:24
BDU-da “20 Yanvar - xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Yanvar 18:19
Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkəmizə əlavə pirotexniki qrup, texnika və avandanlığı gətirilib
19 Yanvar 18:17
Reza Deqati: Azərbaycan Ordusunun müharibə taktikası bəzi dövlətləri hərb sahəsinə yenidən baxmağa vadar edib
19 Yanvar 18:12
AFFA-da Vətən müharibəsinin iştirakçısı ilə görüş olub
19 Yanvar 18:01
Milli Məclisin sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, TÜRKSOY-un, Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri ilə görüşüb
19 Yanvar 17:57
Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası keçirilib
19 Yanvar 17:56
Milli Məclis sədrinin müavini qanvermə aksiyasında iştirak edib
19 Yanvar 17:47
Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
19 Yanvar 17:45
Bağdad Amreyev 2022-ci ildə Şuşanın türk dünyasının mədəni paytaxtı elan olunmasını təklif edib
19 Yanvar 17:42
Vladimir Kreydenko: Yanvar hadisələri Azərbaycanda sovet hakimiyyətinin süqutunun başlanğıcı oldu
19 Yanvar 17:40
Aida Mahmudovanın ABŞ-da açılmış sərgisi beynəlxalq media tərəfindən geniş işıqladırılıb
19 Yanvar 17:36
Seyid Abbas Müsəvi: İranla Azərbaycan arasında faydalı razılaşmalar əldə edilib
19 Yanvar 17:32
Bağdad Amreyev: Azərbaycan torpaqlarının azad edilməsi bütün türk dünyasının böyük zəfəridir
19 Yanvar 17:32
ADNSU Hindistanın Mühəndislik və Texnologiya İnstitutu ilə əməkdaşlıq edəcək
19 Yanvar 17:26
Prezident: Qarabağdakı tarix və mədəniyyət abidələrinin bərpasında TÜRKSOY-un fəal dəstəyinə ümid edirəm və buna əminəm
19 Yanvar 17:26
Arye Qut: Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü bərpa etməyə nail olmuş yeganə ölkədir
19 Yanvar 17:22
Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərilib
19 Yanvar 17:19
Prezident İlham Əliyev: Bu çətin vaxtda mənəvi-siyasi dəstək bizim xalqımız üçün olduqca vacibdir
19 Yanvar 17:18
Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar elmi konfrans keçirilib
19 Yanvar 17:12
Azərbaycan Prezidenti: Türk Şurası müharibə dövründə bizi hamıdan çox dəstəkləyən təşkilatdır
19 Yanvar 17:10
Prezident İlham Əliyev: Zənnimcə, lap yaxın vaxtlarda biz hamımız dirçəldilmiş şəhərləri görəcəyik
19 Yanvar 17:08
Ərəb KİV-ləri 20 Yanvar hadisələrindən bəhs edən məqalə yayıblar
19 Yanvar 16:50
YAP İdarə Heyətinin iclası keçirilmişdir
19 Yanvar 16:39
Prezident İlham Əliyev: XX əsrdə belə barbarlıq, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib
19 Yanvar 16:34
Müharibə və pandemiya reallıqları fonunda Azərbaycanda yeni istehsal müəssisələrinin yaradılması ölkəmizin uğurlu inkişafının göstəricisidir
19 Yanvar 16:22
Vətəndaşların Şəhidlər xiyabanını ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək
19 Yanvar 16:20
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edib
19 Yanvar 15:54
Azərbaycanda koronavirus infeksiyasından 949 nəfər sağalıb, 305 yeni yoluxma faktı qeydə alınıb
19 Yanvar 15:37
Respublika Veteranları Təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər
19 Yanvar 15:10
“Zəfər yolu” sentyabradək istifadəyə veriləcək
19 Yanvar 14:56
Vyetnam mətbuatı Azərbaycan Prezidentinin Füzuli və Şuşaya səfərindən yazır
19 Yanvar 14:52
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
19 Yanvar 14:52
Nazir müavini: Kəlbəcərdə ermənilərin törətdiyi ekoloji terrorun izləri ürəkağrıdıcıdır
19 Yanvar 14:46
Məhəmməd İslami: Yüklərin Azərbaycan üzərindən tranzit daşınması “Şimal-Cənub” dəhlizinin fəaliyyətini artıracaq
19 Yanvar 14:45
Vaqif Əsədov: Şaxtalı hava şəraitinin proqnozlaşdırılması ilə əlaqədar sürücülər son dərəcə diqqətli olmalıdırlar
19 Yanvar 14:43
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
19 Yanvar 14:41
Tengiz Txilava: Heç bir sağlam qüvvə ermənilərin yalan məlumatlarına inanmır
19 Yanvar 14:41
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
19 Yanvar 14:05
Azərbaycanda yeni qızıl-mis yatağı kəşf edilib
19 Yanvar 14:03
Sabah paytaxtda sulu qar, qar yağacaq
19 Yanvar 13:36
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Şəkərcik kəndinin videogörüntülərini paylaşıb VİDEO
19 Yanvar 13:32
Umayra Tağıyeva: Ən hündür qar örtüyü Qax rayonun dağlıq ərazilərində müşahidə edilib
19 Yanvar 13:04
İndiyədək 2778 şəhidin 6790 ailə üzvünə pensiya, müavinət və təqaüd təyinatı aparılıb
19 Yanvar 12:58
Ədəbiyyat İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
19 Yanvar 12:54
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 2747 vətəndaş qəbul edilib
19 Yanvar 12:48
Milli Məclisin insan hüquqları komitəsinin yaz sessiyasında ilk iclası keçirilir
19 Yanvar 12:30
İlk dərslər 20 Yanvar mövzusuna həsr edilib
19 Yanvar 12:29
Bu gün ölkə ərazisində yağıntının intensivləşəcəyi, havanın temperaturunun daha 4-5° enəcəyi gözlənilir
19 Yanvar 12:08
YAP Sabirabad rayon təşkilatının yaradılmasının 28-ci ildönümü ilə bağlı tədbir keçirilib
19 Yanvar 12:04
AzTV-də 20 Yanvarla bağlı yeni sənədli film nümayiş olunacaq
19 Yanvar 11:51
Nazir: Sumqayıt Kimya Sənaye Parkında açılan zavodlar xaricə valyuta axınını azaldacaq
19 Yanvar 11:50
Pərviz Şahbazov Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin 11-ci Assambleyasında iştirak edib
19 Yanvar 11:46
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib
19 Yanvar 11:41
Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib
19 Yanvar 11:18
Daha iki şəhid ailəsinə təqaüd kartları təqdim edilib
19 Yanvar 11:17
Keçən il Azərbaycana 795,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
19 Yanvar 11:13
Xınalıqda 15 santimetr qar, mənfi 7 dərəcə şaxta qeydə alınıb
19 Yanvar 11:13
20 Yanvar – Xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi
19 Yanvar 11:11
Ötən il icbari tibbi sığorta çərçivəsində 8 milyondan çox tibbi xidmət göstərilib
19 Yanvar 11:06
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
19 Yanvar 09:21
Tehranda Azərbaycan-İran əlaqələrinin perspektivləri müzakirə edilib
19 Yanvar 09:19
Arif Fərzəliyev: Moskva görüşü Cənubi Qafqazda vəziyyətin stabilləşməsi və iqtisadi inkişafın müsbət dinamikasının təmin olunması baxımından yeni prespektivlər açır
19 Yanvar 09:18
Sevda Abdullayeva: Qarabağ Dirçəliş Fondunun yaradılması mühüm hadisədir
19 Yanvar 09:16
Vüqar Seyidov: Moskvada imzalanan üçtərəfli bəyanat region ölkələri üçün böyük əhəmiyyətə malikdir
19 Yanvar 09:13
Tahir Kərimli: Əldə edilən razılaşmalar Azərbaycanın maraqlarına uyğundur
19 Yanvar 09:11
Azərbaycan öz qələbəsini siyasi-diplomatik yolla gücləndirir
19 Yanvar 09:06
Sübut Əsədov: Müharibə zamanı vətəndaşların dağıdılmış evlərinin bərpası dövlətin qarşıya qoyduğu əsas vəzifələrdən biridir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+4 +6
gecə+2 +4