“Ötən ilin ümumi mənzərəsini bütün aspektlərdən dəyərləndirərkən, demək olar ki, 2020-ci il dünya və ölkəmiz üçün elə də asan keçmədi. Lakin bütün çətinliklərə rəğmən, 2020-ci il Azərbaycan üçün uğurlu oldu, Zəfər ili kimi şanlı tariximizə yazıldı. Vətən müharibəsində qələbənin tarixi əhəmiyyəti odur ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və 30 illik işğal faktına son qoyuldu”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev deyib.
Ə.Haqverdiyevin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev əvvəlki illərdə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağı və bunun istənilən yolla təmin ediləcəyinə dair vədini yerinə yetirdi: “Beləliklə, Azərbaycan xalqının əzmi, ordumuzun qəhrəmanlığı və Ali Baş Komandanın qətiyyəti qələbəmizi şərtləndirdi”.
İşğalçı Ermənistandan fərqli olaraq hərbi əməliyyatlar dövründə ölkəmizin humanistlik nümayiş etdirdiyini söyləyən Ə.Haqverdiyev deyib ki, Azərbaycanın yürütdüyü humanizm siyasətindən düşmənin sui-istifadə etdiyinin şahidi oluruq: “Azərbaycanın icazəsi olmadan xarici ölkə vətəndaşlarının, rəsmi şəxslərinin, o cümlədən Fransa parlamentarilərinin, Ermənistan XİN rəhbərinin Dağlıq Qarabağa səfərləri bunu sübut edir. Təbii ki, Azərbaycan Prezidenti bu hərəkətlərə kəskin şəkildə etirazını bildirib. Dövlət başçısı qəti olaraq vurğulayıb ki, bizim icazəmiz olmadan heç kim o torpaqlara ayaq basa bilməz. Əgər belə təxribatçı addımlar davam edəcəksə, Azərbaycan sərt cavab verəcək”.
“Ümumiyyətlə, Azərbaycanın prinsipial mövqeyi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsaslanır. Bu Bəyanatda təsbit olunmamış heç bir fəaliyyət həyata keçirilə bilməz, yaxud Azərbaycanın buna prinsipial icazəsi olmalıdır. Azərbaycan hazırda vəziyyəti başa düşür və humanitar məsələlərin həllinə razılığını verib. Lakin bundan sui-istifadə yolverilməzdir”, - deyə Ə.Haqverdiyev vurğulayıb.
- Oxunub: 3180 |
- Tarix: 14-01-2021 |
-
Çap et |