“Moskva görüşü Azərbaycan üçün uğurlu və faydalı oldu. Biz bu görüşdən daha da özünəinamlı və qazanclı çıxdıq. Görüşün nəticələri Azərbaycan tərəfini tam qane edir. Qane olmayan, narazı qalan tərəf isə həmişəki kimi yenə də Ermənistan oldu”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.
Əlisahib Hüseynov bildirib ki, Paşinyan başa düşdü ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Bunu Azərbaycan və Rusiya prezidentlərinin görüşün yekunları ilə bağlı çıxışlarından da görmək olur. Elə Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskinin bununla bağlı “30 ildir davam edən Dağlıq Qarabağdakı münaqişə indi getdikcə daha çox tarixə çevrilir və bu torpaqlara dayanıqlı sülh gətirir”, - deyə əminliklə söylədiyi fikir də bizim bu mövqeyimizi təsdiqləyir.
Partiya sədrinin sözlərinə görə, Ermənistanda bir çoxlarının Moskvada imzalanmış üçtərəfli bəyanata qarşı çıxması isə tamamilə təbii və gözlənilən idi. Erməni müxalifəti ümumiyyətlə, bu görüşü Ermənistan üçün növbəti məğlubiyyət kimi qiymətləndirir. Bu barədə parlamentdə təmsil olunan “İşiqlı Ermənistan” partiyasının sədri Edmon Marukyanın açıqlaması xüsusilə diqqəti cəlb edir. Marukyan üçtərəfli bəyanatın, ancaq Azərbaycanın maraqlarına xidmət etdiyini deyib. Bir sözlə, erməni ictimaiyyəti də, erməni siyasətçiləri də hələ görüşdən öncə bu görüşü Ermənistan üçün növbəti faciə adlandırırdılar. Ermənistanın baş naziri Nikol Paşinyan bu görüşdə istəklərinə, məqsədlərinə nail ola bilmədi və sadəcə, şikayətlənməklə kifayətlənməli oldu. Paşinyan bu görüşdə özünü psixoloji baxımdan autsayder vəziyyətində hiss edirdi.
“Münasibətlərdəki fərq görüşün nəticələrinə də öz təsirini göstərdi. Belə ki, Rusiya prezidenti bu dəfəki çıxışında qətiyyən “status” məsələsinə toxunmadı. Digər önəmli məqam isə bölgədə çoxtərəfli iqtisadi və nəqliyyat əlaqələrinin qurulması ilə (o cümlədən Naxçıvan-Zəngəzur dəhlizi ilə) bağlı razılıq əldə olunması idi. Bu məqam görüş nəticəsində imzalanmış sənəddə - üçtərəfli bəyanatda öz əksini tapdı. Sözügedən bəyanat 10 noyabr Bəyanaməsinin 9-cu maddəsinin icrasına, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və bütün bu işlərin həyata keçirilməsi üçün işlək mexanizmin yaradılmasına xidmət edir. Deməli, Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılacağı gün elə də uzaqda deyil. Ermənilər bununla hesablaşmaq istəsələr də, istəməsələr də bu bütün hallarda qaçılmazdır. Ermənilər reallıqla barışmaq məcburiyyətində qalacaqlar. 11 yanvar Moskva görüşü barədə fikir və təəssüratlarımızı ümumiləşdirəsi olsaq, mən bu görüşün nəticələrini ölkəmiz üçün irəliyə doğru atılmış böyük bir addım kimi dəyərləndirirəm”, - deyə Ə.Hüseynov vurğulayıb.
N.BAYRAMLI
- Oxunub: 1800 |
- Tarix: 14-01-2021 |
-
Çap et |