“Hazırda xalqımızın və dövlətimizin qarşısında duran əsas məsələlər işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, tarixi abidələrimizin bərpasıdır. Eyni zamanda, müharibə zamanı cəbhəyanı yaşayış məntəqələrinə dəymiş ziyanın aradan qaldırılması da qarşıda duran əsas və təxirəsalınmaz məsələlərdəndir”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Zaman Partiyasının sədri Musa Ağayev söyləyib.
M.Ağayev deyib ki, 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, ərazilərin bərpası ilə paralel olaraq minalardan təmizlənmə işləri də həyata keçirilməlidir: “Təəssüf ki, biz elə bir mənfur düşmənlə müharibə aparmışıq ki, qarşı tərəf işğal altında olan ərazilərin çox hissəsini minalayıb və xəritələri Azərbaycana verməyib. Halbuki müharibənin qanun və qaydalarına görə döyüşlər başa çatandan sonra minalanmış ərazilərin xəritələri qarşı tərəfə verilməlidir. Dövlət başçısının qeyd etdiyi kimi, minalardan təmizlənmə sahəsində işlər gücləndirilməlidir. İlkin mərhələdə Müdafiə Nazirliyinin tabeliyində iki istehkamçı tabor yaradılacaq. Eyni zamanda, Türkiyədən 130 nəfərdən ibarət böyük heyət, Rusiyadan bir qrup istehkamçı gəlib”.
Partiya sədrinin sözlərinə görə, işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası mühüm əhəmiyyət kəsb edir: “Dövlət başçısının qeyd etdiyi kimi, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün bu istiqamətdə dörd mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfə verən Azərbaycan bu işdə ayrı-ayrı dövlətlərin, həmçinin beynəlxalq təşkilatların köməyinə də arxalana bilər. Eyni zamanda, Qarabağdakı quruculuq işində hamımız birlik nümayiş etdirməli və dövlətə əlimizdən gələn dəstəyi göstərməliyik”.
Qaşqay RAMAZANOV
- Oxunub: 1770 |
- Tarix: 14-01-2021 |
-
Çap et |