Son illər ölkəmizdə aparılan genişmiqyaslı islahatlar siyasi münasibətlərin inkişafına da əhəmiyyətli təsir göstərir. Amma görünən odur ki, radikal müxalifət bu prosesi qıcıqla qarşılayır. Bunu “milli şura” adlandırılan, əslində isə fəaliyəti ilə antimilli şura olduğunu təsdiqləyən qondarma qurumun sədri Cəmil Həsənlinin özünün “facebook” səhifəsində paylaşdığı fikirlərindən də görmək olar. Belə ki, o, ölkəmizdə siyasi münasibətlərin inkişafına və iqtidarla müxalifət partiyaları arasında dialoqun güclənməsinə kinayə ilə yanaşır, bəzi iddialar səsləndirir.
Əlbəttə ki, C.Həsənlinin iddialarının heç bir əsası yoxdur. Bunun üçün son vaxtlarda baş verən prosesləri xatırlatmaq kifayətdir. Yuxarıda da vurğuladığımız kimi genişmiqyaslı islahatlar ölkədə siyasi dialoqun və siyasi münasibətlərin inkişafına da özünün töhfələrini verməkdədir. Ötən ilin fevral ayında keçirilmiş parlament seçkilərindən sonra Milli Məclisin rəhbər strukturlarında müxalifət partiyalarının nümayəndələrinin təmsil olunması, iqtidar nümayəndələri ilə partiya rəhbərlərinin mütəmadi olaraq görüşü və digər addımlar siyasi münasibətlərin əyani ifadəsidir. Yeri gəlmişkən, yanvarın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə də dövlətimizin başçısı bu məsələlərə toxunaraq ölkədə siyasi islahatların əhəmiyyətini vurğulayıb. Qeyd olunduğu kimi Prezident Administrasiyasında yeni yaradılmış müvafiq şöbənin rəhbəri ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə mütəmadi olaraq görüşlər keçirir, aktual məsələlərlə bağlı müakirələr aparılır. Eləcə də partiyaların yeni ofislərlə təmin olunması və s. addımlar siyasi münasibətlərin inkişafını göstərir.
Onu da vurğulayaq ki, bu islahatlar ölkədə milli birliyin güclənməsinə də əhəmiyyətli təsir göstərdi. Ötən il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq ordumuz əks-hücum əməliyyatlarına başlayarkən ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti, 50 partiya rəhbəri birgə bəyanat imzalayaraq Ali Baş Komandana və Ordumuza birmənalı dəstəyini ifadə etdi. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində bu siyasi partiyalar prinsipial, vahid mövqelərini nümayiş etdirdilər. Lakin təəssüflə qeyd etmək lazımdır ki, radikal mövqedə olan məhz C.Həsənlinin rəhbərlik etdiyi “milli şura”, o cümlədən AXCP və “Müsavat” bu ümummilli məsələdə həmrəylik nümayiş etdirmədi, siyasi partiyaların birgə bəyanatına qoşulmadılar.
Noyabrın 10-da isə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanatla müharibə başa çatdı. Bu sənəd işğalçı Ermənistanın kapitulyasiyası idi. 10 noyabr razılaşmasını Azərbaycan xalqı böyük coşqu, Ermənistan cəmiyyəti isə kədər hissi ilə qeyd etdi. Erməni cəmiyyətində bu məğlubiyyəti həzm edə bilməyənlər hələ də bu günə qədər Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyaları keçirirlər.
Belə bir şəraitdə, konkret olaraq özlərini “milli şura” adlandıran, əslində isə antimilli şura ünsürləri olan radikallar qazanılan böyük qələbəmizə kölgə salmağa başladılar. Onlar noyabrın 10-dan etibarən yanlış fikirlərlə ictimai rəyi çaşdırmağa cəhd göstərirlər. Sentyabrın 27-dən siyasi fəaliyyətlərində moratorium elan etdiklərini deyən radikallar məhz 10 noyabr tarixindən sonra ermənipərəst qüvvələrin Azərbaycana qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməkdədirlər. Bu isə onların yeni təlimat aldıqlarına işarədir. Təbii ki, radikal müxalifətin məlum davranışı heç də təsadüfi xarakter daşımır. Özlərini xalqa “vətənpərvər” kimi təqdim edənlər indi müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər.
Ümummilli məsələlərdə, dövlətimizin inkişafı prosesində iqtidarla müxalifət partiyaları eyni mövqedən çıxış edirsə, həmrəylik nümayiş etdirirsə bunun nəyi pisdir? Yəqin, Cəmil Həsənlinin məntiqinə görə müxalifət yalnız təhqiramiz ifadələr səsləndirməli, iqtidarın gördüyü müsbət işləri görməzdən gəlməlidir. O, bu səbəbdən də ölkəmizdəki konstruktiv, söyüş söyməyən müxalifəti hədəfə alır. Təbii ki, demokratik cəmiyyətlərdə müxalifətin mövcudluğu əsas göstəricilərdən biridir. Amma bu müxalifət iqtidarın gördüyü işlərə qiymət verərkən obyektiv olmalı, müsbət işləri dəyərləndirməli, çatışmazlıqlarla bağlı sağlam tənqidi mövqe ortaya qoymalı, ümummilli məsələlərdə həmrəylik nümayiş etdirməlidir.
Əslində, C.Həsənlinin siyasi dialoq və siyasi münasibətlərin inkişafını “öz arşını” ilə ölçməsi başadüşüləndir. Çünki onun siyasi fəaliyyətinin nə qədər ziddiyyətli olduğu bütün cəmiyyətə məlumdur. İllər öncə Cəmil Həsənli deputat mandatından imtina etmədiyi üçün Əli Kərimli tərəfindən AXCP-dən qovuldu, deputat olduğu illərdə iqtidarın ünvanına təriflər söylədi, amma növbəti seçkilərdə millət vəkili seçilmədiyi üçün mövqeyini 180 dərəcə dəyişərək vaxtilə onu AXCP-dən qovan Ə.Kərimlinin yanında yer aldı. İndi isə Azərbaycandan uzaq bir məkanda oturub ölkəmizdəki proseslər haqqında qeyri-ciddi fikirlər səsləndirməklə məşğul olur. Ona görə də, antimilli şuranın sədrinin ölkəmizdə siyasi dialoq, müxalifətçilik haqqında danışmağa mənəvi haqqı yoxdur.
Nardar BAYRAMLI
- Oxunub: 1110 |
- Tarix: 14-01-2021 |
-
Çap et |