Səfərbərlikdən tərxis edilmiş vətəndaşların qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə komissiya yaradılıb. Komissiya yanvarın 11-dən bazar günü istisna olmaqla səhər saat 08:00-dən axşam saat 18:00-dək fəaliyyət göstərir. Komissiya indiyədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 532 müraciətə baxılıb. Komissiyanın Füzulidə yerləşən səyyar qrupu tərəfindən isə 96 müraciətə baxılıb. Vətəndaşlara lazımi qaydada kömək göstərilməsi üçün komissiya üzvləri bütün tədbirləri görüblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov yanvarın 13-də jurnalistlərə müsahibəsində məlumat verib.
Mətbuat katibi bildirib ki, son zamanlar səfərbərlik üzrə xidmətə çağırılmış və Vətən müharibəsindən sonra tərxis edilmiş vətəndaşlarımızın bəziləri müraciətlərini sosial şəbəkələr vasitəsilə edirlər. Həmin şəxslərə bir daha xatırladırıq ki, bu müraciətlər anonim olduğundan biz onlara cavab verə bilmirik.
“Bir daha xatırladırıq ki, onları narahat edən hər hansı məsələlərin həlli üçün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən müvafiq komissiyaya yazılı və şifahi qaydada müraciət etmələri kifayət edir. Sosial şəbəkələrdə yayılan bu məlumatlar müzəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirir. Eyni zamanda, bu, düşmən dəyirmanına su tökmək deməkdir”, - deyə Anar Eyvazov vurğulayıb.
O qeyd edib ki, komissiya üzvləri müraciətlərlə bağlı qeydiyyat aparırlar və lazımi kömək göstərməyə çalışırlar.
- Oxunub: 1680 |
- Tarix: 13-01-2021 |
-
Çap et |