Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Pandemiya və müharibə şəraitində müşahidə olunan müsbət dinamika Azərbaycan iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir

Pandemiya və müharibə şəraitində müşahidə olunan müsbət dinamika Azərbaycan iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir

12.01.2021 [09:35]

Prezident İlham Əliyev: Qeyri-neft sənayesinin 11 faizdən çox artması real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir
Artıq tarixə dönən 2020-ci ildə pandemiya şəraitində bütün dünya ölkələri qapanmaya getməyə məcbur oldu ki, bu da beynəlxalq miqyasda iqtisadi fəallığa və artıma olduqca mənfi təsir göstərdi. Mütəxəssislərin qənaətinə görə, pandemiya səbəbindən qlobal iqtisadiyyatda müşahidə edilən tənəzzül meyilləri 2008-ci il böhranı ilə müqayisədə daha genişmiqyaslıdır. Təbii ki, Azərbaycanda da insanların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə tətbiq olunmuş məhdudiyyətlər iqtisadi duruma mənfi təsir göstərib. Üstəlik, sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi zamanı ölkənin bütün potensialı vahid məqsəd üçün səfərbər olundu. Bütün bunlara rəğmən, digər ölkələrlə müqayisədə Azərbaycan pandemiya ilindən daha az itkilərlə çıxdı. 2020-ci ildə respublikamızda qeyri-neft sənayesi 11 faiz, orta aylıq əməkhaqqı və pensiyalar 13-14 faiz, kənd təsərrüfatı 2 faiz artıb. Neft Fondunun vəsaitləri çoxalıb. Sosial sahədə böyük tədbirlər həyata keçirilib. Bütün bunlar neftin qiymətinin aşağı düşdüyü, pandemiya, müharibə ilində baş verib. Bu, ölkə iqtisadiyyatının dayanıqlılığını, bütövlükdə Azərbaycan dövlətinin gücünü və aparılan siyasətin düzgünlüyünü aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyev Onun Sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədəki nitqində ötənilki çətinliklər fonunda milli iqtisadiyyatımızda müşahidə edilən müsbət məqamlara diqqət çəkib. “Qeyri-neft sənayesinin 11 faizdən çox artması real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir”, - deyə dövlətimizin başçısı bildirib.
2020-ci ildə beynəlxalq miqyasda Azərbaycan iqtisadiyyatına maraq artmaqda davam edib
Son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl və məqsədyönlü siyasət ölkəmizin beynəlxalq birliyə sıx inteqrasiyasını təmin edib. O cümlədən pandemiya səbəbindən bir sıra çətinliklərlə müşayiət olunan 2020-ci ildə beynəlxalq miqyasda Azərbaycan iqtisadiyyatına maraq artmaqda davam edib. Bu da respublikamızda iqtisadi inkişaf üçün bütün şərtlərin təmin olunması və əlverişli investisiya mühitinin yaradılması ilə bağlıdır. Aparılan islahatlar çərçivəsində möhkəm hüquqi bazanın formalaşdırılması, təşviq tədbirləri və praktiki müstəvidə atılan addımlar ölkəmizin investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin yanvar ayında Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına etdiyi işgüzar səfər və səfər çərçivəsində keçirdiyi görüşlər bir daha təsdiqlədi. Diqqətçəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, bu görüşlərdə və müzakirələrdə Azərbaycana böyük maraq ifadə olunub. Davosda Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. Sənədi Prezident İlham Əliyev və Forumun prezidenti Borge Brende imzalayıblar. Qeyd edək ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.
2020-ci il 19-21 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin İtaliyaya ilk dövlət səfəri olan bu səfər mahiyyət və məzmun etibarilə tarixi səciyyə daşıyıb. Səfər çərçivəsində ümumilikdə 28 sənəd imzalanıb. Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində Azərbaycan-İtaliya biznes forumunun keçirilməsi əlamətdar hadisədir. Biznes foruma hər tərəfdən 100-ə yaxın şirkət qatılıb.
Ötən ilin fevralında Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirildi və 25 fevral 2020-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” imzalandı.
Əlamətdar haldır ki, yüksək beynəlxalq nüfuza malik iqtisadi- maliyyə qurumları Azərbaycanda iqtisadi durumu yüksək qiymətləndirirlər. Bu baxımdan Dünya Bankının “Doing business” hesabatı, Davos Dünya İqtisadi Forumunun dəyərləndirmələri, xüsusilə xarakterikdir. Bəhs olunan hesabatlarda respublikamız bir sıra parametrlər üzrə dünya ölkələri arasında öncül mövqelərə yüksəlib. Bundan məmnunluğunu bildirən Prezident İlham Əliyev “Yeni reytinqə görə, Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Bizim işimizə ağızlarını büzən, iqtisadiyyatdan başı çıxmayan tiplər üçün, ünsürlər üçün, bax, budur əsas. Dünya Bankı bunu deyir. Biznes iqlimi, investisiya iqlimi, aparılan islahatlar Dünya Bankı tərəfindən qeyd edilir. Bundan əlavə, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir”, - deyə vurğulayıb.
Pandemiya şəraitində milli iqtisadiyyatın funksionallığının təmin edilməsi üçün zəruri tədbirlər görülür
Azərbaycan özünün iqtisadi siyasətini zamanın dəyişən tələblərinə və meydana çıxan yeni çağırışlara uyğun qurur. Bu baxımdan ölkəmizdə pandemiya şəraitində milli iqtisadiyyatın qorunması və funksionallığının təmin edilməsi üçün hüquqi və praktiki müstəvidə zəruri tədbirlər görülməsi təqdirəlayiq haldır. 4 aprel 2020-ci il tarixində koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi böyük aktuallıq daşıyır. Sənəddə pandemiya şəraitində milli iqtisadiyyatımıza dəstək tədbirlərinin geniş spektri öz əksini tapıb. Ölkəmizdə pandemiya şəraitində fərdi (mikro) sahibkarlara dəstəyin davam etdirilməsi, yeni güzəştli kreditlərin tətbiq edilməsi üzrə onlayn platforma fəaliyyət göstərir, iqtisadi subyektlərin maliyyə təminatını gücləndirmək üçün banklar tərəfindən böyük həcmlərdə kreditlər ayrılıb. Mövcud kreditlərin faizlərinin ödənişlərinə dəstək proqramı icra olunmaqdadır. Vergi güzəştlərinə aid olan bütün tədbirlər qanunvericilikdə öz əksini tapıb, o cümlədən ipoteka proqramının genişlənməsinə dair tədbirlər də həyata keçirilib. Respublikamızda pandemiyadan zərər çəkən vergi ödəyicilərinin muzdlu işçilərinə və fərdi sahibkarlara dövlətin maliyyə dəstəyinin göstərilməsi, eləcə də məşğulluğun dəstəklənməsi proqramlarının reallaşdırılmasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldilib. İndiki mərhələdə, həmçinin iqtisadiyyatımızda genişmiqyaslı şəffaflaşdırma tədbirləri görülür. Pandemiya dövründə respublikamızda əmək müqavilələrinin sayının artması unikal bir hadisədir. Bu o deməkdir ki, Azərbaycanda artıq kölgə iqtisadiyyatı keçmişə qovuşmaqdadır. Pandemiya şəraitində milli iqtisadiyyatın dəstəklənməsi baxımından sahibkarlar üçün Elektron Kredit Platformasının, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması, Milli İxrac Strategiyasının hazırlanması mühüm əhəmiyyət daşıyır. Ümumiyyətlə, Prezident İlham Əliyevin ötən il imzaladığı bir sıra mühüm sənədlərə istinadən deyə bilərik ki, respublikamızda indiki şəraitdə meydana çıxan yeni çağırışlara adekvat olaraq iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsi formalaşdırılır. Xatırladaq ki, dövlət başçısının 9 sentyabr 2020-ci il tarixində imzaladığı Fərmana əsasən yeni struktur - Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb.
Pandemiya şəraitində ölkəmizdə yeni istehsal müəssisələrinin yaradılması da diqqətəlayiq haldır. Xatırladaq ki, ötən ilin aprelində Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi istifadəyə verildi. May ayında isə yenə də Sumqayıtda “Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsi fəaliyyətə başladı. Hazırda respublikamızda bəhs olunan məhsullara olan daxili tələbat yerli istehsal hesabına qarşılanır. 14 sentyabr 2020-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılması da milli iqtisadiyyatımızın dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İşğaldan azad edilən ərazilərin iqtisadi potensialından istifadə edilməsi ölkəmizdə ÜDM-in artmasına müsbət təsir göstərəcək
44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsini şərtləndirən amillər sırasında ölkəmizin güclü iqtisadi potensialı xüsusi yer tutur. Respublikamız son 17 ildə məhz getdikcə artan iqtisadi-maliyyə imkanlarından bəhrələnməklə güclü ordu yaratmağa, Silahlı Qüvvələrimizi müasir döyüş texnikası ilə təchiz etməyə nail oldu. Güclü Ordumuz isə Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirərək düşməni kapitulyasiyaya uğratdı və ərazi bütövlüyümüzü tam təmin etdi.
Azərbaycanın üç onillik ərzində işğalçı Ermənistanın nəzarəti altında qalan torpaqlarının işğaldan azad edilməsi sosial-iqtisadi baxımdan da mühüm əhəmiyyət daşıyır. Düşmənin işğalçılıq siyasəti nəticəsində Azərbaycana dəyən ziyanın statistikası kifayət qədər böyükdür. Vaxtilə Ermənistanın işğalına məruz qalan ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı, o cümlədən 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı yatağı və sair var. Təkcə sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızılın dünya bazarında qiyməti 8 milyard ABŞ dolları ətrafındadır.
Regionda, həmçinin turizm və yaradıcı sənayenin, xalçaçılığın da geniş inkişaf perspektivləri var. Hesablamalara görə, üç onillik ərzində işğal altında qalan 250 min hektar, keçmiş təmas xəttinə yaxın olan istifadəsiz 120 min hektar ərazinin postkonflikt dövründə əkin dövriyyəsinə cəlbi imkanları var. Mütəxəssislər bu qənaətdədirlər ki, işğaldan azad edilən ərazilərin iqtisadi potensialından, turizm imkanlarından istifadə edilməsi ölkəmizdə ÜDM-in artmasına müsbət təsir göstərəcək. İşğaldan azad edilmiş ərazilərin böyük iqtisadi potensialı olduğuna diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı sistemli xarakter almalıdır və hökumət, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi bəri başdan prioritetlər seçməlidir. İlk növbədə, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün hansı məhsullar əkilməlidir. Azad edilmiş torpaqların həm bitkiçilik, həm də heyvandarlıq sahəsində çox böyük potensialı var”.
Qeyd edək ki, artıq işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı sosial-iqtisadi konsepsiya hazırlanıb və bir sıra infrastruktur layihələrinin icrasına start verilib. Eləcə də ötən il Şuşada ilk istehsal müəssisələri fəaliyyətə başlayıb. Bunlar əzəli torpaqlarımıza böyük qayıdışımızın başlanğıcıdır. Torpaqlarımızın əsl sahiblərinin Qarabağı başdan-başa cənnətə döndərəcəkləri gün uzaqda deyil.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 276 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30