Və ya qələbəmizə qara yaxmağa çalışan üzqaralarına bəzi vacib xatırlatmalar
Hər zaman dövlətə qarşı olan, xalqın iradəsinə əks-mövqedə qərarlaşan, Azərbaycanın milli maraqlarını satmağa hazır radikal müxalifət düşərgəsinin təmsilçiləri Vətən müharibəsindən dərhal sonra növbəti fiaskosunu ört-basdır etmək üçün öz anlamlarına görə fərqli, əslində isə, köhnə-ənənəvi üsullara əl atmaqdadırlar. Yəni radikal düşərgə təmsilçilərinin necə düşünməklərindən asılı olmayaraq ortada bir reallıq var. Bu da onların təfəkkürü ilə bağlıdır. Belə ki, dağıdıci ünsürlərin təfəkkürləri saat əqrəbi kimi yalnız eyni radiusda fırlandığı üçün ortaya qoyduqları “bəhanə” belə dəyişmir. Necə deyərlər, əlinin beş barmağını bal elə, deyəcək, zəhərdir. Əlqərəz, pafoslu çıxışları ilə “siyasi morq”dan diriləcəklərinə ümid edən radikalların gerçək kimlikləri hər addımlarında bir daha ifşa olunur.
Bu dəfə də belə oldu. Belə ki, Qarabağ zəfərini həzm edə bilməyən Əli Kərimli, Sevinc Osmanqızı və bu kimi buqələmunlar danışmağa söz tapmayanda öz adlarını başqasına qoymağa çalışırlar...
Günün 24 saatı sosial şəbəkədən yalan, iftira fışqıran bu dağıdıcı ünsürlər qələbəmizə hansı ləkələri yaxmadılar görəsən? Bu gün müharibə dövründə “taym-aut” götürdüyünü iddia edən radikal ünsürlərin bu davranışının da səmimi olmadığı gün kimi ortadadır. Nədənsə, bu ünsürlər hesab edirdilər ki, Azərbaycan dövləti hansısa ermənipərəst dövlətin və ya təşkilatın çağırışı, lap elə təzyiqi ilə müharibədən geri çəkiləcək. Deyərdim ki, hətta müharibənin ilk günlərində Əli Kərimli və onun kimi xalqına, dövlətinə düşmən kəsilənlər arzu etdikləri sonluğun “nitqini” də hazırlamışdılar.
Amma Azərbaycan xalqı, Azərbaycan Ordusu, Azərbaycan Prezidenti dağıdıcı ünsürlərin bu arzularını da ürəklərində qoydu. Bu gün sosial şəbəkələrdən xaricdəki ermənipərəst dairələrin ağzı ilə qələbəmizə “yarımçıq” yarlığı yapışdırmağa çalışanlar anlamırlar ki, onların antidövlət, antixalq addımları kimi, çirkin niyyətləri də fiaskoya uğrayıb. Bu ünsürlərin nə arzulamasından asılı olmayaraq, ortada 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan dövlətinin qazandığı, Prezident-Xalq-Ordu birliyinin əldə etdiyi tam bir Qələbə var! Yarımçıqlıq sindromundan əziyyət çəkən Əli Kərimli kimiləri isə yenə də qısır təfəkkürlərinin kölgəsindən çıxa bilmədilər.
Bu gün radikallardan sadəcə soruşmaq istəyirəm: “Yarımçıq qələbə” 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunmasıdırmı? “Yarımçıq qələbə” bir güllə atmadan, bir şəhid vermədən coğrafi şəraiti bəlli olan Kəlbəcərin erməni işğalçılarından təmizlənməsidirmi? “Yarımçıq qələbə” illərdir “ölərik, Laçını vermərik” deyən ermənidən Laçını sökə-sökə azad etməkdirmi? Bəlkə, Cəbrayılı, Qubadlını, Zəngilanı, Füzulini, Ağdamı, Xocavəndi, Hadrutu, Şuşanı, bütövlükdə Qarabağı almaqdır “yarımçıq qələbə”?
Əslində, utanmadığı üçün oynamağı özünə ayıb bilməyən Əli Kərimlinin hansı havaya “süzdüyü” hər kəsə bəllidir. Bu “yarımçıq qələbə” tezisinin də xaricdəki ermənipərəst dairələrin mətbəxinin qazanında bişməsinə heç bir şübhə yoxdur. Lakin illərdir, partiyasını yad piştaxtalarda satılmaq üçün sərgiləyən Əli Kərimli anlamır ki, bu dəfə qaçmağa yer yoxdur. Özünü radikal müxalifətin “lideri” elan etmiş, əslində isə xəyanətkar dəstənin dəstəbaşçısı olmaqdan uzağa gedə bilməyən Əli Kərimli üzərindəki yarlıqdan xəbərsizdir. Adam anlamır ki, hər ağzını açdıqda kimə xidmətçilik etdiyini özü etiraf edir. Bir sözlə, ermənipərəst dövlətlərin və ya təşkilatların “kinder-müxalifətçi”liyini edənlər xalqın qələbəsini gözdən salmaq üçün min bir dona girə-girə çılpaqlaşıblar. 1992-ci ildə xalqı düşmənlə üz-üzə qoyub qaçmış, dövlətin varını, sərvətini talayıb aradan çıxmış, özünü ölülüyə və ya dəliliyə qoyaraq ilim-ilim itmiş bu adamlar anlamırlar ki, onların yenidən başqa qiyafədə zühur etməsi mümkün deyil. Çünki Azərbaycan xalqı bu adamların dabbaqda gönünə də bələddir.
Bir sözlə, sentyabrın 27-dən noyabrın 10-na kimi gedən haqq savaşında xalqın yanında yer almayan, qələbənin ardından isə düşmən səfində boy göstərməyə çalışan Əli Kərimli və onun kimi üzsüz ünsürlər yenə də sübut etdilər ki, ermənidən daha təhlükəlidirlər. Bir daha sübut olundu ki, “Sem dayı”nın havasına süzən, onun pulu ilə yaradılmış internet resurslarında erməni təbliğatı aparmaqdan yana qabıq qoyanlar üçün xalq anlayışı, dövlət anlayışı, milli kimlik anlayışı yoxdur. Satqınlığı müxalifətçilik sayan və bundan da xüsusi imtiyaz kimi istifadə etməyə çalışan, xarici dayıların, əmilərin verdiyi nəmərlər üçün xalqın igid oğullarının Vətən uğrunda tökülən qanlarını heçə sayan, düşmən erməninin dəyirmanında özü üçün dən üyüdən, ölkənin milli maraqlarını ayrı-ayrı ünvanlara satmağa müntəzir olan, nəticədə isə yalnız özünə gün-güzəran qurmaq, dollar qazanmaq eşqinə düşənlər anlamırlar ki, getdikləri qaranlıq yolda yox olublar. Artıq xalq üçün, millət üçün onlar yoxdurlar. Çünki erməniyə qahmar çıxıb qələbəmizi “yarımçıq” adlandıran belələrinə xalq layiqli yeri göstərir. Bu yer isə kandardan da aşağıdadır.
- Oxunub: 2340 |
- Tarix: 12-01-2021 |
-
Çap et |