“Biz 30 ilə yaxın idi həmişə deyirdik ki, gün gələcək doğma ata-baba torpaqlarımıza qayıdacağıq. Beləliklə, Prezidentimizin uzaqgörən, qətiyyətli siyasəti nəticəsində bu gün həmin torpaqları işğaldan azad etmişik. Bununla da, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, xalqımızın qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Mahir Süleymanlı deyib.
M.Süleymanlı bildirib ki, tariximizə qızıl hərflərlə yazılan, gələcək nəsillərimiz tərəfindən böyük fəxarət və qürur hissi ilə xatırlanacaq bir il yaşadıq: “Həmçinin bütün dünya Azərbaycan dövlətinin ədalətli mübarizəsinin bir daha şahidi oldu. Dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 17 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənib. Prezident İlham Əliyev də həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində Prezident İlham Əliyev hələ uzun illər ölkəmizi yeni uğurlara doğru aparacaq”.
MÜŞFİQƏ
- Oxunub: 2130 |
- Tarix: 12-01-2021 |
-
Çap et |