"30 ildən çox erməni vandalizminə məruz qalan işğaldan azad edilmiş ərazilərimizdəki kənd və şəhərlərin yenidən qurulması 2021-ci ildə qarşımızda dayanan əsas hədəflərdəndir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son vaxtlar imzaladığı sənədlərin, atdığı addımların bir çoxu məhz işğaldan azad edilən ərazilərimizin dirçəldilməsi ilə bağlıdır. Bu günlərdə dövlət başçısı tərəfindən "Qarabağ Dirçəliş Fondunun yaradılması haqqında" Fərmanın imzalanmasını, Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsini də bu qəbildən olan mühüm addımlardan hesab etmək olar".
Bu fikirləri qəzetimizə açıqlamasında Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Hacıyev deyib.
S.Hacıyevin sözlərinə görə, Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə söylədiyi kimi, azad edilmiş ərazilərdə ilkin infrastruktur layihələrinin icrasına artıq başlanılıb: "Bu istiqamətdə atılan addımlardan biri, ilk növbədə, Şuşa şəhərinə yolun çəkilməsidir. Füzulidə beynəlxalq hava limanının inşası, Horadizdən Zəngilana, oradan Qubadlı və Laçın rayonlarına qədər yolun çəkilməsi, eyni zamanda, həm şimaldan, həm də cənubdan Laçın və Kəlbəcər rayonları istiqamətində yol-nəqliyyat infrastrukturunun yaradılması və digərləri bu layihələr arasındadır. Təbii ki, Qarabağın dirçəldilməsi üzrə layihələrin qısa müddətdə həyata keçiriləcəyinə şübhə yoxdur. Ona görə də hesab edirəm ki, 2021-ci il işğaldan azad olunan ərazilərə böyük qayıdışın həyata keçirilməsində həlledici il olacaq".
Qaşqay ZİYƏDDİNOĞLU
- Oxunub: 2850 |
- Tarix: 09-01-2021 |
-
Çap et |