"2020-ci ilin əvvəlindən dünya bazarında neftin qiymətində ucuzlaşma müşahidə olunsa da, ilin sonuna yaxın koronavirusa qarşı peyvəndin tətbiqi və əksər ölkələrdə məhdudiyyətlərin yumşaldılması bu sahədə artıma gətirib çıxarıb. Təbii ki, bu vəziyyət, benzin, dizel yanacağı və digər neft məhsullarının qiymətinə də təsir edib. Dünya ölkələrində yanacağın qiymətinin artımı avtomatik olaraq ölkəmizdə də yanacağın qiymətinə yenidən baxılmasını zəruri edib".
Bu fikirləri "Yeni Azərbaycan"a açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.
Partiya sədrinin sözlərinə görə, bu günlərdə Tarif Şurasının qiymətin artırılması ilə bağlı qərarına baxmayaraq, Azərbaycanda benzin və dizel yanacağının qiyməti həm region, həm də Avropa ölkələrindən də ucuzdur: "Ötən il Türkiyədə, Ukraynada və Rusiyada benzinin qiymətində artım olub. 2020-ci ilin sonundan etibarən bu tendensiya artıq Avropada da özünü göstərməyə başlayıb, hətta noyabr-dekabr aylarında dizel yanacağının qiymətində 29 faiz artım qeydə alınıb. Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı benzinin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Belə ki, hazırda Aİ-92 markalı benzinin qiyməti Rusiyada 1, Ukraynada 1,72, Belarusda 1,14, Gürcüstanda 1,12 manat təşkil edir".
S.Əsədov onu da vurğulayıb ki, tarif tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar ölkədə həyata keçirilən sosialyönümlü tədbirlərə yonəldiləcək: "Habelə dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcək. Bu, ictimai nəqliyyatda qiymətin artırılmaması üçün atılan mühüm addımdır. Qeyd edim ki, əslində, həcmi çox olmadığı üçün son tarif artımı vətəndaşların ailə büdcəsinə ciddi təsir etməyəcək. Eyni zamanda, tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək".
Qaşqay ZİYƏDDİNOĞLU
- Oxunub: 2010 |
- Tarix: 09-01-2021 |
-
Çap et |