Tarix heç kimi unutmur – qalibi də, məğlubu da. Tarix, həmçinin xəyanəti özünə peşə seçənləri də görk olsun deyə unutdurmur. Nə dünən, nə də bu gün... Məsələn, "Fermopil" döyüşü hələ miladdan öncə 480-ci ildə baş verdiyi halda, Malisli Efialtes yaddan çıxdımı? Elə olsaydı, "300 spartalı" filmində ən "yaddaqalan" və tənqid, təhqir ünvanı olan obraza çevrilməzdi. Bəli, bir daha deyim, tarixin ən böyük özəlliyi məhz unutmamaq, unutdurmamaqdır...
Azərbaycan tarixi də 1990-cı illərdə torpaqların düşmən tərəfindən işğal edilməsinə qarşı tədbiri yalnız "siqaretinə daha dərin qullab vurub buruq tüstü buraxmaq"dan ibarət olanları unutmayıb. Xalqın azadlıq arzularından özlərinin hakimiyyət sevdası üçün istifadə edənlər, Şuşanın işğalına şərait yaratmağı hakimiyyət qapısının açarı sayanlar, Laçından yayılan fəryadı meşin kreslolarının cırıltısı kimi eşidənlər nəticədə cəmi bir il ərzində xalqa qarşı bir əsrin pisliyini etdilər. Bəlkə də, bu gün belə bunu dərk edə bilmirlər. Çünki xalqı, dövləti heç vaxt düşünməyiblər, bu gün də düşünmürlər.
30 ildən sonra Şuşa azaddır, Laçın azaddır. Vaxtilə Xalq Cəbhəsi hakimiyyətinin antimilli, xəyanətkar fəaliyyəti ucbatından işğal edilmiş torpaqlarımız azad olunub... Ermənistanın beynəlxalq platformalarda özünə dəstək axtardığı, Xocalıda, Kəlbəcərdə törətdiyi qətliamları Azərbaycanın ayağına yazmağa çalışdığı, bir sözlə, dünyanı bizə qarşı qaldırmaq üçün canfəşanlıq etdiyi bir zamanda AXC-"Müsavat" rəhbərlərinin ən sevimli məşğuliyyəti "vəzifə dondurmaq" idi. Çatan deyirdi, "vəzifəmi dondururam". Dövləti "idarə edənlər"in təfəkkürünə bax: vəzifəni özünün şəxsi mülkü hesab edir və onu "soyuducuya qoyub" bir neçə aydan sonra "qazın üstündə qızdıraraq" yenidən sahiblənəcəyini düşünür. Adama elə gəlir ki, bu təfəkkürün yiyələri hələ də donmuş vəziyyətdədirlər...
Bunlar öz vəzifələrini "buzluğa yerləşdirdikləri" zamanda isə işğalçı dayanmırdı. Çünki belə bir fürsət bir də ələ düşməyəcəkdi. Düşmən bu qədər donmuş beyinin hakimiyyətdə olmasından maksimum istifadə etməyə çalışırdı və istəyinə nail olurdu da. AXC-"Müsavat" cütlüyünün başbilənləri torpaqların işğal edilməməsi üçün nə edirdilər? Silah-sursatı, təchizatı filanı kənara qoyuram. Eyni siyasi şineldən – AXC-dən qopmuş partiyalar, onların rəhbərləri belə həmrəy ola bilmirdi. Müharibə aparan dövlətdə hər kəs çəkici eyni zindana döyməlidir. Amma bir rəhbəri "Ləl-Cəvahirat Fondu"nu talamaqla, başqa bir böyüyü silah alverçiliyi etməklə, bir başqası isə prezident olmaq üçün həftə-səkkiz mən doqquz xarici səfirlərin kofesini qurtumlamaqla məşğul idi... Və bunların nə həmrəyliyi ola bilərdi, nə birliyi, nə də diriliyi.
Bu gün Vətən müharibəsinə kölgə salmaq arzusuna düşən Əli Kərimli və onun kimiləri düşünürlərmi ki, sentyabrın 27-də ölkədə fəaliyyət göstərən 50 siyasi partiya niyə birlik bəyanatı qəbul etdi? Niyə müxalifət partiyalarının sədrləri Prezidentin apardığı siyasəti dəstəklədiklərini, bu yolda hətta əllərində silah döyüşməyə hazır olduqlarını dilə gətirdilər? Niyə bir nəfər də olsun əsgər, zabit geri qaçmaq haqda düşünmədi belə?! Halbuki Xalq Cəbhəsi hakimiyyətinin alayarımçıq, riyaziyyat müəllimliyi "iki vur iki"dən uzağa getməyən müdafiə nazirinin ordudan qaçanlarla mükaliməsi sosial şəbəkələrdə fakt kimi göz çıxardır.
Səbəbi axtarmaq üçün baş sındırmağa dəyməz. Noyabrın 10-da Ermənistan məğlub ölkə qismində üçtərəfli Bəyanatı imzalayar-imzalamaz Əli Kərimli və dəstəsinin nümayiş etdirdiyi mövqe özü hər şeyi açıb ortaya qoyur. AXCP-nin sədrliyini belə öz rəhbərinə xəyanət edərək qazanan Əli Kərimli ermənipərəstlərdən qabaq onların fikirlərini ictimailəşdirməyə başladı. Onun bu əldənitiliyi ən qatı ermənipərəstlərin belə matını-qutunu qurudub. Adamlar havalanıblar ki, heç Paşinyan belə öz vəzifəsini bu cür "layiqincə" icra edə bilməyib. Beləsi ilə ha 90-cı ildə, ha indi yol getmək olarmı?
Bəli, mayası xainlikdən yoğrulmuş, hakimiyyətə gəlişin xəyanətdən başqa yolunu bilməyən, tanımayan belələri bu gün də ənənəsindən, daha doğrusu çərçivəsindən kənara çıxa bilmir. Çünki "xalqa xidmət" anlayışı, idarəçilik qavrayışı bundan ibarətdir. Necə ki, Əli Kərimli vaxtilə dövlət katibi olanda başqalarının "katibliyini" həyata keçirirdi, eləcə də bu gün gözünü dünya xəritəsinin hansısa nöqtələrinə dikib. "Milli şura"sı daşa dəymiş xain hələ də düşünür ki, "siqnal dənizdən gələcək".
Amma hər zamankı kimi bu dəfə də səhv edir. Nə okeanın o tayında boşboğazlıq edən Cəmili harayına çatmır, nə də min bir yolla xaricdə sığınacaq almış dostları sosial şəbəkələrdə yazdığı yalanları "layk" etmir. Xalqın ona və onun kimilərinə münasibəti isə birmənalıdır: satqın və xain!
Pərviz SADAYOĞLU
- Oxunub: 1650 |
- Tarix: 09-01-2021 |
-
Çap et |