İkinci Qarabağ müharibəsində iştirak edən Azərbaycan Mərkəzi Bankının (AMB) əməkdaşları Vətən qarşısında borclarını şərəflə yerinə yetirərək iş yerinə qayıdıblar. Onlar iş kollektivi tərəfindən böyük coşqu ilə qarşılanıblar.
AMB-dən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov Vətən müharibəsində iştirak edən əməkdaşlarla görüşüb. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti və rəhbərliyi ilə Azərbaycan Ordusu dünya hərb tarixinə əbədi həkk olunan böyük zəfər çalıb. Erməni işğalçıları məhv edilib, doğma torpaqlarımız 44 gün ərzində azad olunub. Milli tariximizin böyük qəhrəmanlıq salnaməsi kimi bu möhtəşəm zəfər xalqımıza bütöv Azərbaycanda yaşanmaq sevinci bəxş edib.
E.Rüstəmov ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımıza Allahdan rəhmət diləyib, xalqımızın qəlbində əbədi yaşayacaqlarını bildirib.
Mərkəzi Bankın 14 əməkdaşı Vətən müharibəsində iştirakla bağlı ordu sıralarına cəlb olunub. Onlardan 5 nəfəri təlimlərdə iştirak etdikdən sonra ehtiyata buraxılıb, 3-ü zabit olmaqla 9 nəfər isə İkinci Qarabağ müharibəsinə qatılaraq cəbhədə hərbi əməliyyatlarda bilavasitə iştirak edib. Düşmən üzərində böyük qələbəmizi şərtləndirən çoxsaylı üstünlüklərdən biri də ordumuzun yüksək texniki-intellektual hazırlğı olub. Müharibədə iştirak etmiş əməkdaşların texnoloji fəaliyyət istiqamətləri üzrə ixtisasları da bunu bir daha göstərir.
Əməkdaşlarından bir qrupu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə, həmçinin döyüş hazırlığı, nizam-intizam və qoşun xidmətinin təşkilində yüksək nəticələr əldə etdiyinə görə Fəxri fərmanla təltif olunub. Biz onların timsalında tarixi zəfərimizin qazanılması uğrunda şərəfli döyüş yolu keçən, qələbəyə öz töhfələrini verən bütün qəhrəman Vətən övladları ilə fəxr edirik. E.Rüstəmov öz təşəkkürünü və xoş arzularını çatdırıb, bütün xalqımızın, o cümlədən Mərkəzi Bank kollektivinin onlarla qürur duyduqlarını bildirib.
Möhtərəm Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın müraciətlərində həmişə qeyd olunduğu kimi, şəhid ailələrimizə, yaralanmış qazilərimizə, həmçinin bütün müharibə iştirakçılarına daim diqqət və qayğı göstəriləcək.
Sonda Vətən müharibəsi iştirakçıları ilə birgə xətirə şəkli çəkilib.
- Oxunub: 1860 |
- Tarix: 08-01-2021 |
-
Çap et |