Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının Şurası və İdarə Heyətinin onlayn iclası keçirilib. İclasda rayon təşkilatının 2020-ci ildə gördüyü işlərin nəticələri müzakirə edilib və qarşıda duran vəzifələrlə bağlı müvafiq qərarlar qəbul olunub.
İclasda YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev, 2 saylı ərazi ilk partiya təşkilatının sədri, Milli Məclis Aparatının əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev, Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zamin Həziyev, “Rabitəçilər” ərazi ilk partiya təşkilatının sədri, Nəqliyyat, Rabitə Və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Səbail rayonu 50 saylı orta məktəbin direktoru Sədaqət Həsənova və 3 saylı Vərəm dispanseri ərazi ilk partiya təşkilatının üzvü Günel Hacıyeva çıxış ediblər.
Toplantıda YAP Səbail rayon təşkilatının 2020-ci ildəki fəaliyyəti haqqında məlumat verilib. Qeyd olunub ki, ötən il Səbail rayonunda VI çağırış Milli Məclisə seçkilərin təbliğat-təşviqat kampaniyası uğurla keçirilib. Koronavirus pandemiyası ilə əlaqədar respublikada elan olunmuş xüsusi karantin rejimində aprel ayından başlayaraq bu günədək YAP Səbail rayon təşkilatı tərəfindən rayonda 250-dən çox aztəminatlı ailəyə, o cümlədən tənha ahıllara, yataq xəstələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlara, şəhid ailələrinə, partiya veteranlarına zəruri ərzaq, tibbi-gigiyenik vasitələrdən ibarət yardımlar çatdırılıb, həmçinin müxtəlif sosial xidmətlər göstərilib.
Vətən müharibəsi günlərində rayon təşkilatı və ərazi ilk partiya təşkilatları ön cəbhəyə dəfələrlə səfərlər təşkil ediblər. Eləcə də əsgərlərlə görüşlər keçirib, əsgər ailələrinə, yaralı hərbçilərə diqqət və qayğı göstərib, “Əsgərə məktub!” layihəsini icra ediblər. Vətən torpaqlarının azadlığı uğrunda şəhadət zirvəsinə ucalan şəhidlərimizin ailələrinə və müharibə qazilərinin evlərinə ziyarətlər olub, tarixi Qələbə münasibətilə qurbanlar kəsilib və qurban payları rayondakı 200-dən çox aztəminatlı ailəyə çatdırılıb, müharibə günlərində və sonrasında mətbuatda çoxsaylı məqalələr dərc edilib.
Çıxışlarda Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun və xalqımızın möhtəşəm tarixi qələbəsi xüsusi vurğulanıb.
MÜŞFİQƏ
- Oxunub: 2070 |
- Tarix: 08-01-2021 |
-
Çap et |