“2020-ci ilin payızında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edildi. Bununla da 2020-ci il Azərbaycanın tarixinə Zəfər ili kimi həkk olundu”. Bu fikirləri qəzetimizə verdiyi açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev deyib.
Ötən il bütün dünya ölkələri kimi, Azərbaycanın da üzləşdiyi pandemiyaya toxunan partiya sədrinin sözlərinə görə, Azərbaycan Prezidentinin birbaşa rəhbərliyi ilə pandemiyaya qarşı təxirəsalınmaz tədbirlər həyata keçirilib: “Dövlət tərəfindən əhalinin sosial cəhətdən həssas olan təbəqəsinin birdəfəlik yardımlarla təmin edilməsi, atılan digər addımlar vətəndaşlar tərəfindən müsbət qarşılanıb. İndiki mərhələdə bu istiqamətdə atılacaq əsas addımlar ölkəyə peyvəndin gətirilməsi və vaksinasiya prosesinin başlanmasıdır. Fikrimcə, dövlət başçısının diqqəti və qayğısı nəticəsində vaksinasiya prosesi də normal şəkildə həyata keçiriləcək”.
2020-ci ildə siyasi sahədə qazanılan nailiyyətlərə də toxunan F.Əliyev deyib ki, ötən il hakimiyyət tərəfindən siyasi dialoqun inkişafına xidmət edən ciddi addımlar atılıb: “2019-cu ilin sonunda həyata keçirilən struktur islahatları nəticəsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, həmin şöbəyə rəhbərlik edən Ədalət Vəliyevin bu 1 il ərzində siyasi təşkilatlarla dialoq sahəsində gördüyü səmərəli işlər mühüm əhəmiyyət daşıyır. Belə ki, siyasi sahədə qazanılan yeni uğurlar sonrakı proseslərdə milli birliyin və həmrəyliyin əldə edilməsinə xüsusi töhfə verib. İnanıram ki, 2021-ci ildə də bu müsbət tendensiya davam etdiriləcək və siyasi dialoq daha da genişləndiriləcək”.
Qaşqay ZİYƏDDİNOĞLU
- Oxunub: 1860 |
- Tarix: 08-01-2021 |
-
Çap et |