“Ölkəmizdə fəal siyasi dialoq siyasi palitranın daha da zənginləşməsinə və siyasi münasibətlərin inkişafına təkan verir. Qeyd edim ki, yanvarın 6-da ölkə Prezidentinin Sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat müşavirədə də bu məsələyə toxunuldu. Dövlət başçısı ölkəmizdə çox ciddi və fəal siyasi dialoq getdiyini diqqətə çatdırdı və bunu yüksək qiymətləndirdi. Qeyd olunduğu kimi, artıq bir sıra siyasi partiyaların dövlət qeydiyyatına alınması, o cümlədən onlara qərargahların verilməsi təmin olunub. Bütün atılan addımlar yeni siyasi konfiqurasiyanın daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır”. Bunu Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, atılan addımlar siyasi plüralizmin inkişafına mühüm töhfədir. Partiya sədri bildirib ki, sentyabrın 27-dən noyabrın 10-na kimi davam edən Vətən müharibəsi dövründə siyasi qüvvələrin milli həmrəylik nümayiş etdirmələri onu deməyə əsas verir ki, proses uğurla inkişaf edir. “Hər bir partiya, hər bir siyasi təşkilat əlindəki rıçaqlardan istifadə etməli, haqq səsimizin, həqiqətlərimizin dünya birliyinə çatdırılmasına nail olmalıyıq. Bu gün regionda yeni bir siyasi mənzərə formalaşmaqdadır. Azərbaycan dövləti öz haqlı mübarizəsində qalib gəlib və torpaqlarımız işğaldan azad edilib. Milli İstiqlal Partiyası olaraq biz hər zaman iştirak etdiyimiz beynəlxalq tədbirlərdə, üzvü olduğumuz təşkilatlarda erməni faşizmi, Azərbaycanın işğaldan əziyyət çəkməsi, bir milyona yaxın vətəndaşımızın hüquqlarının pozulması haqqında məlumatlar vermişik. İnanıram ki, siyasi partiyalar bundan sonrakı dövrdə də ölkəmizdə siyasi münasibətlərin inkişaf etdirilməsi və ümummilli məsələlərdə milli həmrəyliyin qorunması üçün bütün güclərini səfərbər edəcəklər”, - deyə A.Əlizadə əlavə edib.
PƏRVİZ
- Oxunub: 2190 |
- Tarix: 08-01-2021 |
-
Çap et |