Və ya radikal müxalifət anti-Azərbaycan dairələrin qulluqçusu kimi
Azərbaycan dövlətinin Vətən müharibəsindəki qəti qalibiyyəti istər xaricdəki ermənipərəst qüvvələrin, istərsə də onların ölkəmizdəki əlaltılarının ciddi narahatlığına səbəb olub. Bunun nəticəsidir ki, hər zaman ölkəmizin uğurlarına kölgə salmaq istəyən radikal müxalifət yenidən antimilli fəaliyyətə start verib. Belə ki, tarixi qələbəmizin ardından radikal müxalifətin məsələyə yanaşmasında və ritorikasında açıq şəkildə dəyişikliklər müşahidə olunması təsadüfi sayıla bilməz. Bu, onların illərdir xidmət etdikləri anti-Azərbaycan dairələrdən yeni təlimatlar almasının göstəricisidir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, bəzi dairələr 44 günlük müharibədə Azərbaycanın şanlı qələbəsini həzm edə bilmirlər. Deputat bildirib ki, bu səbəbdən də həmin xarici dairələr və “sapı özümüzdən olan balta”lar, yəni xarici dairələrə və erməni lobbisinə birbaşa xidmət edənlər bütün vasitələrlə Azərbaycanın bu böyük qələbəsinin əhəmiyyətini azaltmağa çalışırlar. Onun sözlərinə görə, bu mənada, xüsusilə özünü radikal müxalifət adlandıranlar Azərbaycanın bu möhtəşəm qələbəsinə kölgə salmağa cəhdlər göstərirlər: “Azərbaycan xalqının birlik nümayiş etdirərək Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi özlərini radikal müxalifət adlandıranların içindəki kini, küdurəti üzə çıxarır. Məlum olur ki, radikal müxalifət məhz xidmət etdiyi ermənipərəst dairələrin və erməni lobbisinin sifarişi ilə qələbəmizə qarşı kampaniya aparır. Onlar unudurlar ki, Azərbaycan xalqının milli birliyi, Azərbaycan Ordusunun rəşadəti və Ali Baş Komandanımızın qətiyyəti nəticəsində azad edilən bu torpaqlar məhz bu qüvvələrin hakimiyyətdə olduqları dövrdə işğala məruz qalıb”.
C.Osmanov onu da deyib ki, Azərbaycan 44 günlük müharibədə Ermənistan ordusunu darmadağın etməklə yalnız Ermənistana deyil, dünya erməniliyinə, onların havadarlarına da qalib gəldi. Sosial şəbəkələrdə yalan iddialar irəli sürənlər isə bir daha hansı tərəfdə yer aldıqlarını açıq şəkildə ortaya qoyurlar. “Azərbaycan ictimaiyyəti onların bu xəyanətlərinə layiqli cavabı verir. Onlar artıq tarixin arxivindədirlər”, - deyə o, əlavə edib.
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev də Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm qələbəsinə kimsənin kölgə sala bilməyəcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu gün radikal müxalifətin bu cür cəhdləri təəssüfləndiricidir: “Onlar çox ciddi səhvə yol verirlər. Qələbəmizə kölgə salmaq cəhdləri Azərbaycanı sevməyən qüvvələrin maraqlarına xidmət etməkdir. 44 günlük müharibə dövründə ölkəmizə kənardan çox təzyiqlər oldu. Azərbaycan dövləti isə hər hansı bir təzyiqə baxmayaraq, işğal altında olan ərazilərimizi düşməndən azad etdi.
İndi kiminsə qələbəmizə kölgə salmağa cəhd etməsi, hanısa cəfəng fikirlər səsləndirməsi çox gülünc və əsassızdır. Xalq özü hər şeyi görür və qiymətləndirir. Bunu edənlər cib müxalifətidir. Radikal müxalifət yalnız öz ambisiyaları uğrunda hərəkət edir. Onlar öz ağalarının, onlara pul verən hər kəsin tapşırıqlarını yerinə yetirirlər”.
Pərviz SADAYOĞLU
- Oxunub: 1620 |
- Tarix: 08-01-2021 |
-
Çap et |