Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizədə ən səmərəli və iqtisadi cəhətdən əlverişli üsul vaksinasiyadır. Bəşəriyyət tarixində bir çox yoluxucu xəstəliklərin qarşısı məhz peyvəndləmədən sonra alınıb.
Yeri gəlmişkən, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov bildirib ki, vaksinasiya COVID-19-dan da qurtuluş yoludur: “Dünyada pandemiyaların bitməsinin üç yolu var: ya virus öz-özünü öldürəcək qədər mutasiyaya uğramalı, ya kollektiv immunitet formalaşmalı, yəni bunun üçün dünya əhalisinin 70-80 faizi xəstəliyi keçirib immunitet əldə etməli, ya da ən effektiv və perspektiv yol hesab olunan vaksinasiya tətbiq olunmalıdır. Virusun öz-özünü öldürəcək dərəcədə mutasiyası, hələ ki, mümkün deyil. Bəzi mutasiyalar qeydə alınsa da, ilk mülahizələrə görə, onlar yoluxmanın daha sürətlə artması istiqamətindədir. Lakin həmin mutasiyaların daha nələrə səbəb olacağı araşdırılmayıb. Onu da deyim ki, bu günə qədər vaksinasiya ilə kökü kəsilən xəstəliklər az deyil - çiçək, difteriya və s. Ölkəmiz də vaksinasiyaya hazırlaşır”.
Onun sözlərinə görə, vaksinasiya bizim süni yolla immunitet qazanmağımıza xidmət edən tətbiqdir: “İmmunitet iki yolla yarana bilər - ya xəstəliyi keçirərək, yəni təbii yolla, ya da vaksinlər vasitəsilə süni yolla. Vaksinlərin təsir mexanizmləri immun sisteminin cavabı qiymətləndirilərək fərqli yollarla hazırlanır”.
Fərrux Sədirov onu da deyib ki, peyvəndləmədən sonra şəxsin evdən çölə çıxmaması və başqaları ilə təmasda olmamasına dair qayda yoxdur: “Bəzi peyvəndlərdə lokal təsirlərdən qorumaq, yerli iltihabi cavab yarana bildiyini nəzərə alaraq peyvənd olunan yeri qıcıqlandırmamaq üçün təhrikedici maddələrlə - spirt, odekolon kimi maddələrlə toxunmamaq məsləhət görülür. Peyvəndləmədən öncə hər kəs hazırda kovid keçirib-keçirmədiyini yoxlamalıdır. Aktiv koronavirus xəstəsinə peyvənd əks göstərişdir”.
Vurğulanıb ki, bəzi ölkələr kütləvi peyvəndləməyə başlayıblar, hələ ki, əldə olunan nəticələr ürəkaçandır - 92, 95, 97 faiz effektivlikdən bəhs edilir.
MÜŞFİQƏ
- Oxunub: 3000 |
- Tarix: 08-01-2021 |
-
Çap et |