Hesablama Palatası və Türkiyə Respublikası Hesablama Məhkəməsinin əməkdaşları arasında videokonfrans formatında görüş keçirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş yanvarın 5-də imzalanmış həmkar qiymətləndirilməsi sazişi ilə nəzərdə tutulmuş iş planında qeyd edilmiş fəaliyyətlər çərçivəsində olan ilk tədbirlərdəndir. Onlayn görüşün açılış mərasimində Türkiyə Hesablama Məhkəməsinin sədr müavini Zekeriya Tüysüz çıxış edərək bu növ əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini və hər iki tərəf üçün faydalı olacağını deyib.
Tədbirin gedişatında Hesablama Palatasını təmsil edən auditorlar Cəfər Həsənov və Vaqif Həsənov Azərbaycan-Türkiyə dost və qardaş münasibətlərinin peşəkar müstəvidə də daim əksini tapması fikrini səsləndirib, Hesablama Palatasında kənar dövlət maliyyə nəzarəti sahəsində toplanılmış təcrübə barədə məlumat veriblər. Sonrakı mərhələdə hər iki qurumun mandatına daxil olan uyğunluq, maliyyə və performans auditlərinin praktik aspektləri ətrafında təfsilatlı müzakirə aparılıb.
Yekunda layihə ilə bağlı növbəti görüşlərə hazırlıq məqsədilə zəruri məlumatlar müəyyən edilib və qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün əlavə təkliflər verilib.
- Oxunub: 1950 |
- Tarix: 07-01-2021 |
-
Çap et |