Rusiya və Azərbaycanın Fövqəladə Hallar Nazirliklərinin (FHN) əməkdaşları işğaldan azad olunmuş Azərbaycan ərazilərində mina və partlamamış hərbi sursatlardan təmizləmə əməliyyatlarını davam etdirir.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Ramiz Hüseynov jurnalistlərə müsahibəsində bildirib ki, dünəndən etibarən Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri işğaldan azad olunmuş ərazilərin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsi əməliyyatlarına başlayıblar. Bu əməliyyatlara Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri də cəlb olunublar. Bu işlərlə yanaşı, razılaşdırılmış və təsdiq olunmuş tədris və təlim proqramına uyğun olaraq Rusiya Federasiyası mütəxəssisləri ilə birlikdə tədris və təlim kursları da davam edir. Kurslar nəzəri və praktik şəkildə həyata keçirilir.
Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatlarında iştirak edəcək “Lider” Mərkəzinin rəhbəri, general-mayor Anatoli Savvin isə deyib: “Üçtərəfli razılaşmaya uyğun olaraq Azərbaycan tərəfinə qaytarılan ərazilərin minalardan təmizlənməsi məqsədilə yanvarın 4-də gəlmiş 20 nəfərlik heyət işə başlayıb. Hazırda minalanmış ərazilərdə təmizləmə işləri aparılır. Artıq iki min kvadratmetr sahədə 25 piyada əleyhinə mina zərərsizləşdirilib".
- Oxunub: 1800 |
- Tarix: 07-01-2021 |
-
Çap et |