“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnar Məmmədlinin verdiyi məlumata görə, Gəncəyə iki günlük səfər çərçivəsində növbəti görüş Yeni Azərbaycan partiyasının Gəncə şəhər təşkilatında keçirilib. Qeyd edək ki, “İlhamla Mehribanla Zirvələrə Azərbaycan” Sosail İnkişafa Dəstək İctimai Birliyinin nümayəndə heyətinin Gəncəyə səfəri Prezident İlham Əliyevin 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi ili” elan etməsi ilə eyni vaxta təsadüf edib. Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatında keçirilən görüşdə İctimai Birliyin sədri Xəyyam Əsgərov və millət vəkili Naqif Həmzəyev YAP-ın Gəncə şəhər təşkilatı və “İMZA”nın Qərb regional birliyinin “Nizami Gəncəvi ili” çərçivəsində ortaq tədbirlər, yığıncaqlar, Nizami irsinin, yaradıcılığının öyrənilməsi, dünyada təbliği məqsədi ilə ədəbiyyat gecələrini birgə keçirmələri ilə bağlı müzakirələr aparıblar. Bildirilib ki, Nizami yurdunda böyük şairimizin 880 illik yubileyi münasibəti ilə keçiriləcək tədbirlər qədim Gəncənin və onun dahi şəxsiyyətlərinin, ziyalılarının, fikir, elm və mədəniyyət xadimlərinin Azərbaycan ədəbi fikrinin formalaşmasındakı rolunun bütün dünyada tanıdılmasında mühüm rol oynayacaq. Qeyd olunub ki, ölkəmizin Birinci Vitse-Prezidenti Mehriban xanın Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondu bu günə kimi Nizami Gəncəvi irsinin dünyada təbliğində mühüm işlər görüb, çoxsaylı tədbirlər keçirib. Həmin təcrübənin öyrənilməsi və gələcəkdə təşkil olunacaq tədbirlərdə tətbiqi çox önəmlidir. Bu mənada “İMZA” kollektivi Heydər Əliyev fondunun təcrübəsindən faydalanmaq niyyətindədir.
“İMZA”dan verilən məlumata görə rəhbərlik və kollektiv üzvlərinin bu tipli regional səfərləri bundan sonra daha intensiv xarakterli olacaq.
- Oxunub: 2970 |
- Tarix: 07-01-2021 |
-
Çap et |