2020-ci ildə bütün sosial ödənişlər vaxtında və tam şəkildə həyata keçirilib. Prezidentin müvafiq Sərəncamı ilə 2020-ci ilin əvvəlində bütün pensiyalar ölkə üzrə 16,6 faiz indeksasiya olunaraq artırılıb. Ümumilikdə 2020-ci ildə pensiya ödənişləri 2019-cu illə müqayisədə 20 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahili Babayev yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri 25 faiz, sosial müavinətlər 15 faiz artıb və ümumilikdə bu ödənişlər 2 milyondan çox vətəndaşı əhatə edib: “Aparılan islahatlar nəticəsində Azərbaycanda orta pensiyanın məbləği 13 faiz artaraq 300 manata, yaşa görə pensiyanın orta məbləği də 13 faiz artaraq 330 manata çatmışdır. Həm minimum, həm də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında öz liderliyini qorumuşdur”.
- Oxunub: 1530 |
- Tarix: 07-01-2021 |
-
Çap et |