Prezident İlham Əliyev: İnsanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir
Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, ölkədə aparılan siyasətin mərkəzində məhz vətəndaşların maraqları dayanır. Dövlət başçımız birmənalı şəkildə bildirib ki, respublikamızda dövlət siyasətinin prioritetləri insanların sosial müdafiəsi ilə bağlıdır.
Son 17 ildə ölkəmizdə insanların həyat səviyyəsinin yüksəldilməsi, gəlir imkanlarının artırılması istiqamətində ardıcıl tədbirlər görülüb. Ölkəmizdə ədalətli resurs bölgüsü yüksək səviyyədə təmin edilir. Qayğıya ehtiyacı olan bütün vətəndaşlara zəruri dövlət dəstəyi göstərilir. Respublikanın iqtisadi-maliyyə imkanları artdıqca əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına hədəflənən tədbirlərin miqyası da adekvat şəkildə genişləndirilir. Belə ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq ölkəmiz BMT tərəfindən bəyan olunan “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasında, o cümlədən də yoxsulluğun azaldılması istiqamətində diqqətəlayiq nəticələr qazanıb. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda etdiyi çıxışında Azərbaycanın qısa müstəqillik tarixində sosial sferada əldə etdiyi nailiyyətlərə diqqət çəkərək vurğulayıb: “Ötən 17 il ərzində Azərbaycanda yoxsulluq 49 faizdən 5 faizə enmişdir. Son 17 ildə ölkəmizdə 3700-dən artıq məktəb yenidən tikilmiş və ya əsaslı təmir edilmişdir. Ölkəmizdə savadlılıq səviyyəsi 100 faizə yaxındır. “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasında böyük tərəqqi əldə etmiş Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir. “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda yer almış “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə, Azərbaycan 166 ölkə arasında 54-cü yerdədir”.
Azərbaycan dövləti pandemiya şəraitində də öz vətəndaşlarının yanında olmaq ənənəsinə sadiqdir
Azərbaycanda reallaşdırılan sosial islahatların əhatə dairəsinin kifayət qədər geniş olduğunu son iki ilin timsalında aydın şəkildə izləmək mümkündür. Məlum olduğu kimi, son illərdə bu və ya digər səbəblərdən baş verən qlobal iqtisadi böhranlar, o cümlədən də yeni növ koronavirus pandemiyası ayrı-ayrı ölkələri ciddi sınaq qarşısında qoyub. Bəzi ölkələr artan xərclərini qarşılamaqda çətinliklərlə üzləşərək bir sıra sahələrə, o cümlədən də sosial sferaya yönəldilən vəsaitləri getdikcə daha böyük həcmlərdə ixtisara salırlar. Azərbaycan isə qlobal çağırışlar dövründə də özünün dərinməzmunlu sosial siyasətini uğurla davam etdirir. Respublikamızda son illərdə, həmçinin qlobal pandemiya dövründə hər hansı bir sosial layihənin ixtisara salınmaması deyilənləri əyani şəkildə təsdiqləyir. 2019-cu ildə Azərbaycan Prezidentinin təşəbbüsü ilə iki inqilabi sosial paket həyata keçirilib. Dövlət başçımızın təsdiq etdiyi sosial paketlərə əsasən, 2019-cu ilin aprel və oktyabr aylarında ölkədə maaşlar, təqaüdlər, müavinətlər və digər ödənişlər kəskin artırılıb. Minimum əməkhaqqı iki dəfə artırılaraq 250 manata çatdırılıb, dövlət sektorunda əməkhaqları 20-100 faiz həcmində artırılıb. Ölkəmizdə minimum aylıq pensiya 200 manata çatdırılıb və 72,4 faiz artırılıb. Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə MDB ölkələri üzrə 1-ci yerə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksinə görə 2-ci yerə yüksəlib. 2019-cu ilin ardıcıl iki sosial paketi çərçivəsində sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Yeni təqaüd növləri - sağlamlıq imkanları məhdud uşaqlara və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, müharibə veteranları üçün Prezidentin aylıq təqaüdləri təsis edilib. Həmçinin məcburi köçkünlərin müavinətləri, tələbələrin təqaüdləri ciddi şəkildə artırılıb. 800 min insanın problemli kredit narahatlığına son qoyulub və s. 2019-cu ildəki iki sosial paketin əhatə dairəsi ümumilikdə 4,2 milyon nəfər olub (əhalinin 42 faizi). Bəhs olunan sosial paketin maliyyə yükü 2019-cu il üçün 2,3 milyard manat, 2020-ci il üçün isə 3 milyard manat təşkil edib.
Azərbaycan ən çətin vaxtlarda vətəndaşın yanında olmaq nümunəsinə qlobal pandemiya şəraitində sadiqlik nümayiş etdirir. Prezident İlham Əliyev pandemiyanın ilk mərhələsində bəyan etdi ki, indiki dövrdə insanların sağlamlığının qorunması və əhalinin sosial müdafiəsinin təmin olunması diqqət mərkəzində saxlanılacaq. Bir sıra çətinliklərlə müşayiət olunan pandemiya dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri üçün 3,5 milyard manat ayrılıb. Məşğulluq və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir olmaqla, sosial dəstək tədbirləri əhalinin təqribən 5 milyon nəfərini əhatə edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə 190 manat birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılaraq 600 min şəxsi əhatə edib, aprel və may aylarında həmin şəxslərə ödəniş tam təmin edilib. Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon (şəhər) üzrə 3-cü, 4-cü, 5-ci və dekabr ayında ölkə üzrə 6-cı dəfə ödəniş edilib. İl ərzində bu ödəmə üçün 450 milyon manat vəsait sərf olunub. Pandemiya dövründə 100 min ailəyə ərzaq payı verilib. Respublika üzrə özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib. Maliyyə yükü 70 milyon manat olan özünüməşğulluq proqramı 12 min ailəni əhatə edib. Pandemiya dövründə başqa bir mühüm sosial dəstək tədbiri ödənişli ictimai iş yerlərinin yaradılması ilə bağlıdır. Müvafiq qurumların əlaqələndirilmiş fəaliyyəti nəticəsində ölkə üzrə ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb. Paralel şəkildə ünvanlı dövlət sosial yardımı qaydaları sadələşdirilib və əhatə dairəsi genişləndirilib. Artım 14 min ailəni - 58 min ailə üzvünü əhatə edib, bu artım üçün ayrılan əlavə vəsait 8 milyon manat təşkil edib. Pandemiya dövründə əlillik müddəti başa çatan şəxslərin ödəniş müddəti uzadılıb. Bəhs olunan bu dəstək tədbiri 14 min nəfərə şamil olunub. Təkcə bu məqsədlə 3 milyon manat vəsait ayrılıb. Respublika üzrə 65 yaşdan yuxarı 15 min tənha şəxsə və tənha əlilliyi olan şəxsə evlərində sosial xidmət göstərilib. Ümumiyyətlə, pandemiya dövründə əhaliyə sosial ödənişlərin davamlılığı təmin edilib, bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunun qənaət etdiyi 250 milyon manat ehtiyatından istifadə olunub. Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışındakı çıxışında ölkəmizdə pandemiya şəraitində görülən sosial tədbirlərin əhatə dairəsinin kifayət qədər geniş olduğuna diqqət çəkərək “Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Həm dövlət sektorunda, həm özəl sektorda işləyənlər, eyni zamanda, işsizlər, o cümlədən qeyri-formal formada işləyənlər, aztəminatlı təbəqəyə aid olan insanlar - bütün kateqoriyadan olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin edilib. Bu, bir daha onu göstərir ki, insanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir”, - deyə bildirib.
Ölkədə postkonflikt dövründə əhatə dairəsi geniş olan yeni sosial paket həyata keçiriləcək
Sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində şanlı qələbə qazanan, düşməni tam kapitulyasiyaya uğradan və özünün ərazi bütövlüyünü tam təmin edən Azərbaycan yeni dönəmə başlayıb. Prezident İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşdə postkonflikt dövründə ölkəmizdə sosial siyasətin davam etdiriləcəyinin anonsunu verib. Dövlət başçımız bildirib ki, bizim üçün xalqımızın rifahı, təhlükəsizliyi birinci məsələdir.
Azərbaycan postkonflikt dövründə ənənəvi sosial siyasətini davam etdirməklə yanaşı, ölkədə Vətən müharibəsində əbədiyyətə qovuşan şəhidlərin ailələrinin, həmçinin qazilərin sosial müdafiəsi xüsusilə diqqət mərkəzində saxlanılacaq. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev bildirib ki, bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. “Şəhid ailələrinin problemləri öz həllini tapacaq. Biz növbədə dayanan əksər şəhid ailələrimizin məişət problemlərini demək olar ki, həll etdik. Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək. Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza göstəriş verirəm ki, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir, eyni zamanda, indi onların uçotu aparılır. Dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcəkdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkəmizdə postkonflikt dövrünün sosial siyasətinin əsası əslində ötən ilin sonlarından qoyulub. Noyabrın 10-da işğalçı Ermənistan üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanat imzalandıqdan və bu sənədə uyğun olaraq dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz respublikamıza təhvil verildikdən sonra Prezident İlham Əliyev şəhid ailələrinin, Vətən müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə hesablanan bir sıra sənədlər imzalayıb. 2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə və 20 Yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlər 300 manatdan 500 manatadək artırılıb ki, bu da 66,7 faiz artım deməkdir. Həmçinin “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min manat ödəniləcək. Bundan başqa, əlillik dərəcəsinə görə verilən müavinətlər 40 faiz artırılıb. İndiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Vətən müharibəsi şəhidlərindən 900-dək şəhidin 2100-dən çox ailə üzvünə müvafiq sosial ödənişlərin təyinatını aparıb və proses davam edir. Vurğulamaq yerinə düşər ki, təqaüd, pensiya və müavinətlər heç bir müraciət olunmadan, elektron qaydada həyata keçirilir və aparılmış təyinatlar barədə şəhid ailələrinə məlumatlar verilir.
Mübariz ABDULLAYEV
- Oxunub: 3240 |
- Tarix: 07-01-2021 |
-
Çap et |