2020-ci il ərzində ölkəmizdə bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib
Məlum olduğu kimi, dünya ölkələri koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunub. Azərbaycan da bu baxımdan istisna deyil. Qeyd edək ki, ötən ilin əvvəllərindən başlayaraq, ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr əldə edilib.
Ümumiyyətlə, Azərbaycan dövləti COVID-19-un yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib. Belə ki, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, ümumi strategiyanın həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradılıb, ölkədə karantin rejimi tətbiq olunub, səhiyyə sisteminin restruktizasiyası, tibbi sənayenin inkişafı fonunda COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibbi avadanlıq və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar, karantin zonaları yaradılıb, eləcə də modul tipli xəstəxanalar qurulub. Eyni zamanda, virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatlar istehsal edilir, xüsusi rejimli xəstəxanalar müvafiq dərman və qoruyucu vasitələrlə təmin olunub. Həmçinin xaricdə təhsil almış azərbaycanlı həkimlərin, müxtəlif ölkələrin həkimlərinin bu mübarizəyə cəlb edilməsi də təqdirəlayiq haldır. Eyni zamanda, Azərbaycan dövləti pandemiya dövründə əhalinin sosial müdafiəsinin təmin edilməsi ilə bağlı böyük maliyyə tutumuna malik qərarlar qəbul edərək yenə də öz vətəndaşlarının yanında olmaq nümunəsi sərgiləyir. İndiki şəraitdə həssas qruplardan olan, eləcə də pandemiyanın təsirlərinə məruz qalan sahələrdə çalışan insanların sosial müdafiəsinin gücləndirilməsinə yönələn genişmiqyaslı dəstək tədbirləri diqqəti xüsusi olaraq cəlb edir.
Bu məqsədlə büdcədən böyük məbləğdə vəsait ayrılıb. Nazirlər Kabineti tərəfindən Tədbirlər Planı hazırlanıb, məhz məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 paket reallaşdırılıb və Prezident İlham Əliyev tərəfindən elan edilən dəstək tədbirləri ilə 5 milyona yaxın vətəndaşı əhatə edən məşğulluq, sosial rifah istiqamətinə təqribən 3,5 milyard manat vəsait ayrılıb. Həmçinin işsizlərlə bağlı problemlər öz həllini tapıb, əhalinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar atılıb. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanıb, dövlət sektorunda çalışanların böyük hissəsi işə çıxmasa da, onların əməkhaqqı ödənilib, bununla yanaşı özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyi göstərilib. Bütün bunlar bir daha dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını sübut edir.
Onu da qeyd edək ki, Azərbaycan beynəlxalq müstəvidə də pandemiya ilə mübarizəyə öz töhfələrini verib. Belə ki, ölkəmizin təşəbbüsü ilə Azərbaycanın sədrlik etdiyi iki beynəlxalq təşkilatın - Türk Şurasının və Qoşulmama Hərəkatının videoformatda zirvə görüşləri keçirilib. Keçən ilin aprel ayında keçirilən Türk Şurasının Zirvə görüşündə türkdilli ölkələrin koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlığına dair vacib məsələlər müzakirə olunub. May ayında Qoşulmama Hərəkatının Təmas qrupu formatında keçirilən zirvə sammiti isə miqyası baxımından daha önəmli idi. Sammitdə Qoşulmama Hərəkatının Sədri qismində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev pandemiya ilə mübarizəyə həsr olunmuş BMT Baş Assambleyasının dövlət və hökumət başçılarının Xüsusi sessiyasının keçirilməsini təklif etdi. BMT-nin 150-dən çox üzv dövləti bu təşəbbüsü dəstəklədi. Bu beynəlxalq ictimaiyyətin Azərbaycana olan hörmət və ehtiramının bariz göstəricisi idi. BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə qarşı çıxış edən yeganə dövlət isə Ermənistan oldu. Bütün dünyanın ehtiyacı olan bir tədbirə qarşı çıxmaqla növbəti dəfə Ermənistan beynəlxalq aləmdə rəzil oldu. 3-4 dekabr 2020-ci il tarixlərində isə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyası keçirildi. Tədbirdə 37 ölkə prezident, 40 ölkə isə baş nazir səviyyəsində təmsil olundu. Bütün dünya ölkələrini birləşdirən və “dünya parlamenti” hesab edilən BMT Baş Assambleyasında bu məsələnin müzakirəsi beynəlxalq ictimaiyyətin pandemiyaya qarşı tam səfərbər olmasına çox böyük töhfə verdi. Azərbaycan Prezidentinin sözügedən təşəbbüsünün əsas ideyası o idi ki, bəşəriyyətin COVID-19 pandemiyası ilə üz-üzə qaldığı bir zamanda ölkələr özünütəcrid və yalnız öz milli maraqlarına köklənmiş siyasətdən uzaq durmalıdır və bu gün dünyada multilateralizmə daha çox ehtiyac var. Bu uğurlu təşəbbüs Azərbaycanın “orta gücə” çevrilməsinin daha bir göstəricisidir.
Ümumiyyətlə, 2020-ci ildə pandemiya şəraitində bütün dünya ölkələri qapanmaya getməyə məcbur olub ki, bu da iqtisadi fəallığa və artıma olduqca mənfi təsir göstərib. Təbii ki, Azərbaycanda da insanların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə tətbiq olunmuş məhdudiyyətlər iqtisadi duruma mənfi təsir göstərib. Üstəlik, sentyabrın 27-də başlanmış və 44 gün davam edən Vətən müharibəsi ölkənin bütün potensialının vahid məqsəd üçün səfərbər olunmasına yönəldilmişdi. Bütün bunlarla yanaşı, pandemiya və müharibə şəraitində Azərbaycan iqtisadiyyatının bir çox sahələrində müşahidə olunan müsbət dinamika ölkə iqtisadiyyatının dayanıqlılığını, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə düzgün, məqsədyönlü iqtisadi siyasət həyata keçirildiyini aydın nümayiş etdirir.
Nardar BAYRAMLI
- Oxunub: 2310 |
- Tarix: 07-01-2021 |
-
Çap et |