“44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirdi. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” şüarı, qələbəyə səsləyən lider çağırışı kimi xalqımızın müqəddəs torpaqlarımız uğrunda savaşının ideya qayəsinə çevrildi. Xalqımızın, cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik, hər kəsin bir nəfər kimi ölkə Prezidentinin ətrafinda sıx birləşərək böyük qələbəni reallığa çevirməsi bütün dünyada qüdrətli Azərbaycanın özünütəsdiqi kimi qəbul edildi”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Pərvin Kərimzadə bildirib ki, müzəffər ordumuzun Zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, torpaqlarımızın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, illərdir düyününün açılması müşkülə çevrilən Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi hazırda dünya siyasətçilərinin, ictimaiyyətinin diqqətinin yönəldiyi məsələlərdəndir. Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi uğuru həm də regionda sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir.
“Məhz bunun üçün də ötən ilin dekabrın 18-də MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən sammitində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı dünya ictimaiyyəti, kütləvi informasiya vasitələrinin əməkdaşları tərəfindən diqqətlə izlənilib və qələbə nitqi kimi qiymətləndirilib. Rusiyanın aparıcı nəşrlərindən olan “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikov ali tədbirə həsr olunmuş məqaləsində yazır ki, Azərbaycan Prezidenti sammitdə ilk çıxışçı idi. Onun demək olar, bütövlükdə Azərbaycan xalqının düşmənlə mübarizəsinə və düşmən üzərində qəti qələbəsinə həsr olunmuş nitqinin məğzi belə idi: “Biz Ermənistanı məğlub etdiyimiz kimi, koronavirusa da qalib gələcəyik”. Bəli, qalib Azərbaycanı xalq-lider birliyinin 44 günlük savaş meydanında əldə etdiyi tarixi qələbənin ardınca daha böyük gələcək, daha firavan həyat gözləyir. Müharibəni zəfərlə, qələbə ilə başa vuran Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə həyatın bərpa olunması, kommunikasiyaların qurulması istiqamətində ciddi addımlar atır. İşğalçı, faşist ideologiyasından qaynaqlanan Ermənistanda isə siyasi qüvvələr hələ də məğlubiyyətin acısını meydanlarda müzakirə edir, səbəblərini araşdırır və bir-birini ittiham edirlər. Anlamaq belə istəmirlər ki, mövcud vəziyyətdən yeganə çıxış yolu işğalçılıq ambisiyalarına son qoymaq, haqq, ədalət qarşısındakı məğlubiyyətləri ilə barışmaqlarıdır”, - deyə deputat söyləyib.
- Oxunub: 2130 |
- Tarix: 07-01-2021 |
-
Çap et |