“2020-ci ildə dövlət tərəfindən siyasi dialoq mühitinin gücləndirilməsi və siyasi plüralizmin inkişafına xidmət edən səmərəli addımlar atıldı. Siyasi sahədə qazanılan yeni nailiyyətlərimiz sonrakı proseslərdə milli birliyin və həmrəyliyin əldə edilməsi üçün vahid platformanın formalaşmasına imkan yaratdı. Vətən müharibəsi zamanı nümayiş etdirilən ortaq mövqe bunu əyani olaraq göstərdi”. Bu fikirləri qəzetimizə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
A.Mollazadənin sözlərinə görə, Azərbaycanın milli və dövlət maraqları üzərində qurulan vahid platforma 44 günlük müharibədə ordumuzun qələbə əldə etməsini şərtləndirən əsas amillərdən biri oldu: “Beləliklə, 2020-ci il müstəqil Azərbaycanın tarixinə Zəfər ili kimi daxil oldu, Azərbaycan regionda yeni reallıqlar yaratdı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dünya azərbaycanlılarına müraciətində son bir ildə görülən işləri və əldə edilən uğurlarımızı sadaladı. Eyni zamanda, 2021-ci ilin ilk günlərində dövlət başçısı tərəfindən Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsini xalqımız böyük məmnunluqla qarşılayıb. Şuşanın, işğaldan azad olunan digər kənd və şəhərlərimizin illər sonra yenidən dirçəldiləcəyinə heç bir şübhə yoxdur. Belə ki, 2021-ci ildə dövlətimizin və xalqımızın qarşısında dayanan ən mühüm məsələ işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin aparılması və məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtmasıdır. Təbii ki, bu istiqamətdə görüləcək işlər üçün dövlət tərəfindən böyük layihələr və planlar hazırlanır. Əminəm ki, Azərbaycan xalqı torpaqların azad olunması zamanı göstərdiyi birliyi və qətiyyəti Qarabağın yenidən qurulmasında da nümayiş etdirəcək”.
Q.ZİYƏDDİNOĞLU
- Oxunub: 2580 |
- Tarix: 07-01-2021 |
-
Çap et |