“Özünü “radikal müxalifət” adlandıran, əslində isə xaricdən idarə olunanların böyük zəfərdən narahat olmalarının səbəbi anlaşılandır. Radikalların “xroniki böhtançılıq” rejiminə qayıtmalarının əsas səbəbi 44 günlük Vətən müharibəsindən fərqli nəticələr gözləmələri idi. Müharibə dövründə nümayiş etdirdikləri qısamüddətli sükut isə sadəcə, xalqın qəzəbinə tuş gəlməmələri, ayaqlar altında qalmamaları üçün manevr xarakteri daşıyırdı”.
Bunu açıqlamasında “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, yəqin ki, radikal müxalifət düşərgəsi Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini qəbul edə bilməyən ermənipərəstlərin qələbəmizə, ölkəmizə qarşı olan mövqelərindən “ruhlanıblar”, yaxud sifarişi eyni mərkəzdən alıblar. Prosesin paralel şəkildə aparıldığı isə göz qabağındadır. “Digər tərəfdən, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Qarabağ probleminin həlli radikalların uzun illərdir hakimiyyətə qarşı irəli sürdükləri ittihamları heçə endirib. Artıq onların danışdıqları yalanlar heç bir işə yaramır. Onların sosial şəbəkələrdə aparmağa çalışdıqları kampaniyalar özləri kimi cılızdır. Ən əsası isə Azərbaycan xalqının 30 ildən bəri gözlədiyi bir qələbəni şübhə altına almaq Ermənistanın revanşist qüvvələri ilə eyni cərgədə dayanmaq deməkdir. Radikal müxalifətin davranışı mənəvi deqrodasiyanın ən son həddidir. Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə müzəffər Ordumuzun qələbəsini kiçiltməyə çalışan, milli birliyimizə zərbə vurmağa cəhd göstərən hər kəs Azərbaycan xalqının düşmənidir. Bunun başqa adı yoxdur!”, - deyə E.Mirzəbəyli əlavə edib.
PƏRVİZ
- Oxunub: 2670 |
- Tarix: 06-01-2021 |
-
Çap et |